Ermənilər üzünü Avropaya çevirsə...

Ermənilər üzünü Avropaya çevirsə...
18:14 10 Mart 2017
90 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Sözsüz ki, Qarabağ münaqişəsinin həlli yollarını araşdıran zaman nəzərə alınmalı olan mühüm elementlərdən biri Ermənistanda mövcud olan durumdur.

 

Siyasi, iqtisadi, sosial parametrlərə görə Ermənistanın daim analiz edilməsi mütləq lazımdır. O cümlədən, Ermənistanın xarici siyasətinin.

 

Prezident Serj Sarkisyan Rusiyaya səfərə hazırlaşır, bundan əvvəl isə o Avropaya səfər elədi. Ermənistan prezidenti Brüsseldə Avropa İttifaqı ilə çərçivə sazişi imzaladı. Rusiyada isə investisiya müqavilələrinin imzalanacağı gözlənilir.

 

Avropa səfərinin sonunda Sarkisyan "Euronews" kanalına müsahibə də verdi.

Sözsüz ki, bu səfərdə Sarkisyanın Dağlıq Qarabağın beynəlxalq subyekt kimi tanınması üçün apardığı təbliğat və digər bəyanatlarından doğan reallıqlar da var.

 

Amma Ermənistan prezidentinin Avropa səfərindən sonra iki mühüm reallıq düşünmək üçün səbəb verir.

 

Əvvəla, Ermənistan prezidenti Serj Sarkisyanın Avropa İttifaqı ilə çərçivə sazişini imzalaması yeni situasiya yaradır.

 

Əlbəttə, bu sazişin yaxın zamanlarda Ermənistana nəsə vəd etdiyini söyləmək olmaz. Bu, absurd olardı. Amma bu sazişlə bağlı verilən suallara Sarkisyanın cavablarında adi gözlə sezilməyən bir jest var. Sarkisyan sanki “bizim üzümüz Avropayadır, amma bağışlayın, Rusiyadan asılıyıq” deyir. Necə ki, bunu bir vaxtlar Ukrayna prezidenti deyirdi. Və erməni prezident Avropa institutları ilə iqtisadi bağlantılar olacağı təqdirdə enerji daşıyıcılarını Rusiyadan baha alacağı şərtini yada salır.

 

Sözsüz ki, Rusiyanın yaxın zamanda diz üstə çökəcəyi və tikə-parça olacağı barədə deyilənlər arzuların ifadə formasından başqa bir şey deyil.

 

Amma ya zəlzələdən, ya vəlvələdən Rusiya Ermənistandan əl götürsə və yaxud da Ermənistan Rusiyaya arxa çevirərək daha çox Avropaya meyllənsə, situasiya necə olacaq?


İlk baxışda kimsə Rusiyanın Ermənistandan əl götürəcəyi halda situasiyanın Azərbaycanın xeyrinə olacağını düşünə bilər. Qarabağa qayıtmaq üçün uğurlu əməliyyatlar aparmaq baxımından. Amma belə bir situasiyada Azərbaycan qoca qitə ilə təkbətək qala bilər. Onsuz da Azərbaycanı təzyiq altında saxlamaq üçün vaxtaşırı həmlələr edən Avropanın bu situasiyada Rusiyanın əlindən çıxardığı Ermənistanı qorumaq üçün daha ciddi addımları qaçılmaz olacaq. Bax, bu barədə mütləq düşünmək lazımdır.

 

Əlbəttə, bu, yaxın gələcəkdə reallaşması mümkün olmayan bir ehtimaldır. Amma belə bir anın yaranmayacağını söyləmək də olmaz. Bunun üçün Ermənistanın hazırkı durumundan bəhrələnmək lazımdır.

 

Bəs Ermənistanın hazırkı durumu necədir?

 

Bu yerdə Sarkisyanın Avropa səfərindən görünən ikinci mühüm reallığa diqqət yetirək.

 

Ermənistan prezidentinin səfərin yekunlarına dair verdiyi müsahibədə jurnalist çox maraqlı bir sual verdi:

 

“Ermənistan Avropaya nə təklif edə bilər? Futbolçu Mxitaryan yaxşı ixracdır, amma başqa nə?”

 

Əslində Sarkisyanın cavabını dinləmədən də sualın özü Ermənistanın durumunu aydın şəkildə göstərdi.

 

Bəli, Avropanın Ermənistandan gözlədiyi heç nə yoxdu. Elə Ermənistan prezidenti də nəsə təklif etməkdə çətinlik çəkdi. Və çıxış yolu kimi kənd təsərrüfatı məhsulları ixrac edə biləcəyini dedi. Daha sonra informasiya texnologiyalarının Ermənistanda inkişafına toxundu (?) və yekunda Ermənistanın Avropa ilə yaxşı qonşu olacağını söylədi.

 

Ermənistan bu gün Avropaya heç nə təklif edə bilmir. Miskin durumda olan bu ölkəni Avropa üçün ancaq geosiyasi reallıqlar maraqlı edir.

 

İndiki şəraitdə Azərbaycan hələlik Rusiyanın maraqlarını təmin etməklə məşğul olan Ermənistana qarşı blokadanı bir qədər də sərtləşdirməli, Ermənistan dövlətinin öz vətəndaşlarına qarşı tətbiq etdiyi informasiya blokadasını isə yarmağa çalışmalıdır.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269532

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR