Robert Mobilin: “İllərdir udiləri də erməni kimi tanıyırdılar”

Robert Mobilin: “İllərdir udiləri də erməni kimi tanıyırdılar”
13:48 7 Mart 2017
75 Digər
Ölkə mətbuatı
A- A+

“Ermənilər Dağlıq Qarabağ ərazisində olan alban kilsələrinin əksəriyyətini bərpa edirlər. Azərbaycan alban mədəni irsinə sahib çıxmalıdır. Qafqaz Albaniyasının mədəniyyəti, tarixi bizim mədəniyyətimiz, bizim tariximizdir. Ona görə də bu işlər mənfur qonşularımızın deyil, bizim işimizdir”.

Publika.az
xəbər verir ki, bu barədə Alban-Udi Xristian dini icmasının sədri, Bakı Dövlət Universitetinin (BDU) baş elmi işçisi Robert Mobilin “Report”a müsahibəsində deyib.


“Özlərini erməni kimi qələmə verən udilər var”

Onun sözlərinə görə, hazırda böhran vəziyyətində yaşayan Ermənistan Qarabağda olan kilsələri bərpa etmək üçün çox böyük vəsait sərf edir: “Bunu ürəyi yandığından bərpa etmir. Sabah həmin torpaqlar işğaldan azad edilə bilər, ermənilər də guya “tarixi” torpaqları olduğuna iddia etmələri üçün belə edirlər. Azərbaycandakı alban məbədlərindən heç olmasa bir hissəsini bərpa etməliyik. Gədəbəy, Daşkənd, Qazax, Tovuz, Şəki-Zaqtala, İsmayıllı, demək olar bütün rayonlarda alban kilsələri var. Heç olmasa onlardan bir qismi bərpa olunmalıdır. Təbii ki, dövlət tərəfindən bərpa edildikdən sonra icmalar da kilsələrin qorunmasına hazır olmalıdır. Çünki bu məsələ də bizdə problemdir. Dövlətin hər kilsə üçün 5 ştat vahidi saxlamağa pulu yoxdur. Burada din faktoru var. Həmin kilsələr ermənilərin deyil, albanların, yəni bizimdir. İllərdir udiləri də erməni kimi tanıyırdılar. Çünki bu cür siyasət həm Ermənistana, həm də Rusiyaya sərf edirdi. Biz bir tərəfdən özümüz bu mədəniyyəti ermənilərə vermişik, digər tərəfdən də bu işi bizim əlimizlə görüblər. Mən Türkiyədə olmuşam, bu ölkənin dini rəhbərləri ilə görüşmüşəm. Suriya kilsəsinin, Konstantinopol kilsəsinin patriarxları ilə görüşmüşəm. Türkiyədə heç yerdə Konstantinopol sözünü işlətmirlər. Amma patriarx var. Kilsəni bərpa ediblər və turistlərdən pul alırlar. Türkiyədəki xristian mədəni irsinə Ermənistan, Yunanıstan, Suriya kimi ölkələr heç bir söz deyə bilmir. Türkiyə bunun bir tarix olduğunu deyir. Biz də müsəlman ölkəsi olsaq da, bu mədəni irs bizimdir. Təəssüf ki, bu hal bizdə yoxdur. Azərbaycanda alban kilsəsinin statusu olmayana kimi bu problem qalacaq. Biri var Dağlıq Qarabağı dövlət səviyyəsində müdafiə etsinlər, biri də var tarix və din tərəfdən. Ermənilərin əsas faktoru dindir.
Hətta erməniləri çox sıxanda “Albaniya böyük Ermənistanın içində olub” deyirlər. Amma nə qədər qaçsalar da, tarixi həqiqət var. Alban Apostol kilsəsi var və bunu qəbul edən qüvvələr var”.

“Papadan xahiş etdim ki...”

R.Mobilin qeyd edib ki, Alban kilsəsinin rəhbəri olmalıdır.

Biz bilmirik ki, ermənilər Qarabağda nə hazırlayırlar. Alban kilsəsinin rəhbəri olsa, daha da güclü olacaq. Alban mədəni irsini bir tərəfdən dövlət, alimlər müdafiə etməlidirlər. Digər tərəfdən dini rəhbərlər olmalıdır. Tarixçilər üçün danışmağa əsas olmalıdır. Azərbaycan sekulyar ölkədir. Bu mədəni irs Azərbaycanındır. Bunu müdafiə etmək üçün həmin strukturu bərpa etməliyik. Bunun modelləri də var. Mən bu modelləri islam ölkələrində görmüşəm. Məsələn, Misirdə, Türkiyədə, Albaniyada (Balkan), hətta İsrailin özündə. Amma Azərbaycan çərçivəsində bu prosesi həll etmək də bir az çətindir. Amma din faktorundan istifadə etməklə qarışıqlıq yaradıla biləcəyi üçün hazır olmalıyıq. Ötən il sentyabrın əvvəllində mənim Roma Papası ilə “Heydər” məscidində qısa bir görüşüm oldu. Mən Papaya udilər və alban kilsələri haqqında məlumat verdim. Ən başlıcası isə Alban-udi Xristian icması əsasında Azərbaycanda olan alban kilsələrinin statusunun bərpa olunmasına dəstək göstərməsini xahiş etdim. Eyni zamanda ona alban kilsələrinin erməni kilsələri ilə heç bir əlaqəsinin olmadığını bildirdim”, - deyə o bildirib.

Qriboyedovun ölümü və Azərbaycana qarşı erməni kartı

R.Mobilin vurğulayıb ki, Qafqaz Albaniyası eramızdan əvvəl IV əsrdən eramızın VII əsrinə qədər mövcud olmuş minillik tarixi olan ölkə olub:
“Bu gün də həmin ölkənin varisi Azərbaycandır. Qafqaz Albaniyası böyük bir dövlət olub. Hələ bir hissəsi Dərbənddə, bir hissəsi Ermənistan ərazisində qalıb. Qafqaz Albaniyasında I əsrdən xristian icmaları yarandı və IV əsrdə, yəni 313-cü ildə xristianlıq dövlət dini oldu. Alban mədəni irsi Azərbaycanda həddən artıq zəngindir. Azərbaycanın demək olar bütün bölgələrində bu mədəni irsin qalıqları var. Şəkidə olan Kiş məbədi Qafqaz Albaniyasının, hətta Qafqazın ən qədim kilsələrindən biridir. Qafqazda kilsələrin anası hesab olunan Kiş Apostol kilsəsidir. Bu zəngin mədəni irs Azərbaycanın tarixi mədəni irsidir. Bu mədəni irsə “qonşularımız” (həm şimaldakı, həm də qərbdəki qonşularımız) sahib olmaq istəyirlər. Çünki bu mədəni irsə yiyələnmək torpağın sahibi olmaqdır. Çar Rusiyası Qafqazı işğal edəndə iki böyük imperiyanın marağı olub. Qarşıdurmaların sonunda Azərbaycanı iki hissəyə ayırdılar. Azərbaycanda xristian mədəni irsinə sahib olan udilər, o cümlədən alban tayfaları birbaşa erməni kilsəsinə verildi. Çünki Çar Rusiyası Azərbaycan ərazisində xristian ölkəsi yarada bilməzdi. Alban tayfalarından 5-6 kənd qalmışdı və həmin mədəni irsə sahib olmaq üçün onlara böyük bir qüvvə lazım idi. Nəticədə erməniləri Dağlıq Qarabağa köçürməklə Azərbaycanın tarixi torpaqlarında yerləşdirdilər. Məqsəd Qafqaz Albaniyasının xristian mədəni fundamenti üzərində erməni icmasının gücləndirilməsi idi. Azərbaycanı parçaladıqdan sonra İranda Rusiya səfiri Aleksandr Qriboyedovu öldürməklə antierməni siyasət formalaşdırdılar və bundan sonra erməniləri Azərbaycana köçürdülər. Ermənilər daha çox əsasən alban məbəd-kilsələrinin yerləşdiyi ərazilərə köçürüldülər. Alban kilsəsi apostol kilsəsi olduğundan tarixlə yaxınlığı var. Ermənilər ədəbiyyatı, dəftərxananı, dini ocaqları öz kilsələrinə uyğun dəyişdirməyə başladılar. Onlar özlərinə sərf edənləri tərcümə edib dəyişdirdilər, lazım olmayanların hamısını da məhv etdilər. Bu işləri də Çar Rusiyasının köməyi ilə həyata keçirdilər. Nəticədə Azərbaycanın tarixi torpaqlarında ermənilərin sayı artdı. Sonra Türkiyədən də erməniləri köçürdülər. Nəticədə Dağlıq Qarabağda o mədəni irsin sahibi ermənilər oldu. Çar Rusiyasının əsas istəyi Azərbaycan ərazisində islam və xristian dinlərinə mənsub olmaqla iki qütb yaratmaq idi. Bir tərəfdən ermənilərin mədəni irsə sahib olmalarına şərait yaratdılar, digər tərəfdən də islamın alban-xristian mədəni irsini erməni mədəni irsi kimi qəbul etməsi üçün şeyxülislamlıq formalaşdırdılar. Nəticədə alban sözünü, ümumiyyətlə, terminologiyadan çıxardılar. Oğuzda yaşayan uduləri pravoslav kilsəsinə qəbul etdilər və onlar üçün gözəl şərait yaratdılar. Udilərdən məşhur general, hərbçilər, yazıçılar çıxırdı. Nic udiləri isə birbaşa ermənilərin tabeçiliyinə verilmişdi”.

“Qarabağ ermənilərinin bir hissəsi vaxtilə dönmüş alban tayfalarıdır”

Onun fikrincə, Qarabağ ermənilərinin bir hissəsi vaxtilə dönmüş alban tayfalarıdır.

“Onun içində bu gün də özlərini erməni kimi qələmə verən udilər də var. Alban tayfalarının böyük bir hissəsi islamı qəbul etdilər, bir hissəsi isə özlərini qorumaq məqsədilə Gürcüstana qaçdılar və gürcüləşdilər. Qvareli rayonunda bir kəndimiz tamamilə gürcüləşib. Sosialist inqilabından sonra kilsələr diqqətdən kənarda qaldı. Biz erməni kilsəsinə gedib ibadət etmədiyimizə görə, özümüzü qoruya bildik. Ermənilərin bizim onların kilsələrinə ibadətə getməməyimizlə bağlı Eçməidzinə çoxlu şikayət məktubları var”, - deyə o diqqətə çatdırıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/190477.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR