“Dördgünlük müharibə”nin QURBANI: Sarkisyanın imzasında AZƏRBAYCAN İZİ

“Dördgünlük müharibə”nin QURBANI: Sarkisyanın imzasında AZƏRBAYCAN İZİ
12:53 11 Mart 2017
115 Digər
Ölkə mətbuatı
A- A+

“Ermənistanın Rusiyadakı səfiri Oleq Yesayanın vəzifəsindən kənarlaşdırılması Rusiya jurnalisti Vladimir Solovyevin tənqidi ilə bağlıdır”.

Publika.az xəbər verir ki, bu fikirlə Ermənistanın Rusiyadakı səfiri Oleq Yesayanın əvəzlənməsini şərh edən erməni politoloqları Manvel Sarkisyan və Ruben Meqrabyan çıxış ediblər.

Ermənistan prezidenti Serj Sarkisyan martın 10-da Rusiyaya yeni səfir təyin edib. Vardan Toqanyan Ermənistanın Rusiyadakı səfiri vəzifəsini yerinə yetirəcək.

Ermənistan Strateji və Milli Tədqiqatlar Mərkəzinin direktoru Manvel Sarkisyanın sözlərinə görə, Rusiya jurnalisti Vladimir Solovyevin tənqidi səfirin vəzifəsindən kənarlaşdırılması məsələsində əsas rol oynayıb.

“Aprel müharibəsindən sonra Ermənistanda səfirin fəaliyyətini tənqid etdilər. Ancaq hakimiyyət bu tənqidlərə diqqət vermədi. Vəziyyət yalnız Solovyevin bəyanatından sonra dəyişdi. Rusiya jurnalisti dedi ki, səfirin fəaliyyətsizliyi faktiki olaraq Ermənistan-Rusiya münasibətlərinə təsir edir”, - politoloq bildirib.

Xatırladaq ki, Vladimir Solovyev və Rusiya prezidenti Vladimir Putinin mediadakı əsas adamı hesab olunan “Rossia seqodnya”nın baş redaktoru Dmitri Kiselyov martın 7-də İrəvanda mətbuat konfransı keçiriblər. Vladimir Solovyev bildirib ki, Ermənistanın Moskvadakı səfiri Oleq Yesayan Azərbaycanın səfiri Polad Bülbüloğluna açıq-aşkar uduzur. Rusiyalı jurnalist həmçinin qeyd edib ki, erməni səfiri 2016-cı ilin aprelində Qarabağ münaqişəsinin kəskinləşməsi zamanı fəaliyyətsiz olub.

Siyasi və Beynəlxalq Tədqiqatların Mərkəzinin eksperti, politoloq Ruben Meqrabyan da eyni fikirdədir. Meqrabyan da öz növbəsində, səfirin dəyişdirilməsi ilə bağlı İrəvanın addımını gecikmiş adlandırıb: “Səfir öz vəzifəsinə uyğun deyildi. Rusiyada erməni diplomatiyasının çoxillik fəaliyyətsizliyi buna sübutdur”.

Ruben Meqrabyan səfirin dəyişdirilməsində Vladimir Solovyevin fikrinin həlledici rol oynadığına dair iddialarla razılaşdığını söyləyib. Politoloq Rusiya jurnalistinin sözlərinin Moskvanın erməni cəmiyyətində korlanmış imicini düzəltmək üçün piar olduğunu da istisna etməyib. O, Rusiyanın strateji müttəfiq və partnyoru olan Azərbaycana biznes adı ilə hücum silahları satdığını vurğulayıb.

Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskəndəryan isə hesab edir ki, erməni səfirinin vəzifəsindən kənarlaşdırılmasında siyasi səbəb yoxdur: “Yesayan kifayət qədər uzun müddətdə diplomatik missiyaya başçılıq edirdi və onun əvəzlənməsi çoxdan planlaşdırılırdı”.

Eyni zamanda, politoloq hesab edir ki, yeni səfirdən sərt, məsələn, Azərbaycana Rusiya silahlarının çatdırılması ilə əlaqədar bəyanatlar gözləmək lazım deyil.

Qeyd edək ki, Rusiyanın Azərbaycana silah satmasına görə narazılıq Ermənistanda həm rəsmilər, həm də KİV tərəfindən zaman-zaman gündəmə gətirilir. Son olaraq aprelin 8-də Rusiya baş nazirinin müavini, müdafiə sənayesinin kuratoru Dmitri Roqozin bildirib ki, Rusiya daha əvvəl bağlanmış müqavilələrə uyğun olaraq həm Bakıya, həm də İrəvana silahların çatdırılmasına davam edəcək.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/190941.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR