Sağlam qidalanmanın QIZIL QAYDALARI

Sağlam qidalanmanın QIZIL QAYDALARI
20:47 8 Mart 2017
156 Ölkə
Ölkə mətbuatı
A- A+

İndiki qadınlar yaşını deyil, çəkilərini gizlədirlər. Elə məhz çəkidir ki, yaş üzərinə yaş gətirir. "Arıq olmaq istəyirəm"in arxasında isə gerçəklikdə "gözəl görünmək, sağlam olmaq istəyirəm" durur. Sağlam qidalanaraq dünyaya baxışınızı, həyata münasibətinizi dəyişin.

Milli.Az xəbər verir ki, dietoloq Tutu Zeynalova lent.az-a açıqlamasında bildirib ki, zərərli qidalar həyatımıza daxil olaraq orqanizmimizi zəhərləyir. Sağlam seçim etməyi bacarmalıyıq. Gün ərzində sağlam və təbii qidalardan balanslaşdırılmış şəkildə karbohidrat, protein, zülal, yağ, vitamin və minerallar almalıyıq. Sağlam qidalanmanın vacib qaydaları mövcuddur. Bu qaydalara mütəmadi əməl edərək həm sağlam, həm də gözəl olarıq.
 
Beləliklə, Tutu Zeynalova sağlam qidalanmanın qızıl qaydalarını sadalayır:
 
- Günə tez başlayın ki, maddələr mübadiləsi tez işə düşsün. 09:00-a kimi səhər, 20:00-dək axşam yeməyini bitirin. Gec yeməyin.
 
- Liflərlə zəngin qidalardan istifadə edin. Bağırsağın fəaliyyətini yaxşılaşdırır, uzun müddət bağırsaqda qaldığı üçün qanda şəkəri tənzimləyir. Şəkər oynaması yaşanmadığı halda insulin artmaz, aşırı yemək istəyi olmaz, yağ depolanmaz.
 
- Qəbul etdiyiniz qidalar orqanizmin gündəlik ehtiyacı olduğu vitamin və mineralları ödəməlidir. Yağı rasiondan tamamilə çıxarmayın. Çünki vitaminlərin bəziləri yağda, digərləri isə suda əriyəndir. Duru yağlara üstünlük verin.
 
- Hər gün 2 litr su içməyi sevimli vərdişinizə çevirin. Gündəlik su tələbatı ödənilməlidir ki, orqanizm öz funksiyasını düzgün yerinə yetirə bilsin. Dehidratasiya zamanı qan dövranı pozulur, sellülit, qəbizlik, əsəb gərginliyi, yaddaşsızlıq, yuxusuzluq, və kosmetoloji problemlər baş verir.
 
- Duzdan bacardığınız qədər az istifadə edin. Duzu sumaq, limon suyu, ədviyyat və ya alma sirkəsi ilə əvəz edə bilərsiniz.
 
- Yeməklərin bişirilmə qaydasına diqqət edin. Xörəkləri buxarda, közdə və ya suda bişirin. Yağda qızardılmış yeməklərlə qidalanmayın. Bir çox qidaları çox bişirməyin ki, qlisemik indeksi artmasın. 
 
- Tez-tez, az porsiyalarla qidalanın. Qida qəbulunun arası 2-3 saat olmalıdır. Qabınızı ət, tərəvəz və paxlalı bitkilər olmaqla, 3 hissəyə ayırın.
 
- Yeməyi çox çeynəyin. Yemək yeyərkən başqa yerə yayınmayın. Fikriniz yeməkdə olsa, tez doyarsınız.
                                                                         
- Yeməkdən dərhal sonra çay içməyin. Orqanizmdə dəmir mənimsənilməsi pozula bilər. Çay yeməkdən 45 dəqiqə sonra içilməlidir.
 
- Dəmir tərkibli qidaları limon və ya digər vitamin C tərkibli meyvə-tərəvəzlərlə istifadə edin. Dəmir əskikliyi zamanı maddələr mübadiləsi zəifləyir.
 
- D vitamini ilə zəngin qidalardan istifadə edin. Piylənmə və artıq çəkinin 95%-i D vitamini çatışmazlığı ilə bağlıdır.
 
- Bir çox qidaların rənglərinə görə faydalılığını təyin edib istifadə edə bilərsiniz. Belə ki, ağ rənglilər tox tutan, qırmızılar ürək-damar sistemini qoruyan, narıncılar dəriyə faydalı olan, yaşıllar immuniteti yüksəldən, bənövşəyi, tünd göy və qaralar isə antioksidant dəyəri yüksək olan qidalardır.
 
- Sağlam qidalanmayla bərabər yuxu da çox vacibdir. Yuxusuzluq orqanizm üçün ən böyük stressdir. 6 saatdan az, 8 saatdan çox yatan insanlarda maddələr mübadiləsi pozulur və bu zaman artıq çəki problemi yaşanır.
 
- Hər gün fiziki aktivliyiniz olsun. 30 dəqiqə təmiz havada gəzin.
 
Sağlam qidalanma insanın öz orqanizminə olan münasibətidir. İnsanla təbiət arasında əlaqə pozulmayanda insan sağlam və xoşbəxt olur. Yeməklərdən deyil, daha çox həyatdan zövq alın!

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/524294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR