Bu ilin əvvəlinə təsərrüfatlarda 20014 arı ailəsi mövcud olub

Bu ilin əvvəlinə təsərrüfatlarda 20014 arı ailəsi mövcud olub
19:57 7 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 7 mart. REPORT.AZ/ “Arıçılıq haqqında” Azərbaycan Qanununa uyğun olaraq, 2016-cı il üzrə arıçılıq məhsullarının istehsalına dair məlumatları əldə etmək məqsədilə bu ilin yanvar ayında Dövlət Statistika Komitəsi tərəfindən seçmə statistika müayinəsi keçirilib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, müayinəyə arı ailələri olan 25 kənd təsərrüfatı müəssisəsi, reprezentativlik təmin olunmaqla seçmə qaydada 456 fərdi sahibkar, ailə kəndli, ev təsərrüfatları cəlb olunub.
Müayinənin yekunlarına əsasən 2017-ci ilin əvvəlinə həmin təsərrüfatlarda 20014 arı ailəsi, o cümlədən kənd təsərrüfatı müəssisələrində 952 arı ailəsi və fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarında 19062 arı ailəsi mövcud olub. Ötən il ərzində 4367 arı ailəsi beçə verib, 1543 arı ailəsi isə xəstəlikdən məhv olub.
Rəsmi statistikaya görə, təsərrüfatların 97,3%-i balı satmaq üçün, 2,7%-i isə öz istifadəsi üçün istehsal edib. Arı ailələrindən həm də kənd təsərrüfatı bitkilərinin tozlanması məqsədilə istifadə olunan və bu məqsədlə əkini olan təsərrüfatlar 191 arıçılıq təsərrüfatının xidmətindən istifadə ediblər.
Müayinə ilə əhatə olunan təsərrüfatlar üzrə orta hesabla bir arı ailəsindən 10,4 kq bal süzməklə il ərzində 207,8 ton bal istehsal edilib. İlin əvvəlinə olan 16,7 ton qalıq da nəzərə alınmaqla 193,5 ton bal satılıb, 8,2 ton bal isə təsərrüfatların şəxsi istehlakı üçün istifadə edilib. İstehsalçılarda cari ilin əvvəlinə 22,8 ton bal ehtiyatı mövcud olub.
Baldan başqa, arıçılıq məhsullarına mum, vərəmum, güləm və arı südü də daxildir. 2016-cı ildə 5915 kq mum, 433 kq vərəmum, 442 kq güləm və 13,0 kq arı südü istehsal edilib. Mumun 1 kiloqramının orta satış qiyməti 11,9 manat, vərəmumun orta satış qiyməti 134,8 manat, güləmin orta satış qiyməti 48,4 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 6,3 manat olub.
Seçmə müayinə məlumatları əsasında 2016-cı ildə arıçılıq məhsullarının statistik qiymətləndirilmiş istehsal həcmi ölkə üzrə 2700,2 ton bal, 76,2 ton mum, 5,6 ton vərəmum, 5,7 ton güləm və 169,0 kq arı südü təşkil edib.
Ümumiyyətlə, qanun qəbul edildiyi dövrdən sonrakı 8 ildə arı ailələrinin sayı 82,5% artaraq cari ilin əvvəlinə 260,1 minə çatıb. Göstərilən dövr ərzində arıçılıqla məşğul olan təsərrüfatlarda bir təsərrüfata düşən arı ailələrinin sayı 11,1-dən 12,6-dək yüksəlib, bal istehsalı 91,4%, yaxud 1289,2 ton artıb.
Müayinə zamanı arıçılıq təsərrüfatları bu sahənin daha da inkişaf etdirilməsi üçün dövlət tərəfindən güzəştli kreditlərin ayrılması, arıçılıq üzrə damazlıq təsərrüfatlarının yaradılması, bal satışı yarmarkalarının mütəmadi keçirilməsi, qablaşdırılan və satışa çıxarılan arıçılıq məhsullarının keyfiyyətinin yoxlanılması kimi təkliflər irəli sürüblər.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/bu-ilin-evveline-teserrufatlarda-20014-ari-ailesi-movcud-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR