Yeni plana qarşı PUTİNİN ORDUSU, 20 il boyunca QARABAĞ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Yeni plana qarşı PUTİNİN ORDUSU, 20 il boyunca QARABAĞ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
20:03 6 Mart 2017
186 Digər
Ölkə mətbuatı
A- A+

Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrov və Elmar Məmmədyarov arasında görüş keçirilib. Rusiyalı nazir Ermənistan və Azərbaycanın Qarabağ münaqişəsinin nizama salınmasında əsas aspektlərdən hələlik uzaqda olduğunu deyib. Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni plan irəli sürə bilər. ABŞ-ın “Vaşinqton Post” qəzeti Pentaqonun Suriya planının detallarını yazıb. İsrailin baş naziri Benyamin Netanyahu İranı “dünyada terrorizmin əsas generatoru” adlandırıb.

Rusiyalı nazir Sergey Lavrov görüşdən əvvəl Rusiya və Azərbaycan arasında strateji əməkdaşlığın inkişafında iki ölkə liderləri və hökumət üzvlərinin daimi görüşlərinin həlledici rol oynadığını bildirib. Azərbaycan xarici siyasət idarəsinin başçısı, öz növbəsində, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.

Nazirlər görüşdən sonra mətbuat konfransı keçiriblər. Sergey Lavrov bildirib ki, Rusiya bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərini davam etdirəcək.

O, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərinin müzakirə olunduğunu söyləyib: "Biz hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsi həllə yönümlüdür. Məzmunlu prosesə başlamaq üçün ilk növbədə Azərbaycanla Ermənistan arasında inamsızlığın səviyyəsini azaltmaq lazımdır”.

Lavrov bildirib ki, Rusiya müxtəlif formatlar çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin tərəfləri üçün müvafiq həll yolları tapılmasına yardım edəcək. Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədrlərinin - ABŞ və Fransanın da iştirakı ilə ərsəyə gələn prinsipial yanaşmalar üzrə mümkün bütün addımları atır.

Rusiya xarici işlər naziri qeyd edib ki, Ermənistan və Azərbaycan Qarabağ münaqişəsinin nizama salınmasında əsas aspektlərdən hələlik uzaqdırlar. Onun sözlərinə görə, işğal olunmuş rayonlar Azərbaycana qaytarılmalıdır.

“Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılmalıdır. Həmçinin, Qarabağın statusu təyin olunmalıdır, sözsüz ki, orada yaşayan insanların qayıdışı da nəzərə alınmalıdır. Hazırda son paket üçün əsas olan iki, üç mövzu müzakirə edilir. Dəqiq deyəcəm ki, biz bu məsələlərin razılaşmasından uzağıq”, - deyə o bildirib.

Elmar Məmmədyarov isə İrəvanın münaqişənin həlli üçün siyasi iradəsi olmadığını vurğulayıb. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində başlıca şərt işğal altındakı Azərbaycan ərazilərinin geri qaytarılması və qoşunların çıxarılmasıdır: “Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının mütləqdir. Ermənistan tərəfinin ritorikası sülhə doğru etdiyimiz hərəkətə uyğun gəlmir”.

Nazir Rusiyanın münaqişənin həlli istiqamətində ciddi səylər göstərdiyini də qeyd edib: “İndiki halda hər şey təkcə Azərbaycandan asılı deyil, həmsədr kimi Rusiyadan da çox şey asılıdır. Təbii ki, burada erməni tərəfi də masa üzərində olan təklifləri qəbul etmək baxımından mühüm rol oynamalıdır".

Elmar Məmmədyarovun sözlərinə görə, əsaslı danışıqlar qoşunların təmas xəttindəki gərginlik nəticəsində həlak olan hərbçilərin həyatını xilas edə bilər.

ATƏT-in Minsk qrupunun həmsədrləri bu həftə Azərbaycana səfər edəcəklər. Bunu Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov deyib. O, digər həmsədrlərlə bərabər bu həftə ərzində Azərbaycanda səfərdə olacaqlarını açıqlayıb.

Səfər çərçivəsində həmsədrlərin Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulur. İ.Popov Ermənistana səfərlərinin başqa vaxta planlaşdırıldığını deyib.

Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı geniş müzakirələr başlayıb. Xüsusilə seçki öncəsi vəziyyətdə siyasi partiyalar əhalinin istəyinə uyğun bəyanatlar verirlər.

Ermənistanın “lragir” saytı “Erməni Milli Konqresi”nin lideri Levon Ter-Petrosyanın ilk belə bəyanat verdiyini yazıb. Petrosyan ötən ilin dekabrında bəyan etmişdi ki, “Qarabağı qaytarmalı və sülh bağlamalıyıq”.

Daha sonra Petrosyan seçkilərə “Qarabağda sülh” şüarı ilə getdiklərini açıqladı.

Sayt yazır ki, Petrosyanın bu mövqeyi təsadüfi deyil və Ermənistan əhalisinin əksəriyyətinin mövqeyini nümayiş etdirir.

“Qarabağı Azərbaycana qaytarın, övladlarımızın ölməsini istəmirik” – Ermənilər ETİRAZA QALXIR

Erməni valideynlərinin əsas istəyi budur.

Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni plan irəli sürə bilər. Bu iddia ilə erməni jurnalist Naira Ayrumyan çıxış edib.

O, Ermənistan prezidenti Serj Sarkisyanın martın 8-9-da Parisə səfər edəcəyinə diqqət çəkərək, bildirib ki, Fransa münaqişənin həlli ilə bağlı yeni plan təklif edəcək. Lakin planın konkret nədən ibarət olduğu məlum deyil.

Azərbaycan Prezidenti İlham Əliyevin də martın ortalarında Fransaya rəsmi səfərinin nəzərdə tutulması Parisin münaqişə ilə bağlı hansısa təkliflərinin olması ehtimalını artırır. İstisna deyil ki, bu yeni plandan ABŞ-ın də xəbəri var. Görünür, prezident Fransua Olland münaqişə tərəfləri ilə məsələni ayrı-ayrılıqda müzakirə etmək niyyətindədirir.

Burada Rusiyanın mövqeyi maraqlıdır. Münaqişə üzərindən regiona ciddi təsir edən Moskva Qərbin həmləsinə hansı qarşılıq verə bilər?

Erməni politoloq Sergey Minasyanın açıqlamaları Rusiyanın ata biləcəyi addımlara müəyyən aydınlıq gətirir.

“Yeni Qarabağ planı”na qarşı Moskvadan GÖZLƏNİLMƏZ ADDIM - Putin regiona ORDU YERİDİR

Regiona ordu yeridilir

“Beynəlxalq ictimaiyyət 20 il boyunca Dağlıq Qarabağ və digər əraziləri Azərbaycan torpağı olaraq qəbul edir. Nə vaxt “status-kvo”dan danışılır, o zaman, ərazilərin hüquqi sahibinin Azərbaycan olduğu deyilir və qeyd olunur ki, bölgədə münaqişə davam edir. Azərbaycan daim vurğulayır ki, “biz ərazi bütövlüyümüzün bərpası üçün bütü arsenalımızı tətbiq etmək hüququna malikik”. Ermənistandan fərqli olaraq, Azərbaycanın hər sözü beynəlxalq hüquq tərəfindən tanınır. Lakin Ermənistanın Qarabağ üzərində hansı hüququ var? Bu məsələ haqda heç kim danışmır”.

Bu barədə Ermənistanda milli tədqiqatlar mərkəzinin direktoru, politoloq Manvel Sarkisyan deyib.
Sarkisyan Ermənistanın əsas probleminin bu, olduğunu bildirib.

Erməni politoloq XİN rəhbəri Edvard Nalbandyanın “bu ilin sonuna kimi Qarabağı (qondarma “DQR”- red.) bir ölkə tanıyacaq” açıqlamasının pafos olduğunu da bildirib. “Nalbandyan Qarabağın tanınması üçün hansısa strategiyanın olmasından danışarsa, deməli bu yalandır. Hər kəsdən öncə Ermənistanın özü bunu tanımalıdır. Tanımayacağıqsa, sabah daha pis olacaq və hər şeyi itirəcəyik”, - deyə o bildirib.

“Biz Türkmənistanla ikitərəfli danışıqlar formatını saxlamışıq, ara-sıra məsləhətləşmələr keçirilir”. Bunu Azərbaycanın xarici işlər nazirinin müavini, Xəzərin hüquqi statusuna dair işçi qrupunun üzvü Xələf Xələfov Xəzərdəki "Kəpəz" ("Sərdar") yatağı ilə bağlı Türkmənistanla Azərbaycan arasında mövcud fikir ayrılığı barədə suala cavabında deyib.

X. Xələfov bildirib ki, Xəzərin hüquq statusuna dair Azərbaycanla Türkmənistan arasında tam razılıq əldə olunmayıb.

Rusiya isə hesab edir ki, Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti görüşündə Xəzər dənizinin statusu ilə bağlı razılıq əldə olunacaq. Bunu jurnalistlərə açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov söyləyib.

“Xəzər problemi ilə bağlı geniş danışdıq. Rusiya hesab edir ki, Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin gələn görüşündə Xəzər dənizinin statusu ilə bağlı razılıq əldə olunacaq və dövlət başçılarının Qazaxıstandakı sammiti üçün sənəd hazırlanacaq”, – Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra deyib.

“Ukraynadan sonra Rusiyanın hədəfi Belarusdur”. Bu fikirlə Vilnüsdə hibrid təhdidlərinə həsr olunan konfransda çıxışı zamanı rusiyalı müxalifətçi Harri Kasparov çıxış edib.

“Moskva istənilən halda qalib kimi görünməlidir. Məncə, Belarus növbəti hədəf olacaq. Çünki onu əldə etmək çox asandır”, – deyə o bildirib.

Krımın Ukraynadan alınıb, Rusiyaya birləşdirilməsi qanunidir. Bunu “İzvestiya” qəzetinə müsahibəsində Bosniya və Hersoqovina tərkibində yer alan Serb Respublikasının Prezidenti Milorad Dodik söyləyib.

“Krım məsələsi həll olunub. Yarımada referendum əsasında Rusiyaya birləşdirilib. Qərb ikiüzlü siyasət tətbiq edir. Onlar Krım əhalisinin fikrinə hörmət etmirlər, amma Kosova siyasi elitasının iradəsini müzakirəsiz qəbul edirlər. Serblər Rusiyanı ən ağır vaxtlarda müraciət edilməli olan etibarlı dost sayırlar”, - deyə o bildirib.

Fransanın ultrasağçı “Milli Cəbhə” Partiyasının lideri, prezidentliyə namizəd Marine Le Pen isə hesab edir ki, Rusiya və onun prezidenti Vladimir Putin Avropa üçün təhdid deyil. Siyasətçi CBS kanalına müsahibəsində bildirib ki, Rusiyaya qarşı “soyuq müharibə”nin aparılması və Rusiyanın Çinin əllərinə itələnməsi Avropa üçün böyük təhlükədir.

Fransa prezidenti Fransua Olland söyləyib ki, Marine Le Penə qarşı mübarizə aparacaq. “Sağ radikallar son 30 ildə bu qədər çox dəstək qazanmayıblar. Fransa onlar qarşısında geri çəkilməyəcək. Le Penin qələbə qazanmaq şansı var”, – deyə o bildirib.

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirən polis işçisi Mövlud Mərd Altıntaşla əlaqəsi olduğu müəyyən edilən rus qadın Yekaterina. B. həbs olunub. Altıntaş sui-qəsddən qısa müddət əvvəl rus qadınla telefonda danışıb.

Səfirin qətli ilə bağlı aparılan istintaqda maraqlı məlumatlar ortaya çıxıb. Ankara Respublika Baş prokurorluğu tərəfindən qatillə əlaqəsi müəyyən edilərək tutulan Yekaterina.B.-nin Rusiyadan gətirilən qadınları iş adamlarına satdığı müəyyənləşdirilib.

Rus qızlarını Ankarada iş adamlarına satırdı - Rusiya səfirinin qətlində ŞOK DETALLAR

Altıntaş sui-qəsddən qısa müddət əvvəl rus qadınla telefonda danışıb.

Türkiyə və Almaniya arasında diplomatik qalmaqal davam edir. Almaniya kansleri Angela Merkelin sözçüsü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyanın idarəetmə sistemini faşizm dövrü ilə müqayisə etməsini rədd etdiyini bildirib. O, həmçinin tərəflərin lazımsız tənqidlərdən qaçmalı olduqlarını diqqətə çatdırıb.

Xatırladaq ki, Türkiyənin ədliyyə naziri Bekir Bozdağ və iqtisadiyyat naziri Nihat Zeybekçinin Almaniyada keçirməyə planlaşdırdıqları toplantılar ləğv edilib. Bundan sonra iki dövlət arasında ittihamlar bir-birini əvəz edir.

ABŞ prezidenti Donald Trampın ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) Rakka planının hazırlanması üçün verdiyi vaxt başa çatıb. ABŞ-ın “Vaşinqton Post” qəzeti planın hazır olduğunu bildirib.

Türkiyənin düşməni ilə davam: ABŞ-ın planının DETALLARI

Trampın ABŞ Müdafiə Nazirliyinə Rakka planının hazırlanması üçün verdiyi vaxt başa çatıb.

İsrail mütəxəssisləri ölkənin təhlükəsizlik sahəsində qarşılaşdığı problemlərin 80 faizinin İrandan qaynaqlandığını hesab edirlər. Bu haqda İsrail Xarici İşlər Nazirliyində çıxış edən ölkənin baş naziri Benyamin Netanyahu bildirib.

Baş nazir İranı “dünyada terrorizmin əsas generatoru” adlandırıb. Netanyahu İranı nüvə silahı hazırlamaq cəhdində, raket sistemləri hazırlaşmaqda və Yaxın Şərq regionunda gərginlik yaratmaqda ittiham edib.

“Tehran İsraili məhv etməklə hədələməyə davam edir”, - deyə baş nazir bildirib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/190382.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR