Arda Turan tarixi qələbədən danışdı: "Yataq otağında olanları..."

Arda Turan tarixi qələbədən danışdı: "Yataq otağında olanları..."
12:52 10 Mart 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın türkiyəli yarımmüdafiəçisi Arda Turan "Hürriyet" qəzetinə müsahibə verib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ulduz futbolçu Kataloniya klubunun Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ üzərində qazandığı (6:1) tarixi qələbə günü baş verənlərdən danışıb.

- İlk oyundakı 0:4 hesablı məğlubiyyətdən sonra cavab görüşünə necə hazırlaşdınız?

- Parisdəki oyundan sonra da instaqram hesabımdan yazmışdım ki, hələ hər şey bitməyib. Paltardəyişmə otağında öz aramızda danışdıq. Dedik ki, 4:0, 5:0, 6:0 hesabı ilə qalib gəldiyimiz oyunlar olub, yenə bacara bilərik. Buna inandıq. Amma onu da dərk edirdik ki, PSJ qol vursa, hər şey bitə bilər. Amma inamımızı bir dəqiqə də itirmədik.
 
- Meydana daxil olanda nələr düşündünüz?

- Hesab 3:1 idi və komanda yaxşı oynayırdı. Fikirləşdim ki, o enerjini aşağı salmamalıyam. Əksinə, hədəfim tempin yüksəlməsinə kömək etmək idi. 3:1-dən sonra dəqiqələri 3 hissəyə böldük. Sona 24 dəqiqə qalmışdı və fikirləşirdik ki, 8 dəqiqədən bir qol vura bilərik. 12 dəqiqə qalanda 4 dəqiqəlik hissələrə böldük. Ancaq 85-ci dəqiqədən sonra bölünəcək heç nə qalmamışdı. İçimdə qəribə bir hiss var idi. Azarkeşlərin o inamını həyatım boyu unutmayacam. Baş məşqçinin verdiyi tapşırıq da möhtəşəm idi. Bunun sayəsində qələbə qazandıq.
 
- Oyundan əvvəl paltardəyişmə otağında nələr danışırdınız?

- Luis Enrike bizə matçın və 90 dəqiqənin nə qədər uzun olduğunu dedi, 0:4-ü yada saldı. Hər cümləsində "sakit qalın" deyirdi. Bizə 4 və 5 top fərqi ilə qalib gəldiyimiz oyunları xatırlatdı.
 
- 6-cı qolu vuranda nələr hiss etdiniz?

- Top tora daxil olduqdan sonra ofsaydın olub-olmadığını bilmək üçün yan xətt hakiminə baxdım, amma görə bilmədim. Hər kəs sevinc içində qaçınca, mən də qaçmağa başladım. Sözlə ifadə edilməyəcək bir hiss idi. Məncə, futbol tarixinin ən yaxşı 2-3 oyunundan biri idi. "Qalatasaray" - "Ksamaks", "Liverpul" - "Milan" və bu...
 
- Bu qələbəni nəyə borclusunuz?

- İlk matç 0:4 hesabı ilə başa çatmışdı. Kim olur-olsun, cavab görüşünü nəinki stadiondan, heç televiziyadan da izləməzdi. Ancaq hər kəs ""Barsa" nəsə edə bilər" düşüncəsi ilə oyunu izlədi. Dünyanın ən güclü komandası, baş məşqçisi, futbolçuları olaraq buna inandıq. Heç kim Çempionlar Liqasından kənarda qalmaq istəmədi. Birlikdə çırpındıq və nəticəsini gördük.
 
- Luis Enrike oyundan əvvəl "6 qol vura bilərik" demişdi. Bu, planın bir parçası idi?

- Məncə, dəqiq danışıb. 4 qol vurmaq üçün meydana çıxan komanda mütləq boşluq buraxar. Bir qol buraxacağımızı düşünməsi və 6 qol vuracağımızı deməsi məntiqli idi.
 
- Bunu karyeranızın ən yaxşı oyunu saymaq olar?

- Bəli, karyeramın ən fərqli matçlarından biri idi. Amma xüsusi görüşlər arasında birinci sıraya qoya bilmərəm. Çünki yığma komandada da gözəl oyunlar keçirmişəm. Xorvatiya və İslandiya ilə görüşü misal çəkə bilərəm. Geridönüşləri çox sevirəm.
 
- 6-cı qoldan sonra Luis Enrikeyə yaxınlaşıb söhbət etdiniz. Nələr danışdınız?

- Luis Enrikeyə tərəf qaçanda ağlımda bir şey var idi. Komandada Çempionlar Liqasını qazanmayan tək-tük oyunçulardan biriyəm. Bu qələbə ilə xəyalım davam etdi. Luis Enrikeyə onu xatırlatdım.
 
- Son dəqiqədə topu itirdiniz və Ter Ştegen köməyinizə çataraq kritik müdaxilə etdi. Həmin 10 saniyədə nələr baş verdi?

- Həmin anda rəqibi aldatmağa çalışdım. Topu saxlamadan qapı qarşısına göndərə də bilərdim. Amma bu dəfə rəqibə şans yaratmış olardım. Həmin driblinqə cəsarət etməyim çox önəmli idi.
 
- Matçdan sonra paltardəyişmə otağında nələr danışıldı?

- Paltardəyişmə otağı bizim yataq otağımızdı. Orda nələr yaşandığını danışmasam yaxşıdı.
 
- Bu tarixi qələbədən sonra sizə kimlər zəng vurdu?

- Ağlınıza kimlər gəlirsə. Telefonum təbrik mesajları ilə dolmuşdu. Hər kəsə təşəkkür edirəm.
 
- Sizcə, görüşün qırılma anı hansı epizod idi?

- Di Mariyanın qaçırdığı şans və Kavaninin zərbəsini Ter Ştegenin ayağı ilə qaytardığı epiziod. Açığı, çoxunu həyəcandan xatırlamıram.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/524857.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR