Azərbaycanlı tələbənin də daxil olduğu bir qrup alimin elmi kəşfi Danimarkada böyük maraq doğurub

Azərbaycanlı tələbənin də daxil olduğu bir qrup alimin elmi kəşfi Danimarkada böyük maraq doğurub
22:37 10 Mart 2017
Ölkə mətbuatı
A- A+

Kopenhagen Universitetinin 22 yaşlı tələbəsi, həmyerlimiz Xaqan Aşinanın da daxil olduğu bir qrup alim siqaret çəkən hamilə qadınların hamiləlik dövründə və sonradan onların uşaqlarında görmə problemlərinin yaranması barədə elmi kəşf ediblər.

Milli.Az xəbər verir ki, Danimarka-Azərbaycan "Vətən" Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, bu ölkənin məşhur "Politiken" qəzeti oxucularına elmi araşdırmanın nəticəsi barədə ətraflı məlumat verib. Nəşrdə vurğulanır ki, kəşf sayəsində belə uşaqlarda göz kürəsində retinanın daha nazik olduğu müəyyənləşib. Hamiləlik dövründə nikotin qəbulunun həm ana, həm də övlad üçün bir çox mənfi təsirləri artıq məlum olan bir amildir. Lakin nikotinin görmə qabiliyyətinə təsiri bu günə qədər araşdırılmamışdı.

Məqalədə deyilir ki, araşdırmalar Danimarka Milli Xəstəxanasında 2000-ci ildə doğulan, 1323 uşaq arasında aparılıb. Alınan məlumatları təhlil edən alimlər belə nəticəyə gəliblər ki, hamiləlik dövründə siqaret çəkən anaların övladlarında göz kürəsində retinanın qalınlığı digər uşaqlarla müqayisədə 5 faiz daha nazikdir.

Azərbaycanlı tələbə Xaqan Aşina məqalədə bildirir ki, çoxlu sayda qadın hamiləlik dövründə siqaret çəkməyə davam etdikdə övladlarının göz kürəsinin retinasında sinir lifləri tütünün toksik təsirlərinə məruz qalır. Belə təsirə məruz qalan uşaqların gələcəkdə digər göz xəstəliklərinə yoluxma ehtimalı daha yüksəkdir. O, insanın yaşlandıqca sinir liflərinin zəiflədiyini, göz kürəsində retinanın bəzi hissələrində yarıqlar əmələ gəldiyini diqqətə çatdırıb.

Elmi araşdırmanın nəticələri göz xəstəlikləri sahəsində dünyanın nüfuzlu jurnallarından sayılan "JAMA Ophthalmology" nəşrində dərc olunub.

Qeyd edək ki, Xaqan Aşinanın atası Məsud Aşina Kopenhagen Universitetində, əmisi Səid Aşina isə Amerika Birləşmiş Ştatlarının, Nyu-York şəhər universitetində nevrologiya üzrə professordur. Anası isə Kopenhagen klinikalarının birində stomatoloq işləyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/524866.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR