Akif Əli: “Bu yurdda təktanrılıq ərəblərdən min illər qabaq olub”

Akif Əli: “Bu yurdda təktanrılıq ərəblərdən min illər qabaq olub”
11:32 11 Mart 2017
106 Ölkə
Ölkə mətbuatı
A- A+




Bakı. 11 mart. REPORT.AZ/ Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri, Əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı-publisist Akif Əlinin "Report"a müsahibəsi.
- Necəsiniz, Akif müəllim, yaz fəslinin ilk ayında hansı əhval-ruhiyyəyə köklənmisiniz?
- Əhvalım ruhuma uyğundur. Ruhum isə Ulu Tanrının məsləhət bildiyi Doğru Yola istiqamətlənib. Bütün işlərimi bu cür qurur və bu tərzdə də yaşayıram. Mənfi istiqamətə, bədbinliyə səbəb yoxdur. Hərtərəfli nikbin bir həyat yaşadığımı da demirəm. Sadəcə, normal Azərbaycan vətəndaşının ömrünə uyğun yaşam.
- Müsbət auraya köklənmək üçün xüsusi əməyə gərək varmı?
- İnsanın aurası daha çox onun xarakteri və həyat tərzindən irəli gəlir. Xarakter ailədə, cəmiyyətdə, insanın düşdüyü mühitdə formalaşır. Yaxşı formalaşmaq üçün mütaliə, təhsil, müxtəlif səyahətlər və s. vasitələr var. Bir də, artıq insan doğulanda onun Tanrı tərəfindən kodlaşdırılmış geni var ki, aura bu iki komponentin vəhdətindən yaranır. Yəni, insandan asılı olan tərəf və ondan asılı olmayan göylərin məsləhəti.
- 20-30 il əvvəllki Akif müəllimlə indiki arasında hansı dəyişikliklər baş verib?
- Təbii, 30 il əvvəllki Akif Məhərrəmovla (o vaxt Məhərrəmov idim) indiki fərqlidir. Belə olmasaydı, bu o demək olardı ki, mən heç inkişaf etməmişəm. Təcrübə, bilik, dünyagörüşü genişlənib. Bu gün fərqli bir ömür yaşamağıma çox amillər təsir edib. Bir də əsas fərq ondan ibarətdir ki, 30 il əvvəl yəqin daha emosional, daha hisslərlə ifadə olunan davranışlara yol vermişəm. İndi isə hissləri daha çox intellekt idarə edir. Həyata daha rasional baxırsan. Bu həm də təcrübədən irəli gəlir. İnsan yaşlandıqca, təcrübəsi artdıqca müdrikliyə doğru gedir. Mən 30 il əvvəl Akif Məhərrəmov idim, indi Akif Əli olmuşam – atamın adını soyad kimi rəsmiləşdirmişəm. Yəqin ki Akif Əlidə qələm təcrübəsi daha çox olar. O, həyatı Akif Məhərrəmovdan daha dərindən dərk edər. Bu o demək deyil ki, 30 il əvvəl kor-koranə həyat sürmüşəm. O zaman yazdığım yazılara bu gün də imza ataram. Ancaq hər halda... 30 il keçib. Bu illər necə keçib, onu da bilmirəm. Görünür işin çoxluğu başımı qatıb.


- Akif Məhərrəmovu tənqid etmək istədiyiniz məqamlar varmı?
- Yaradıcılıqda yoxdur. Amma həyatda, məişətdə olar. Çünki yaradıcılığa münasibət məişət həyatından fərqlidir.
- İndi insanlar zamanın sürətindən şikayət edir...
- Astronomik baxımdan heç nə dəyişiməyib. Həmin ömür müddətini yaşayırıq. Sadəcə indi həyatımızda daha zəngin hadisələr baş verir. İnformasiyalar çox olur, gur hadisələrin içində oluruq deyə, vaxtın necə keçdiyini bilmirik. Vaxtın sürəti həyatı dolu, ya boş yaşamaqdan asılıdır.
- Düşüncədə, fikirdə yeni əsər varmı?
- Var... Yaradıcıllıq elə prosesdir ki, dayanmır. Yazmaq istədiklərim hər zaman çox olub, əksərini də vaxta görə yaza bilməmişəm. Vaxtilə qısa-qısa yazdığım fikirləri, süjetləri, ideyaları bir yerə toplayıb "İdrak" adlı kitab nəşr etdirmişdim. Müqəddiməsində bu fikirləri nə vaxtsa böyük əsərlərə çevirmək arzumu qeyd etmişdim. Bəziləri vaxt çatışmazlığından, bəziləri ədəbiyyata əvvəllki inamımın qalmaması səbəbindən reallaşmadı. Fikrimdə tutduğum ideya, yazmaq istədiyim çox şey var.
- Axırıncı kitabınız, deyəsən "Azman" olub?
-Bəli. Böyük Azərbaycan sərkərdəsi Babəkə həsr olunmuş "Azman" və ya "Sən mənim dözümümü görəcəksən..."adlı kitab. Orda Babəkin son döyüşünü vermək istəmişəm. Dilimizə tərcümə olunan bütün ərəb, fars mənbələrinə, akademik Ziya Bünyadovun tədqiqatlarına baxmışam və kitabı elmi baza üzərində yazmışam.Təbii ki, Babək haqqında düşmənlərin yazdığı mənbələr daha çoxdur. Düşməninsə necə yazacağı məlumdur. Ancaq hər deyilənin digər üzü də var. Mən də yazılanların məhz həmin digər üzündə nələrin olduğunu, ola biləcəyini açmağa çalışmışam. Bu gün Azərbaycan torpağı yenə işğala məruz qalıb. Hesab edirəm ki, Babəkin əyilməz ruhu, vətən uğrunda vuruşmaq əzmi, düşmənə nifrət amalı bugünkü gəncliyə ən yaxşı vətənpərvərlik örnəyidir... Qeyd edim ki, hələ 2011-ci ildə cənab Prezident İlham Əliyev Bakı şəhərində Babəkin abidəsinin qoyulması ilə bağlı Sərəncam verib. Hazırda abidə üzərində iş gedir.


- Bu günlərdə nəşr olunan "Akif Əli.Söz adamı" adlı kitab Sizcə yaradıcılığınızı tam əhatə edə bilibmi?
- Kitabın müəllifi, filologiya elmləri doktoru Vaqif Yusifliyə təşəkkür edirəm. Kitabı çox gözəl yazıb. Daha çox ədəbi-bədii yaradıcılığım haqqında məlumat verib. Kitablarım, məqalələrim, elmi-publisistik yazılarım və s. haqqında araşdırma aparıb, ciddi təhlil edib. Jurnalist kimi fəaliyyətimə,"Vətən səsi" qəzetinin Baş redaktoru olduğum dövrdəki fəaliyyətimə toxunub. Kitaba müxtəlif mətbu orqanlarda dərc olunan müsahibələrimdən bir neçəsi və bəzi fotoşəkillər də seçilib, daxil edilib. Təbii ki, bu kitabda bütün yaradıcılığım tam əhatə etmək məqsədi olmayıb. Kino, radio, televiziya, pedaqoji iş, dövlət qulluğu və s. necə deyərlər “öz tədqiqatçısını gözləyir”.
- Akif müəllim, vaxtilə tərcümələr də etmisiniz. İndi tərcümə olunan kitabları oxuya bilirsinizmi?
-Tərcümə əsərləri çox oxumuşam. Dünya ədəbiyyatından yüzlərlə kitab oxumuşam ki,onların hamısı ya rus, ya da Azərbaycan dilinə tərcümədir. Mən dünya ədəbiyyatını daha çox rus dilində və əvvəllki görkəmli ədiblərimizin Azərbaycan dilinə tərcümələrində oxumuşam. Məsələn, Cəfər Cabbarlının, Səməd Vurğunun istedadlı tərcümələri var idi. İndi tərcümə olunan əsərləri bəlkə də ona görə çox oxumuram ki, artıq mən onları rus dilində oxumuşam. Klassiklərin əsərlərindən mən özüm də tərcümələr etmişəm. Tərcümə ağır zəhmətdir və bu işdə tərcüməçinin istedadından çox şey asılıdır. Yaradıcı insan əlindən çıxan işin məsuliyyətini dərk etməlidir. Əgər tərcümədə qüsurlar varsa, demək tərcüməçinin və sonra da onun redaktorunun səhvidir.
- Vaxtilə Sizin maraqlı “Mozalan” süjetləriniz olub. Bəs bu gün "Mozalan" kino-jurnalı üçün hansı süjetləri yazardınız?
- Vaxtilə sovet dövründə daha çox satira yazırdım. Radioda “Satira və yumor” şöbəsinin müdiri işləmişəm, “Molla Nəsrəddin” satirik radio-jurnalı yaratmışam. Bəlkə də 100-lərlə satirik yazılar, süjetlər, felyetonlar, səhnəciklər hazırlayıb efirə verirdik. Satirik əsər xüsusi bacarıq, istedad lazımdır... Kino çəkilişlərindən ayrılandan sonra kinostudiyaya ssenarilərimi tədim etdim. Yazdığım "Mozalan" süjetləri də o vaxtlar çəkilib. Həmin süjetlərdə daha çox insan xarakteri, xisləti hədəf alınır. İnsanın xisləti isə dəyişmir. Hansı dövrdən asılı olmayaraq, əyri əməl, nadan düşüncə hər zaman var. Mənfi xüsusiyyətdə dəyişən şəkildir, formadır, amma məzmun, mahiyyət eyni qalır. Məsələn, adamın acgözlüyündən,pulgirliyindən XX əsrin əvvəlində M.Ə.Sabir də yazırdı, XX əsrin sonlarında "Mozalan"da bu barədə çəkirdi. Bu gün də eyni hal var. Satira yazmaq üçün mövzu həmişə var. Amma hələ ki, satirik mövzuda nəsə yazmaq planım yoxdur. Nə bilmək olar, yaradıcılıq elədir ki, məqamı gələr, elə bir situasiya, mövzu olar ki yazarsan.



- Postmodern ədəbiyyata yanaşmanız necədir və qalmaqallı gənc yazarlardan kimləri oxuyursunuz?
- Volterin bir ifadəsi var: "Bütün janrlar yaxşıdır, darıxdırcıdan başqa". Əsərlərə müxtəlif bölgü ilə yanaşmağın tərəfdarı deyiləm. Əsər istedadla yazılıbsa, oxucu onu maraqla oxuyacaq. Yeni yazarlardan Seymur Baycan, Rasim Qaraca, Elnur Astanbəyli, Nərmin Kamal, Qan Turalı və digərlərini əvvəllər çox oxumuşam. Onların da öz yolu var. Heç kimə nə yazmağı qadağan etmək olmaz, nə də hansı üslubda yazmağı öyrətmək olmaz. Hərənin öz üslubu var. Üslub isə xarakterdən irəli gəlir. Əsərin kiməsə xoş gəlməməsi onun müəllifini söyməyə, pisləməyə, dışlamağahaqq vermir. Bu totalitarizmdə ola bilər.Hər əsərin cəmiyyət daxilində yayılması və ömrünün uzunluğu yazılan mətndən asılıdr. Yeni gənclərdə mətnləri keyfiyyətli olanı da var, olmayanı da var.
- Yazan çoxdur, yoxsa oxuyan azdır? Bu bolluqda keyfiyyətli olanı necə seçək?
- İndi təəssüf ki yazan daha çoxdur, nəinki oxuyan. Amma kifayət qədər mütaliən, biliyin olmasa yazdıqların bir o qədər dərin təəssürat bağışlamayacaq. Bəlkə də hansısa əsər bu gün hansısa konyuktura görə oxunacaq və elə bu gündə də qalacaq. Amma elmi baza, savad, dünyagörüşü üzərində qurulan yazının ömrü də uzun olar. Həqiqətən, indi bir qisim yazarlar oxumaqdan çox şıdırğı yazırlar.
- Hüquqşünas övladı olmaq ədalət meyarına daha həssas yanaşma tələb edirmi?
- Yəqin ki, konkret atamı nəzərdə tutursunuz. Bu ilk növbədə çox böyük məsuliyyətdir. Hər kəs üçün atası əzizdir. Mən də hər zaman atamla fəxr etmişəm. Biz evdə onun heç vaxt haqqı nahaqqa vermədiyini görürdük. Şübhəsiz, bunun da uşaqların tərbiyəsinə təsiri var idi. Atamız insanların davranışına obyektiv qiymət verən məsul bir peşə sahibi olub,deməli biz də ona uyğun yaşamağa çalışmalıyıq. Hər uşağın ailədə gördüyü sonradan həyatda ona təsir edir. Mən, həm də onun adını əbədiləşdirmək üçün sonralar soyadımı Əli kimi rəsmiləşdirdim. Bu məsuliyyət üzərimdə olduğuna görə mənfi çalarlı heç bir hərəkət yol verməməyə çalışıram. Çünki mən təkcə Akif yox, həm də respublikanın görkəmli hüquqşünası Əli Məhərrəmovun oğlu Akifəm.
- 1994-cü ildə-Azərbaycan üçün asan olmayan illərdə dövlət qulluğuna gəlmisiniz. O illəri necə xatırlayırsınız?
- Düz deyirsiniz, həmin illər Azərbaycanın müstəqil dövlətçiliyi üçün ən ağır illər idi.1994-cü ilin oktyabr hadisələri yəqin ki, hamının yadındadır. Eləcə də, 1995-ci ilin mart hadisələri. O hadisələri anoloji olaraq 1918-20-ci illərdə müstəqil Azərbaycan Respublikasına qarşı törədilən təxribatlarla eyniləşdirərdim. Əsrin əvvəlində o təxribatlar baş tutdu. Müstəqilliyimizi əlimizdən aldılar. Anoloji hadisələr 1993-94-95-ci illərdə də baş verirdi. Amma bacarmadılar. Fərq ondan ibarət idi ki, Azərbaycanın müasir dövründə müstəqil dövlətçiliyimizi qoruyan və quran dahi şəxsiyyət - Heydər Əliyev var idi. Əvvəlki iş təcrübəsinin və öz dühasının sayəsində O, təxribatların haradan, nə üçün, necə gəldiyini, hansı yolla inkişaf edəcəyini, onların qarşısını necə almağın lazım olduğunu dəqiqliklə bilirdi. Müstəqil Azərbaycan dövlətini quran, onun institutlarını bir-bir təsbit edən, hətta dövlətin əsas qanunu - Konstitutsiya üzərində şəxsən işləyərək öz əlləri ilə müddəalarını yazan Heydər Əliyev olubdur. İndi möhtərəm Prezident İlham Əliyev həmin strateji xətti çox uğurla davam etdirir.
O dövrdə silahlı dəstələr hücum çəkirdi, hətta ulu öndəri fiziki cəhətdən məhv etmək planları var idi. Açığı, idarədə elə adamlar olurdu ki, canlarına qorxu düşürdü, bəlkə də qaçıb gizlənirdilər. Mən o vaxt artıq Nazirlər Kabinetində çalışırdım. İnanın ki, çox əmin idim ki, əgər Heydər Əliyev orada, öz iş kabinetindədirsə, dövlət idarəetmə aparatının başındadırsa və hadisələr onun diqqət mərkəzindədirsə - Azərbaycan üçün heç bir qorxu ola bilməz. Heydər Əliyevə heç kim qalib gələ bilməz... Həqiqətən elə də oldu. Heydər Əliyev silahsız, yalnız dühasının gücü ilə bütün silahlı, qorxunc düşmənləri darmadağın etdi... Ona olan inam məni vəzifəyə gətirdiyi üçün deyildi. Heydər Əliyev hələ Naxçıvanda olanda mən "Vətən səsi" qəzetinin Baş redaktoru kimi yalnız o görkəmli dövlət xadiminin Azərbaycanı xilas etmək üçün hakimiyyətə gəlməsinin labüdlüyüideyasını dəstəkləyir, bu istiqamətdə yazılar, publisistik məqalələr verirdim. Onun kimi nadir, fenomenal şəxsiyyətlər 500 ildən bir doğulur.


- Atatürkə də sevginiz ən azı sosial şəbəkələrdəki paylaşımlarınızdan hiss olunur...
- Ümumiyyətlə, böyük tarixi şəxsiyyətlərə sevgim var. Belə adamlar öz həyatlarını vətən və millət naminə fəda edənlərdir. Gözümüzün qabağında ancaq öz mənafeyini düşünən, hədsiz sərvətlər toplayan, Vətəni öz mənfəəti üçün hər an güdaza verməyə hazır olan o qədər cılız adamlar görürük ki...Amma böyük tarixi şəxsiyyətlər yuxarıdan dünyaya baxanda özlərini yox, öz Vətənlərini, xalqlarını görürlər. Uca Atatürk də o cür dahi insanlardan idi. Dağılan imperiya küllükləri içərisindən yeni bir Türkiyə Cümhuriyyəti qurdu. Eynilə imperiya dağılanda məhv etmək istədikləri Azərbaycanı da ulu öndər Heydər Əliyev qorudu, saxladı, dirçəltdi.
- Akif müəllim, müsahibələrinizin birində demisiniz ki, əgər böyük səhvə yol versəydim, bugünkü mövqeyimdə olmazdım. Heç səhv etmədən fəaliyyət göstərmək mümkündürmü?
- Səhvə yol verməməyin iki tərəfi var. Bunun birincisi vicdana bağlıdır. Vicdanla çalışmalısan ki, hər şeyi doğru-düzgün edəsən. Heç bir kənar işlərə yol verməyəsən. Fikrin başqa yerlərdə olmasın. Sənə tapşırılan işdən və yaxud əlinə düşən fürsətdən yaralanmaq barədə düşünməyəsən. Dövlət qulluqçusu olaraq funksiyana vicdanla yanaşasan. Əgər kimdəsəbu dediklərimlə bərabər həm də savad, təcrübə, dünyagörüşü olmasa, yenə də gördüyü iş istənilən keyfiyyətdə olmaz. Deməli, verilən tapşırıqları lazımi qaydada icra etmək üçün bir yandan mənəvi keyfiyyətlər, digər yandan da işgüzarlıq keyfiyyətləri bir yerdə vəhdət halında olmalıdır. Burada şəxsiyyət faktoru mühüm rol oynayır.
Bəzən qəzetlər məmurlar haqqında neqativ yazır. Amma bir çox ölkələrdə, elə qardaş Türkiyədə məmurlar çox nüfuzlu adamlardır. Orada dövlət qulluqçusuna həqarət yolverilməzdir. Bilmirəm bizdə məmura mənfi münasibət hansı mentalitetdən irəli gəlir. Məmurlar olmasa, dövlət necə idarə olunar? Qəzetlərin məmurlara həqarət edən yazılarına Nazirlər Kabinetində çalışan vicdanlı, peşəkar əməkdaşlarla bir yerdə baxırıq və sadəcə təəssüflənirik. Nazirlər Kabinetində çox vicdanlı, təcrübəli, peşəkar dövlət qulluqçuları işləyir və onların işi də rəhbərlik tərəfindən qiymətləndirilir. Nazirlər Kabinetinə ancaq işini yüksək səviyyədə bilən peşəkar kadrlar dəvət olunur. Dövlət qulluğunda olmaq xalqa xidmət etməkdir. Kim öz işini hansı dərəcədə yerinə yetirə bilir, bu başqa məsələdir. Küll halında “məmurlar pisdir” demək, jurnalistin savadsızlığından, onu dərc edən mətbu orqanın kifayət qədər hadisələrin mahiyyətinə vara bilməməsindən irəli gəlir. Jurnalistinhər şeydən öncə dövlətçilik təfəkkürü öndə olmalıdır. Məsələn, xüsusən cəbhə ilə bağlı xəbərlər yazanda təmsil etdiyin mətbu orqanın yox, dövlətin nüfuzunu qorumaq vacibdir. Düşünməlisən ki, sənin qəzetin, agentliyin, saytın müvəqqətidir, Azərbaycan dövləti - əbədi.
-Televiziyada fəaliyyətinizi davam etdirmək fikriniz varmı?
- "Mədəniyyət” kanalında "Zaman və məkan" müəllif proqramım artıq uzun illərdir gedir. Bilirsiniz ki, dövlət qulluqçusu kommersiya işlərinə, bazar münasibətlərinə qoşula bilməz. Dövlət qulluqçularına qanuna uyğun olaraq yalnız elmi və yaradıcılıq işləri ilə məşğul olmağa icazə verilir.
- Akif müəllim, milli kimliklə dini kimliyin qarışdırılmasına münasibətiniz necədir?
- Cin ayrı, şeytan ayrı... Milliyətinin yerinə, dini mənsubiyyəti necə demək olar? Bu qəti düzgün deyil. Çar Rusiyası dövründə azərbaycanlıları milliyyət olaraq “müsəlman” adlandırırdılar. Hətta vaxtilə ermənilərlə aramızda yaradılmış münaqişəni “erməni-müsəlman” davası adlandırırdılar. Halbuki, erməni-azərbaycanlı, erməni-türk deməli idilər. Amma bizə qərəzli münasibətə görə din amilini qabardırdılar. Bu günsə Konstitusiyamıza görə din dövlətdən ayrıdır. Biz demokratik ölkəyik və Azərbaycan vətəndaşlarıyıq. Din və vətəndaşlıq, millət anlayışları fərqli-fərqli məsələlərdir. Bu gün “biz müsəlman millətiyik” demək avamlıq olardı. Biz, türk kökənli azərbaycanlıyıq. Milyon ildir burada yaşayan xalqın nümayəndələriyik. Bura köçüb gəlməmişik. Oğuz türkləri bura səlcuq türklərindən də əvvəl gəlib... Din isə bir-iki min ildir yaranıb. Kimin hansı dinə inanması onun öz şəxsi işidir. Din Tanrı ilə insanın arasında olan sirli əlaqədən ibarətdir. O mübhəmə üçüncü kimsənin qarışması,hətta kiməsə düzgün ibadət edib-etmədiyinə görə cəza verməsi – VII əsrdəki eyni cahillik əlamədidir.


- İlk dəfə Tanrının varlığını hansı yaşda dərk etmisiniz?
- İnsan hansısa məsələlərin ondan asılı olmadan həllini tapdığını görəndə bunu fövqəlqüvvə ilə bağlayır. Mən də kainatın hansısa bir mütləq idrak, ali zəka tərəfindən idarə olunduğunun fərqindəyəm.Türk xalqının Tanrısı hələ yüz min il əvvəllərdən də var idi. Yeri gəlmişkən, "Azman" kitabında mən bu barədə yazmışam. Babəki guya ki, allahsızlıqda günahlandırırlar. Amma Babəkin Tanrısı var idi. Oğuz Türkünün Tanrısı və onların öz duaları var idi. Azərbaycan torpağında doğulan Zərdüşt peyğəmbərə verilmiş "Avesta" Tanrıdan nazil olunmuş Kitab idi. Biz də kökdən Kitab əhli olmuşuq. Və “Avesta”da ilahidən gələn “doğru danış, doğru düşün, doğru yaşa” tövsiyyəsi sonradan digər Kitablarda da Doğru Yol olaraq cahillərə endirildi. Ərəblər sadəcə o vaxt öz işğal və qarətlərinə bəraət qazandırmaq üçün əməllərinə müqəddəslik donu geyindirir, guya bizim xalqa yeni din gətirmək bəhanəsi irəli sürürdülər. Amma bu yurdda təktanrılıq ərəblərdən min illər qabaq olub.
- İnsan taleyindən önə keçə bilərmi?
- Tarixən bütün fiolsoflar alın yazısının olub-olmadığı barədə düşünüblər. İnsan öz taleyinin sahibidirmi, yoxsa yox. Bəzən adama elə gəlir ki, o öz istədiyini edə və öz həyatını qura bilər. Ancaq bəzən də görürsən ki, səndən asılı olmayaraq hadisələr cəryan edir. Mən qəti əminəm ki, həyatda təsadüflər yoxdur. 20-30 il bundan əvvəl baş verən hadisənin, etdiyin əməlinnəticəsini haçansa görürsən. Kainat miqyasında 20-30 il heç nədir. Deməi 20 il bundan əvvəl olanın bu gün nəticəsini görürsənsə, bu hansısa bir zərurətdir. Məhəmməd peyğəmbərin "Ulu Tanrı məntiqdən gözəl bir şey yaratmamışdır!" - deyə, müdrik bir deyimi var. Həqiqətən bu aləmdə hər şey məntiqlə idarə olunur. Hər bir insanın davranışının məntiqi nəticəsi onun qarşısına çıxır. Həyatını hansı məntiqə uyğun yaşayırsansa, onun da nəticəsini görürsən.Bu o demək deyil ki, əlini-qolunu yanına sal və olacağa çarə yoxdur, de. İnsan Tanrının onun daxilinə qoyduğu enerjiyə istinad edərək bacardığı qədər çalışmalıdır... O da var ki, hər insanın daxilinə Tanrı tərəfindən qoyulan fərdiyyət kodunun, istedadın açılmasına ətraf mühit də kömək etməli, şərait yaradılmalıdır.


- Çox zaman şərait yerinə mane də olurlar...
- Bəli, məsələn, 1937-ci ildə insanları aparıb Sibirdə çürütdülər. Onların arasında nə qədər istedadlı insanlar getdi!Bilirdilər ki, bu potensial açıldıqça ziyalılar xalqlarını inkişaf etdirəcək. Ona görə də eynilə siyasi-ideoloji mülahizələrə görə qəsdlə belə edirdilər ki, dəmir pərdələr arasına salınan xalqlar kölə vəziyyətdən, “aclar və qullar” halından çıxmasınlar... Bu gün də mən əminəm, əgər bir kimsə istedalı bir soydaşımızın qarşısını alırsa, bacarıqlı vətəndaşın inkişafına mane olursa, demək kökdəadam bu xalqı və bu ölkəni sevmir. Bayaq gənc yazıçılarla bağlı sual verdiniz. Gənc yazıçının potensialı açılmalıdr. Onun yolunu kəsmək olmaz. Qoy, o potensial görünsün. Nələr varsa, üzə çıxsın. Keyfiyyəti - başqa şeydir, onusən həll etmirsən. O Tanrının işidir. Sən şəraitini yarat, iblisanəliklə mane olma, pislik etmə.
-Axmaqları ağıllanmaları üçün törətdikləri ilə baş-başa buraxmaq lazımdır, yoxsa onlara kömək tərəfdarısnız?
- Kömək etmək lazımdır, amma əgər axmaqlığında israr edirsə, təcrid olunmalıdır. Dünyanın Cinayət və Cəza dilemması var. Cəza cinayətə uyğun olmalıdır. Cinayətdən artıq cəza da ədalətsizlikdir, canini özbaşına buraxmaq da. Tanrının nazil etdiyi Kitabların hər biri insanlarıDoğru Yola səsləyir. Əgər insanlar nəsihətlə düz yola gəlsəydi,min illər qabaqdan o Kitabları oxuyub gələrdilər. Ona görə dəcinayət törədəni cəmiyyətdən təcrid etməyə məcbur olub bəşəriyyət.
-Ayağınızdan çəkmək istəyən insanlara qarşı mübarizənizi hansı şəkildə aparırsınız?
-...Karvan öz yolu ilə gedir. Ancaq öz işimlə, fəaliyyətimlə məşğul oluram. Mənim bədxahlarımı məhv edən ancaq mənim yaradıcı əməyim ola bilər. Səfeh adamla mübarizəyə vaxt sərf etməkdənsə, öz işini qüsursuz şəkildə görmək daha ağıllı yoldur.
- İstedadı dönə-dönə sübut etməyə gərək varmı?
-Təəssüf ki, var. Jül Renarın “Gündəliklər”ində belə fikir var. Deyir ki, bu dünayada istedadlı olduğunu dönə-dönə istedadsızlara sübut etməyə məcbursan. Bəli. Adam var ki, "necəsən, qanmayam dədən yansın" prinsipi ilə yaşayır. O qanmaz adamları dönə-dönə qandırmağa məcbursan. Təbii fiziki yox, intellektual güclə. Sənin işin yaxşı olanda özünü pis hiss edən o qədər bədxahlar, paxıllar var ki.... Anlamır ki, onun içindəki paxıllıq hissi onu elə içəridən didir, həsəd hissi məhv edir. O duyğulara qapılıb qalan heç vaxt inkişaf edə bilməz, keyfiyyətli iş də görə bilməz.
- Yazarlar çox olduğu kimi, media aləmində jurnalistlər də çoxdur. Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbərini tanımayan jurnalistlərin sayı çoxdurmu. Hansısa jurnalistin Sizi tanımamasının günahını kimdə görürsünüz?
Foto: Firi Səlim
(ardı var)







Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/akif-eli-bu-yurdda-tektanriliq-ereblerden-min-iller-qabaq-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR