İndiyədək Cənub Qaz Dəhlizi layihələrinə Azərbaycan Neft Fondundan 1,2 mlrd. dollar yönəldilib

İndiyədək Cənub Qaz Dəhlizi layihələrinə Azərbaycan Neft Fondundan 1,2 mlrd. dollar yönəldilib
11:37 7 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 7 mart. REPORT.AZ/ “Cənub Qaz Dəhlizi” QSC-nin birbaşa dövlət mülkiyyətində olan hissəsinin maliyyələşdirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2016-cı ildə 797,4 mln. manat və yaxud 495,2 mln. ABŞ dolları məbləğində vəsait İqtisadiyyat Nazirliyinin hesabına köçürülüb.
“Report” xəbər verir ki,  bu, Azərbaycan Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Qeyd olunub ki, bu maddə üzrə icra büdcədə nəzərdə tutulana (2 355,3 mln. manat) nisbətən 33,9% təşkil edib: “Layihə üzrə Fondun büdcəsində nəzərdə tutulan vəsaitin tam icra olunmaması 2016-cı ilin mart ayında “Cənub Qaz Dəhlizi” QSC tərəfindən beynəlxalq maliyyə bazarlarında dövlət zəmanəti əsasında xarici valyutada denominasiya edilən beynəlxalq istiqrazların (avrobond) yerləşdirilməsindən diskont dəyərində 991,1 mln. dollar məbləğinin cəlb edilməsi, “Şahdəniz” layihəsində 10% payın alınması üzrə qiymətin 2-ci tranşının ödənilməsinin 2017-ci ilə təxirə salınması, TANAP və TAP layihələri üzrə bəzi xərclərin növbəti illərə keçirilməsi ilə izah olunur”.
Hesabata əsasən, 2014-2016-cı illər ərzində Cənub Qaz Dəhlizi layihələrində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə ARDNF-in büdcəsi çərçivəsində ümumilikdə 1 232,1 mln. dollar və yaxud 1 530,3 mln. manat vəsait yönəldilib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 25 fevral 2014-cü il sərəncamı ilə "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin idarə edilməsini təmin etmək məqsədilə SOCAR tərəfindən nizamnamə kapitalı 100 mln. dollar məbləğində olan və səhmlərinin 51%-i dövlət mülkiyyətində, 49%-i SOCAR-a məxsus olan "Cənub Qaz Dəhlizi" QSC təsis edilib. Sərəncamın 2.1-ci bəndi ilə Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi ARDNF-ə, dövlət mülkiyyətində olan səhmlərin sahibliyi və idarə edilməsi İqtisadiyyat Nazirliyinə tapşırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/i-ndiyedek-cenub-qaz-dehlizi-layihelerine-azerbaycan-neft-fondundan-1-2-mlrd-dollar-yoneldilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR