Zərdabda suvarma təminatının yaxşılaşdırılması layihəsinin icrasına başlanılıb

Zərdabda suvarma təminatının yaxşılaşdırılması layihəsinin icrasına başlanılıb
18:47 6 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 6 mart. REPORT.AZ/ Zərdab rayonu ərazisində 10 min ha ərazinin suvarma təminatının yaxşılaşdırılması layihəsinin icrasına başlanılıb.
“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən xəbərə görə, ASC tərəfindən icra olunan layihəyə uyğun olaraq həmin torpaqların suvarılması Kür çayı hesabına həyata keçiriləcək. 
Bu məqsədlə Kür çayı sahilində, rayonun Təzəkənd kəndi yaxınlığında məhsuldarlığı saniyədə 3 kubmetr olan sugötürücü qurğunun və nasos stansiyasının tikintisi layihələndirilib. Hazırda su qəbuledici qurğunun və nasos stansiyasının tikintisinə başlanılıb.
Əkin sahələrinə suyun nəqlini təmin etmək məqsədilə 1400 mm diametrli borularla 15 km uzunluğunda magistral kəmərin tikintisi də nəzərdə tutulur. İşlərin qısa müddətdə başa çatdırılması məqsədilə 4 nöqtədə magistral kəmərin tikintisi davam etdirilir. Nasos stansiyasını elektrik enerjisi ilə təmin etmək üçün Zərdab 35/10 kilovoltluq yarımstansiyasından stansiyaya qədər 6,5 km uzunluqda elektrik xəttinin çəkilişi işlərinə də başlanılıb.
Tikinti-quraşdırma işlərinin 2017-ci ilin aprel ayında başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, “Azərsu” Zərdab rayonu ilə yanaşı, Hacıqabul və Şamaxı rayonlarında, Padarçöl adlanan ərazidə də suvarma layihələri icra edəcək. Padarçöl ərazisində 10 min ha torpağın suvarılması Hacıqabul rayonunun Talış kəndi yaxınlığındakı Kür sutəmizləyici qurğusunun imkanlarından istifadə etməklə aparılacaq. Bu məqsədlə təmizləyici qurğudan Padarçöl ərazisinə 27 km uzunluğunda su xətti çəkiləcək.






Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/zerdabda-suvarma-teminatinin-yaxsilasdirilmasi-layihesinin-icrasina-baslanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR