DSMF-nin Ağcabədi rayon şöbəsində nöqsanlar aşkarlandı

DSMF-nin Ağcabədi rayon şöbəsində nöqsanlar aşkarlandı
17:43 10 Mart 2017
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Hesablama Palatasının kollegiya iclasında 1 aprel 2015-ci il - 1 oktyabr 2016-cı il dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağcabədi rayon şöbəsi üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin icrasına dair auditin nəticələri haqqında hesabat müvafiq qaydada təsdiq olunub.

Palatadan verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, məcburi dövlət sosial sığorta haqları üzrə mövcud potensialdan tam istifadə edilməyib, sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqqının hesablanması və ödənişində nöqsanlar olub, debitor borcların aradan qaldırılması istiqamətində şöbə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər tam həyata keçirilməyib. Pensiya təyinatı və ödənişi üzrə bəzi nöqsanlara yol verilib, bir sıra hallarda pensiya təyinatı üçün müraciət edən şəxslərin iş (sosial sığorta) stajları haqqında məlumatlar, o cümlədən 1992-2006-cı illərdə çalışdıqları müəssisənin məcburi dövlət sosial sığorta haqlarını ödəməsi barədə məlumatlar ətraflı araşdırılmadan və bir sıra zəruri sənədlər olmadan pensiya təyinatı aparılıb.

Müvafiq məlumatlara əsasən 01.04.2015-ci il tarixdən ünvanlı dövlət sosial yardımının (ÜSY) Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsilə həyata keçirilməsinə başlanılanadək 1841 ÜSY təyinatı aparılıb, 01.10.2016-cı il tarixə 1705 ÜSY işi üzrə ödənişlər davam edib, qalan 136 iş üzrə ödənişlər müxtəlif səbəblərdən dayandırılıb. ÜSY-nin adambaşına düşən orta məbləği 2015-ci ilin son 9 ayı ərzində 33,98 manat, 2016-ci ilin ilk 9 ayı ərzində isə 32,18 manat, həmin dövrlərdə təyinat üzrə cəmi məbləğ isə müvafiq olaraq, 197 497,62 manat və 84 864,16 manat təşkil edib.

Araşdırma nəticəsində müəyyən edilib ki, 01.04.2015 - 31.12.2015-ci il dövründə təyin edilmiş işlər üzrə ailədə adambaşına düşən gəlirin həcmi 54 ailə üzrə 0,0-60,0 manat, 457 ailə üzrə 60,01-70,0 manat, 701 ailə üzrə 70,01-80,0 manat, 54 ailə üzrə 80,01-90,0 manat, 9 ailə üzrə isə 90,01-100,0 manat aralığında olub. 01.01.2016 - 01.03.2016-cı il dövründə isə adambaşına orta aylıq gəliri 0,0-60,0 manat olan 5 ailəyə, 60,01-70,0 manat olan 75 ailəyə, 70,01-80,0 manat olan 459 ailəyə, 80,01-90,0 manat olan 27 ailəyə ÜSY təyin edilib.

Məlum olub ki, bir sıra hallarda ailənin sosial müavinətlərdən, əmək pensiyalarından və əmək haqlarından gəlirləri, həmçinin ailənin istifadəsində nəqliyyat vasitəsi olması haqqında ərizəçi tərəfindən məlumat verilməyib, müxtəlif səbəblərdən bağlanmış ÜSY hesabları üzrə bank qalıqları qalıb, 3 aydan artıq müddətdə alınmayan ÜSY məbləğləri üzrə müvafiq hesablara ÜSY ödənişi dayandırılmayıb.

VEMTAS-la ÜSY təyinatının araşdırılması zamanı mövcud qanunvericiliyin tələblərinə uyğun olmayaraq 1 il müddətinə sosial yardım almaq hüququnu itirmiş ailələrə həmin müddət ötməmiş ÜSY təyin edildiyi, 3 aydan artıq müddətdə alınmayan ÜSY məbləğləri üzrə müvafiq hesablara ÜSY ödənişinin dayandırılmadığı müəyyən edilib.

VEMTAS vasitəsilə ÜSY təyinatının düzgünlüyünün araşdırılması məqsədilə nazirliyin internet saytındakı adlı siyahıya əsasən seçmə üsulla monitorinqlər təşkil edilib, həmin monitorinqlər zamanı ailə tərkibi və ailənin şəxsi yardımçı təsərrüfatdan gəlirləri haqqında VEMTAS-a daxil edilmiş məlumatların düzgünlüyünün müvafiq qaydalarda göstərildiyi kimi yerində araşdırılmaması, VEMTAS tərəfindən ailə üzvünün sosial sığorta nömrəsinin olmadığı hallarda pay torpağı ilə bağlı məlumatların və ümumi ev təsərrüfatında olan ailələrin ayrılıqda təqdim etdikləri elektron müraciətlərində göstərdikləri ünvan və elektrik sayğacı nömrəsinin eynliyinin müəyyən edilməməsi, həmçinin ailə başçısının itirilməsinə görə əmək pensiyası, həmçinin kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərin üzrlü səbəbdən işləməyən şəxslər kimi qəbul edilməsi kimi nöqsanlara rast gəlinib.

Aparılmış audit nəticəsində müəyyən edilib ki, sosial müavinətlərin və təqaüdlərin mərkəzləşdirilmiş xüsusi proqram təminatına işlənilməsi zamanı bir çox hallarda müavinət işlərinin dayandırılması səbəbləri göstərilməyib, müavinət alan şəxslər barədə məlumatlar tam daxil edilməyib, qeydiyyat jurnalındakı bağlanma tarixləri ilə sosial müavinət işinin bağlanma tarixləri arasında uyğunsuzluqlar mövcud olub.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib. (trend)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/190858.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR