Baş Prokurorluğun idarə rəisi beynəlxalq tədbirdə iştirak edib

Baş Prokurorluğun idarə rəisi beynəlxalq tədbirdə iştirak edib
17:17 6 Mart 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 mart. REPORT.AZ/ Avropa Şurası və İnterpolun təşkilatçılığı ilə İnterpolun Sinqapur şəhərində yerləşən qərargahında kibercinayətkarlıq, cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya məsələlərində beynəlxalq hüquqi əməkdaşlığa həsr olunmuş konfrans keçirilib.
 Kibercinayətkarlığın ilbəil artması, müxtəlif ölkələrdə cinayətkar şəbəkələrin yeni və qeyri-standart sxemlər və elektron üsullar vasitəsilə qanunsuz mütəşəkkil fəaliyyəti hüquq mühafizə orqanları qarşısında yeni vəzifələr qoymaqla bu sahədə beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini şərtləndirir.
Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
İnterpolun Sinqapur Qlobal İnnovasiyalar Kompleksi (İGCİ) rəhbərinin müavini Silvino Şlikman çıxış edərək konfransın əhəmiyyəti, qarşıda duran vəzifələr, eləcə də İGCİ-nin fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verib.
ABŞ, Filippin, Belarus, Moldova, Gürcüstan, Mərakeş, Şri Lanka və sair ölkələrin prokurorluq, ədliyyə, polis orqanlarının, beynəlxalq təşkilatların rəhbər şəxslərinin, həmçinin “Facebook” və “Microsoft” şirkətlərinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanı Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov təmsil edib.
Konfransda E.Əlixanov çıxış edərək ölkəmizin mühüm beynəlxalq və regional konvensiyaları ratifikasiya edərək kibercinayətkarlıq və digər transmilli cinayətlərə qarşı mübarizəyə, o cümlədən ekstradisiya və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımın göstərilməsinə böyük önəm verdiyini bildirmiş, eləcə də beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirildiyini diqqətə çatdırıb.
Tədbir çərçivəsində iştirakçı ölkələrin nümayəndələri ilə görüşlər keçirilib, cinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlıq məsələləri ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/bas-prokurorlugun-idare-reisi-beynelxalq-tedbirde-istirak-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR