2 aprel: yenə qan su yerinə axacaq?!

2 aprel: yenə qan su yerinə axacaq?!
13:42 7 Mart 2017
155 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistandan alınan xəbərlərə görə, aprelin 2-də keçiriləcək parlament seçkisi ərəfəsində namizədlər arasında qan tökülməsilə nəticələnən toqquşmalar baş verir. Vəziyyət o qədər gərgindir ki, keçmiş prezident Robert Köçəryan hakimiyyətə qarşı açıq bəyanatla çıxış edib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, o, qarşıdan gələn parlament seçkilərinin "reytinq siyahıları" prinsipi ilə keçirilməsi qərarını kəskin tənqid edib. Bu haqda "Azadlıq" radiosunun erməni xidməti yazır.

Əslən qarabağlı keçmiş prezidentin fikrincə, Ermənistanda yenicə qəbul olunmuş seçki qaydaları seçkini "nadanlıq atmosferində pul kisələrinin müharibəsinə" çevirəcək. Köçəryanın qənaətinə görə, bir çox seçicilərin ağır sosial vəziyyəti nəzərə alınarsa, onlar puldan imtinaya özlərində qüvvə tapmayacaq və "bu səs hərracında" iştirak edəcəklər.

Robert Köçəryan deyib ki, 2015-ci ildə Konstitusiyaya edilmiş dəyişikliklər Ermənistanın gələcəyinə uzunmüddətli mənfi sonuclar yaradacaq. Keçmiş prezidentin fikrincə, yeni səsvermə qaydaları majoritar sistemin proporsional sistem üzərində üstünlüyü ilə nəticələnəcək, bununla da partiyalararası rəqabət şəxsiyyətlərarası rəqabətə çevriləcək. Köçəryan deyib ki, bu cür seçkidə ideoloji mübarizə mənasını tamamilə itirəcək.

Lakin hakim Respublika partiyasının mətbuat katibi və Milli Məclisin sədr müavini Eduard Şarmazanov deyib ki, keçmiş prezidentin mövqeyi respublikaçıların mövqeyinə qətiyyən təsir göstərməyəcək. O bildirib ki, yeni seçki məcəlləsi iqtidar və müxalifətin müzakirələrinin məhsulu kimi ortaya çıxıb və demokratik seçkilərin keçirilməsinə əlverişli şərait yaradır.

Hərçənd  bu sistemi həm Ermənistan hakimiyyətinə yaxın dairələrdən, həm də müxalifətdən tənqid edənlər az deyil. Bir sıra təhlilçilərin fikrincə, hazırkı prezident 2018-ci ildən sonra da hakimiyyətdə baş nazir kimi qalmaqdan ötrü "idarəedilən xaos" yaratmaq istəyir, lakin ən təhlükəlisi bu xaosun idarə altından çıxmaq ehtimalıdır. 7or.am saytının yazdığına görə, Serj Sarkisyan yeni seçki qaydalarına getməklə"Ermənistanın ideoloji bütövlüyünü" təhlükə altına salıb. Məqalədə deyilir ki, yeni sistemin həm majoritar, həm də proposional sistemlərdən ibarət olduğu deyilsə də, əslində, söhbət tam şəkildə majoritar sistemə keçilməsindən gedir. Əgər əvvəllər Ermənistanda 41 majoritar mandat vardısa, indi onun yerini 164 "reytinqli" namizəd tutacaq. Tənqidçilərin fikrincə, Sərkisyan öz partiyasının mövqelərini proporsional səsvermə ilə yanaşı,reytinq səsverməsi ilə də möhkəmlətməyə çalışır. Lakin opponentlər bunu da qeyd edirlər ki, yeni sistem onun rejissorunu, yəni bu halda Sərkisyanı  məğlub vəziyyətinə sala bilər.

Müstəqil ekspertlərin fikrincə, Ermənistanda yeni seçki sisteminə keçilməsi hakimiyyətin öz daxilindəki dərin ixtilaflardan xəbər verir. Ermənistan mediası yazır ki, müxtəlif sistemlərdən verilmiş namizədlərin arasında, hətta bəzən eyni partiyadan olmalarına baxmayaraq, sözün əsl mənasında əlbəyaxa mübarizə başlanıb. Martın 4-də hakim partiyanın Artaşat şəhərindəki qərargahında baş vermiş dava-dalaşda odlu silaha əl atılıb.

Regnum agentliyinin məlumatına görə, ölkənin başqa regionlarında da "seçki toqquşmaları" baş verib. Fevral ayının sonlarında Masis şəhərində hakim partiyanın ərazi siyahısı üzrə iki namizədi - Araik Qriqoryan və Murad Muradyan arasında dava olub.

Bundan bir neçə gün sonra Daşnaksutyun partiyasının üzvü Geqam Manukyan iddia edib ki, hakim partiyanın namizədi Bazmaser Arakelyan Parpi kəndindəki evində bir neçə tərəfdarının iştirakı ilə həmkəndlisini qəddarcasına döydürüb. Səbəb həmin adamın daşnaklara səs vermək niyyəti olub. Daha bir xəbərə görə, martın 1-də Ararat vilayətinin Sayat Nova kəndində Firavan Ermənistan Partiyasının fəalı Abram Adamyan bıçaqlanıb. Hadisənin hakim partiyanın üzvü tərəfindən törədildiyi iddia edilir.

Yeni sistemə görə, partiya və bloklar ümumi namizədlərinin (proporsional) siyahısından başqa, hər seçki dairəsi üzrə (seçicilərin sayından asılıolaraq) azı 5 namizədinin siyahısını da təqdim edir. Yeni seçki məcəlləsinə əsasən, ölkə 14 seçki dairəsinə bölünüb - yəni, hər partiya 1 ümumi siyahıdan başqa, 14 siyahı da tərtib etməlidir. Partiyanın ümumi siyahısına salınan namizəd seçki dairəsi üzrə siyahıya da daxil edilə bilər.

Qeyd edək ki, bu seçkilərdə hakim partiyaya qarşı bir neçə müxalif blok iştirak edir. Onların arasında "üç O..."nun (Ovanisyan, Ohanyan, Oskanyan) bloku özünü hakimiyyətə qarşı əsas rəqib hesab edir. Lakin "Gallup" mərkəzinin keçirdiyi son rəy sorğusuna görə seçicilərin 23 faizə yaxını oliqarx Qaqik Tsarukyanın "Tsarukyan" blokuna (həmin bloka Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası və bir-iki xırda partiya daxildir) səs verməyə hazırdır. İkinci yerdə isə hakim partiya gəlir. 

Keçmiş president Levon Ter-Petrosyanın "Ermənistan Milli Konqresi" patiyası da Xalq partiyası ilə birlikdə blok şəklində seçkilərə qatılıb. Bu blok seçkilərə Qarabağda sülh şüarı ilə gedir. Qalan patiyaların və blokların hamısı Qarabağ məsələsində davakar mövqe nümayiş etdirirlər. Bunların arasında keçmiş müdafiə naziri Seyran Ohanyanın mövqeyi maraqlıdır: o, bir tərəfdən Qarabağda sülhə və kompromislərə tərəfdar olduğunu deyir, o biri tərəfdən hesab edir ki, bu ancaq "dqr"in tanınması şərti ilə mümkün ola bilərdi.

Analitiklərin qənaətinə görə rəqabətin xeyli güclü olduğu, oliqarxların pul kisələrinin ağzını səxavətlə açdığı bu seçkilərdə hakimiyyət saxtalaşdırmaya əl atmadan qalib ola bilməz. Lakin seçkilərin nəticələrinə müdaxilə güclü etirazlar və qan tökülməsi ilə müşaiyət oluna bilər ki, bu da seçkilərin ötən ilki aprel döyüşlərinin başladığı tarixə təyin edildiyi bir vaxtda simvolik görünür...

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/523958.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR