İlin ilk sınağı

İlin ilk sınağı
09:47 8 Mart 2017
74 İdman
Ölkə mətbuatı
A- A+

Sabah Azərbaycan milli komandası növbəti oyununu keçirəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yığmamız Qətər millisi ilə görüşəcək.

Bu matç Robert Prosineçkinin yetirmələrinin 2017-ci ildə ilk sınağı olacaq. Millimiz üçün Asiya təmsilçisi ilə yoldaşlıq oyunu Almaniya ilə qarşılaşma öncəsi son məşq də hesab edilir.
 
Çünki bu sınaq DÇ-2018-in seçmə mərhələsinin martın 26-da baş tutacaq Almaniya ilə görüşündən öncəyə təsadüf edəcək. Son dünya çempionu olan Bundestimlə matçadək hazırlığı yüksək səviyyəyə çatdırmaq üçün Asiya sınağı önəmlidi.
 
Lakin Prosineçki almaniyalılar önünə çıxaracağı heyəti iş başında görmək imkanından məhrumdu. Çünki Dohada Azərbaycan millisindən daha çox, Premyer Liqa yığmasını görə biləcəyik. Yəni xorvatiyalı mütəxəssis ölkə xaricində çıxış edən oyunçularımızın xidmətindən yararlana bilməyəcək.
 
Ötən il noyabrın 11-də keçirilən Şimali İrlandiya ilə səfər matçına nəzər salsaq, həmin görüşün 5 iştirakçısı komandaya kömək etməyəcək. Bunlar Kamran Ağayev, Ramil Şeydayev, Dəniz Yılmaz, Dmitri Nazarov və Emin Mahmudovdu. 118 gündən sonra meydana çıxacaq millimizin eksperimental heyətə güvənmək məcburiyyəti də səbəbsiz deyil.
 
Çünki martın 9-dakı qarşılaşma FİFA-nın oyunlar üçün rəsmi pəncərəsinə daxil deyil. Buna baxmayaraq qarşılaşma qurumun rəsmi matçlar reyestrinə salınıb. Bu da o anlama gəlir ki, matç reytinqdə də nəzərə alınacaq.
 
Yeri gəlmişkən, rəqibimiz bu siyahıda 85-ci, Azərbaycan isə 89-cudu. İkinci dəfə qarşılaşacağımız Qətərlə ilk duelimiz 2013-cü il mayın 29-da baş tutub. Maraqlıdı ki, onda da görüş eyni məkanda keçirilib. Yenidən Dohanın "Əl Sadd" stadionunda üz-üzə gələcək rəqiblərin həmin matçı 1:1 hesabı ilə başa çatmışdı.
 
4 il öncəki oyunun 33-cü dəqiqədə penaltidən qol buraxan yığmamız final fitinə 1 dəqiqə qalmış Rüfət Dadaşovun fərqlənməsi ilə məğlubiyyətdən qaçıb. Amma milliləşən almaniyalı artıq yığmada çıxış etmir.
 
Ümumiyyətlə həmin matçın iştirakçılarından Maksim Medvedev, Qara Qarayev, Bədavi Hüseynov, Rəşad Sadıqov və Elvin Məmmədov yenidən Dohada şans qazana bilər. Səfərə qatılmış Səlahət Ağayev isə 4 il öncə ehtiyatda qalmışdı.
 
Qeyd edək ki, Qətər - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
 
Yoldaşlıq oyunu
9 mart
 
20:00. Qətər - Azərbaycan
Doha. "Əl-Sadd" stadionu

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/524224.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR