İşvəli baxışı, nazlı-qəmzəli duruşu çoxlarının canına
“od” salıb. Səsindəki məlahətlə dinləyicilərinin qəlbində təlatüm
yaratmağı, bir dəniz fırtınası qoparmağı bacarıb. Səsinin sehrinə
düşüb ünyetməzlərə qədər getmək, elə oradaca xəyallara dalıb
keçmişə boylanmaq mümkündür Xumar Qədimovanın. Bu günlərdə bu
cilvəli səs sahibinin adının yanına daha bir mötəbər titul yazıldı.
Səhnəmizin sevilən siması Xumar Qədimova əməkdar artist adı aldı.
Əlamətdar hadisə münasibətilə onu təbrik edib, bu xoş xəbərin
təsirindən çıxmamış sorğu-suala çəkdik Xumar xanımı...
Publika.az xəbər verir ki, Xumar Qədimova
Azərbaycan Respublikasının Əməkdar artisti fəxri titulunu alandan
sonra ilk dəfə bu özəl gündə Big.az-a müsahibə verib:
- Salamlayıram sizi. Fəxri adınız mübarək. İnanın çox
sevindim, çünki hesab edirəm ki, bunu ürəklə istəyən jurnalislərdən
idim. Bu şad xəbəri ilk sizə kim çatdırdı? Nə hiss etdiz
?
- Xoş gördük Əfruzə xanım, çox təşəkkür edirəm. Mən idmanda idim.
İdmandan çıxdım, gördüm bacım mən tərəfə gəlir. Söhbət mənim
Matanımdan gedir. Üzündə qəribə sevinc hissi var. O istəyir mənə
sürpriz eləsin. Hiss etdim ki, mənə nə isə xoş xəbər deyəcək.
Qucaqlayıb, öpdü məni və məni təbrik etdi ki, fəxri ad aldın. Çox
sevindim, sürpriz xəbər oldu. Nə bilim... İnsan biləndə ki, orada
sənin əziyyətinin bəhrəsi var çox xoş olur.
- Siz xanım sənətçi olaraq tək olaraq bu ada laiq
görüldünüz, düzdürmü . Bunun özü də məncə xüsusi qiymətdir,
dəyərdir. Hə? Necə düşünürsünüz ?
- Çox xoş oldu. Düzü duyğulandım. Bir çox sahə xanımları içərisində
tək sənətçi olaraq mənim adım qeyd olundu və mən "Əməkdar artist"
adı aldım. Təşəkkürümü bildirdim Cənab Prezidentə ...
- Xumar xanım, həyatınızda gözlənilməz xəbər, sürpriz
hadisələr çox olubmu? İlk belə hadisəni necə
xatırıayırsız?
- Ümumiyyətlə, həyatım həmişə sürprizlərlə, möcüzələrlə dolu olub.
Sürprizlər, möcüzələr sanki həyatımı idarə edib. Allah gözdən
nəzərdən saxlasın Əfruzə. Həyatımda mənə xoşbəxtlik, stimul verən o
möcüzəli anların bir neçəsini sizlərlə bölüşmək istərdim.
Bir gün bir ailənin qonağı idim. Eyvana yaxınlaşdım, pərdəni açdım,
üzbəüz binaya baxdım və arzu etdim ki, kaş o binada evim olaydı.
Sonra isə bu istəyimə heç əhəmiyyət vermədim, bunun haqqında
düşünməməyə başladım, boş verdim, dedim ki, öz-özümə bu mümkün
deyil. Çünki zənnimcə, həmin an üçün bu mümkün olan bir şey
deyildi. Ancaq Allah möcüzə yaratdı. Aradan illər keçdi, mənim
həmin binada evim oldu. Baxın, bu, möcüzə deyilmi?!
Həyatımda baş verən möcüzələrdən birini də universitet həyatımda
yaşamışam. Birinci ixtisas üzrə imtahan verirdim. Xalq mahnısı
oxudum, keçdim royalın arxasına, digər mahnılar da ifa etdim.
İnanın, səsimə bütün universitet yığılmışdı. Hamı məni alqışlayır,
bu necə qeyri-adi, maraqlı səsdir deyə bir-birinə sual verirdilər.
Baxın, bu da həyatımda mənim üçün möcüzə oldu. İxtisas imtahanından
"5" qiyməti aldım. Daha sonra isə tarix imtahanım oldu. Bu, mənim
üçün çox çətin imtahan idi. Suallardan bir-ikisini bilirdim.
İmtahan zamanı birdən müəllimlərdən biri mənə "O ixtisas
imtahanında oxuyan qız sən idinmi?" deyə soruşdu. "Bəli" dedim.
Fars müğənnisi Hayidədən bir zəngulə elədim, öz mahnılarımızdan da
təbii ki, ifa etdim. Və müəllimlər mənə dedilər ki, dur get, qiymət
yazdılar. Elə bil ovsunlandılar. O anda türklərin hikmətli bir sözü
yadıma düşdü: "Nə qədər ki sənət var, sənət işıq saçacaqdır
qaranlıqlara" ... Bax bu mənim üçün əsl möcüzə oldu. Həqiqətən
sənət qaranlıqlara işıq saçdı. Bu sürpriz deyilmi?
Daha sonra məni gənc mütəxəssis kimi universitetdə saxladılar. Bu
da mənim üçün möcüzə idi. Çünki çoxları çalışırdı ki, universitetdə
qalıb gənc mütəxəssis kimi fəaliyyət göstərsin. Amma mən çalışmadan
buna nail oldum, məni işə götürdülər.
Həyatımda sürprizlər çox olub. Məsələn, məni sevən insanlardan
sürpriz təkliflər almışam. Elə insanlar məni sevib ki, çox qızlar
xoşbəxt olardılar ki, həmin oğlan onları sevsin. Baxın, bu, möcüzə
deyilmi insanın həyatında?
- Xumar Qədimova bu gün Azərbaycan səhnəsində işıq saça
bilirmi?
- Məncə, hə. Belə deyirlər ki, mən işıq saçıram. Çünki tanıyan,
tanımayan, hamı mənə deyir ki, xüsusi xarizmam var. Onu da qeyd
edim ki, xarizmam olması üçün xüsusi çalışmıram. Çünki xarizması
olan istər kişi, istərsə də qadın işıq saçır. Sənətim də ki, şükür
Allaha, göz qabağındadır. Bir az bundan qabaq dediyim kimi, türklər
"Nə qədər ki sənət var, sənət işıq saçacaq bütün qaranlıqlara"
deyib. Deməli, nə qədər ki, sənətim var, bütün qaranlıqlara Xumar
işığı düşəcək.
- Naz, qəmzə, işvə, baxışlar, xanım - xatunluq heç bir şeyi Allah
əsirgəməyib. Əksər xanımların qibtə etdiyi, qısqandığı bu qədər
şeylər necə təkcə sizdə cəm olub? Hə?
- (gülür-red) Vallah ona çalışmıram. Mənim adım Xumardır axı. Xumar
da sərxoş, naz, gözəl göz, məst deməkdir. Adım da kifayət qədər
duruşuma, görünüşümə sirayət edir.
- Belə deyirlər ki, Xumarla bir dəfə münasibətdə olan şəxs
ondan əl çəkə bilmir. Ay Xumar xanım, sirrinizi bölüşün də bu 8
mart günündə biz xanımlarla ...
- Həmişə deyirəm ki, bir mənimlə tanış olan sevinir, bir də canını
qurtaran ... Mənimlə tanış olan canını qurtara bilmir, çünki
(gülür). Məndə ağ və qara, yəni ya hər şey ya heç nə. Orta xətt
olmur. Yəni, mən belə insanam. Dost, sevgili yar, əziz insan fərq
etməz. Mən Xumar əgər sevirəmsə bir dəfəlik olur, sevmirəm,
xoşlamıramsa da, sünilik, saxtakarlıq olmur, ola bilməz. Əsla!
Məncə insanları mənə bağlayan səmimiliyimdir. İnsanlar görür axı
mən saxta deyiləm. Candan münasibət saxladığım üçün məndən
ayrılmağı bacarmırlar.
- Bəs Xumar xanımın həyatından silə bilməyəcəyi sevgi
yaşadığı yarı olubmu ?
- Fərqi yoxdur, dost (rəfiqə) və ya yar... Mən bağlanıramsa, o
insan mənə əziz olur, ayrılmaq çətin olur. Mən qarşımdakı şəxsdən
bir halda ayrılıram. XƏYANƏT olan zaman. Həmin dəqiqə o insanı
silib, heç nifrət belə etmirəm, sadəcə unuduram anındaca. Elə bil
belə adam olmayıb, vəssalam.
- Yəni elə bir sevgi yaşamısınız? Xəyanət edib və anındaca
silinib?
- Olub. Mənə xəyanət edib, onu anındaca silmişəm. Mənim üçün
xəyanətin ölçü və dərəcəsi yoxdur. Xəyanət xəyanətdir!
- Deyirəm axı, "Aman ayrılıq, yaman ayrılıq ..." Bəh-bəh nə
gözəl, o ifalar o cür içdən səslənməzdi bəlkə də ...
- "Ağlamadan, çalamaz heç bir saz ..." - nə gözəl demişlər. Mən
daha çox xoşbəxt olanda mahnılar bəstələyirəm, bir də kədərli olan
zaman... Allah dərd verməsin təki. Atam rəhmətə gedən ərəfələrdə
"Sənsiz bu xəzan dünyama gözümü aça bilmirəm, qanadı qırılmış
quşam, arxanca uça bilmirəm" - belə bir sözlərə musiqi bəstələdim.
Oturdum royalın arxasında musiqi bəstələdim, sonra o musiqiyə uyğun
sözlər tapıb, ifa etdim. "Ayrılıq" mahnım da o dönəmlərdə yaranıb.
Elə olub ən xoşbəxt günümdə belə kədərli mahnı ifa etmişəm. İnsanın
halından, xarakterindən də aslıdır. Amma adam var ki, adam kimi
adam deyil də ... Onun üçün fərqi yoxdur, iç yoxdur. Onun ifa
etdiyi mahnı nə olar ki ?!
- Belə çıxır ki, Xumar xanımı xoşbəxt eləmək asan deyil.
Maraqlıdır sizin kimi xanımı tam bəxtəvər edən bir sevgili yar
olubmu ?
- Qarşı tərəfdən bəli olub, amma mən tam xoşbəxt ola bilməmişəm.
Məncə tam xoşbəxtçilik də normal hal deyil. Hətta qarşımdakı bəy
mənə deyib ki, sən necə qadınsan, mən birinci dəfə belə insan
görürəm. Sən hər şeyin içində heç nə olursan. Ona görə deyirəm ki,
çoxu mənim atdığımı gəzir əli çıraqlı. Bəlkə də başqa qadının
həyatında elə bəy olsa uçar göylərdə ... Amma mənim üçün adi bir
şey olub. Şansıma həmişə xarakterim mane olub.
- Bu gün münasibətilə sizi, ananızı, bacınız Matanı bütün
ailənizdəki xanımları təbrik edirəm. Məncə sizin də bütün xanımlara
bir sürpriziniz var.
- Mən də səni Əfruzə təbrik edirəm. 8 mart münasibətilə bütün
xanımlarımızı təbrik edirəm, hər kəsə qadın xoşbəxtliyi arzu
edirəm.
- Keçək sürprizə. Varmı Xumar xanımın əziz dostu
?
- Nə gözəl sualdır. Mən bütün xanımlarımıza əziz dost arzu edirəm
küsüb gedən yox. Nəğmədə deyir, əziz dostum məndən küsüb incidi. Nə
xanımların, nə də ki, bəylərin yarı küsüb getməsinlər, hər zaman
mehribançılıq olsun. "Əziz dostum" mahnısını sizlərə təqdim edirəm.
Qaldı sən dediyin əziz dosta o hələ ki, həyatımda yoxdur.