Birinci vitse-prezident: "Son 13 ildə 400 min qaçqın və məcburi köçkün işlə təmin olunub"

Birinci vitse-prezident: "Son 13 ildə 400 min qaçqın və məcburi köçkün işlə təmin olunub"
18:32 9 Mart 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 9 mart. REPORT.AZ/ "Son 13 ildə 400 min qaçqın və məcburi köçkün işlə təmin olunub". 
“Report”un xəbərinə görə, bunu Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva deyib.
Birinci vitse-prezident bildirib ki, soydaşlarımızın işlə təmin olunması istiqamətində lazımi addımlar atılıb: "Son 13 ildə 400 min qaçqın və məcburi köçkün işlə təmin olunub. Ölkə ərazisindəki bütün çadır düşərgələri artıq ləğv olunub və orada məskunlaşan məcburi köçkün ailələri yeni salınmış qəsəbələrə köçürülüb. Dövlət Proqramında bu istiqamətdə həyata keçirilən tədbirlərin icrası üçün bütövlükdə 6 milyard manatdan çox vəsait ayrılmışdır. Dünyanın bir sıra aparıcı beynəlxalq təşkilatları, o cümlədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə göstərilən qayğını çox yüksək qiymətləndirir və bir çox hallarda ölkəmizi bu sahədə nümunəvi ölkə adlandırırlar".
M.Əliyeva qeyd edib ki, görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsi yaşayır: "Prezidentin göstərişi ilə hər il Dövlət Neft Fondundan yeni qəsəbələrin salınması üçün vəsait ayrılır. Bu il də bu məqsədlərə vəsait ayrılıb. Lakin bu sahədə işlərin sürətləndirilməsi üçün əlavə və təxirəsalınmaz addımlar atılmalıdır. Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir. Bu məqsədlə əlavə vəsait ayrılmalıdır, binaların inşası üçün ərazi müəyyənləşdirilməlidir və tezliklə binaların inşası başlamalıdır. Bununla yanaşı, Bakı və Sumqayıt şəhərlərində tikilmiş yeni binalarda köçkün ailələrini yerləşdirmək üçün mənzillər alınmalıdır. Qarşımızda duran məqsəd qəzalı binalarda yaşayan bütün köçkünləri bu il və gələn il ərzində yeni mənzillərlə təmin etməkdir". 

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/son-13-ilde-400-min-qacqin-ve-mecburi-kockun-isle-temin-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR