Yaponiyanın əfsanəvi Enoşima adasında Ume matsuri - FOTO

Yaponiyanın əfsanəvi Enoşima adasında Ume matsuri - FOTO
22:57 6 Mart 2017
Ölkə mətbuatı
A- A+

Yaponiya təqvimi həm də bir çox ağacların və güllərin çiçək açması ardıcıllığı ilə sıralanır. Yəni, hər bir ay həmin vaxt çiçək açan ağacın və ya gülün ayı hesab olunur. Bu təqvimdə birinci yeri gavalı ağacının çiçəkləməsinə həsr olunan Ume matsuri tutur. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, vaxtilə Yaponiyada öz çiçəklərinin gözəlliyi və ətri ilə sakuranı (gilənarı) üstələyən ume (gavalı) çiçəkləri festivalı elit dairələrdə daha yüksək səviyyədə qeyd olunub.

Tarixi mənbələrin bildirdiyinə görə, gavalı ağacları Yaponiyaya təqribən 1000 il əvvəl məşhur yapon dövlət xadimi və şair Suqovara-no Miçizane tərəfindən Çindən gətirilib. Bununla yanaşı, ieroqlifin, bir sıra sənətlərin və çayın da bu şəxs tərəfindən Yaponiyaya gətirildiyi deyilir. Bu mənada Ume matsuri yalnız baharın qarşılanması festivalı deyil, həm də bu böyük şəxsiyyətin anım bayramıdır.

Festival zamanı yaponlar gavalı ağaclarının daha çox əkildiyi ərazilərə səfər edərək burada həmin çiçəklərdən zövq almağı çox sevirlər. Yaponiyada belə ərazilərdən biri də Kanaqava prefekturasında yerləşən Enoşima adasıdır. Bu balaca ada sahildən cəmi bir kilometr məsafədə yerləşir və onun ən hündür nöqtəsi 61 metrə çatır.

Həmin ada bir çox maraqlı yerləri ilə diqqəti cəlb edir. Burada həm tarix, həm mədəniyyət, həm də əyləncə üzvi şəkildə birləşib. Adadakı yüksəklikdə adı ölkənin tarixinə düşən bir neçə məbəd də var. Ryukoci buddist məbədi çox geniş yayılmış Nitiren sektasının adı ilə bağlıdır. Rəvayətə görə, 1271-ci ildə bu məşhur monaxı burada edam etmək istəyərkən açıq havada çaxan ildırım cəlladın əlindəki qılıncı vurub yerə salıb.

Həmin əsrdə Ryukoci məbədinin qarşısında daha bir edam yerinə yetirilib. Bu dəfə imperatorun qəzəbinə monqol xanı Hubilayın Yaponiyadan tabe olmağı tələb edən elçiləri tuş gəliblər. Lakin həmin vaxt heç bir möcüzə baş verməyib və Hubilay xanın elçilərinin qəbirlərini indi də Enoşimada görmək olar.

Adanın cənub-qərbində Benten mağarası yerləşir. Rəvayətə görə, burada adanın gözətçisi olan beşbaşlı əjdaha yaşayırmış.

Mağaranın qollarından birində buddist ilahəsi, suyun sahibi və musiqinin hamisi Bentenin (Benzayten) görüntüsü də var. Bu ilahənin çılpaq fiquru Enoşima zinza şintoist məbədində də saxlanılır. Benten, ümumiyyətlə, yaponların ən çox sevdiyi və hörmətlə yanaşdığı ilahədir. Bu ilahə qadınların və ailə ocağının hamisi hesab edilir. Bununla yanaşı, Bentenin bəlağətli nitqin, musiqinin və teatr sənətinin ilahəsi olduğu da bildirilir.

Enoşima adasındakı məbəd Benten ilahəsinin Yaponiyadakı üç ən əsas məbədindən biridir.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/523722.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR