Komandan: “IV İslam Həmrəyliyi Oyunlarında Daxili Qoşunların qarşısında mühüm tapşırıqlar qoyulub”

Komandan: “IV İslam Həmrəyliyi Oyunlarında Daxili Qoşunların qarşısında mühüm tapşırıqlar qoyulub”
18:02 11 Mart 2017
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 mart. REPORT.AZ/ Martın 12-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 25 il ötür. "Report"un məlumatına görə, bu əlamətdar hadisə münasibətilə Daxili Qoşunların komandanlığı və bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçək dəstələri düzülüb.
Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsi yad edilib, "Əbədi məşəl" önünə əklil qoyulub. 
Daha sonra Daxili Qoşunların Baş İdarəsində bu qurumun yaranmasının 25 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimdə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov və Azərbaycan Respublikası Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev iştirak ediblər.
Daxili işlər nazirinin müavini-Daxili Qoşunlar komandanı, general-leytenant Şahin Məmmədov qurumun yaranması, inkişafı və bugünü barədə geniş məruzə ilə çıxış edib.
Məruzəçi bildirib ki, respublikada ictimai asayişi pozmaq cəhdlərinin qarşısının alınması və silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsi üzrə keçirilən xüsusi əməliyyatlarda şəxsi heyət hər zaman yüksək döyüş hazırlığı, peşəkarlıq göstərib.
Ölkəmizdə keçirilən mötəbər beynəlxalq idman yarışları - Birinci Avropa Oyunları və “Formula-1 Avropa Qran Pri”si zamanı ictimai asayişin və təhlükəsizliyin təmin edilməsində şəxsi heyət fəal iştirak edib, müəyyən olunmuş tapşırıqların öhdəsindən layiqincə gəlib. Bu il keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunlarında da Daxili Qoşunların qarşısında mühüm tapşırıqlar qoyulub və şübhə yoxdur ki, şəxsi heyət bu dəfə də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək.
Yubiley mərasimində çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin peşə bayramı münasibətilə təbriklərini və xoş arzularını şəxsi heyətə çatdırıb. 
Daxili işlər naziri Qoşunların özünün ən müqəddəs missiyasını Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında gördüyünü və bu gün torpaqlarımızın işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatlara tam hazır olduğunu, bu missiyanın uğurla həyata keçirilməsi üçün şəxsi heyətin Silahlı Qüvvələrlə birgə hərbi təlimlərdə fəal iştirak etdiyini diqqətə çatdırıb. Xüsusilə qeyd edilib ki, yaranmasından cəmi 25 il keçməsinə baxmayaraq, bu gün Daxili Qoşunlar hazırlıq səviyyəsinə görə aparıcı Avropa dövlətlərinin müvafiq qurumlarından heç də geri qalmır və dünyada tanınmış hərbi ekspertlər də bunu etiraf edirlər.
Çıxışının sonunda general-polkovnik Ramil Usubov daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək qiymətləndirən, peşə bayramı ərəfəsində bir qrup hərbi qulluqçunu dövlət mükafatları ilə təltif edən Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. O, ölkə başçısını əmin edib ki, "Vətənin əsgəri" adını daim uca tutan hərbi qulluqçular bundan sonra da müstəqilliyin və daxili təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanacaq, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarıqlarını əsirgəməyəcək, döyüş hazırlıqlarını daim artıracaqlar.
Daxili Qoşunların yaranmasının 25-ci ildönümü ilə əlaqədar bir qrup hərbi qulluqçunun təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı, həmçinin daxili işlər nazirinin və nazir müavini-Daxili Qoşunlar komandanının imzaladıqları əmrlər elan olunduqdan sonra xidmətdə fərqlənənlərə dövlət təltifləri və yeni rütbələrin paqonları təqdim edilib.
Tədbirin sonunda mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.        




Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/komandan-iv-i-slam-hemreyliyi-oyunlarinda-daxili-qosunlarin-qarsisinda-muhum-tapsiriqlar-qoyulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR