"Cərəyan edən proseslər Rəcəb Tayyib Ərdoğanın liderliyinin Avropa tərəfindən qəbul edilə bilməməsiylə bağlıdır".
Publika.az bildirir ki, bunu APA-ya açıqlamasında Niderlandın Türkiyə xarici
işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazə
verməməsi və ailə və sosial siyasət naziri Fatma Betül Sayan
Kayanın Rotterdamdakı Türkiyə konsulluğuna buraxılmayaraq ölkədən
çıxarılmasına münasibət bildirən "Güneş" qəzetinin köşə yazarı,
"Ülke TV"-nin proqram aparıcısı, Avrasiya Bir Vəqfinin müdiri Ömər
Özkaya söyləyib.
Ö. Özkaya deyib ki, Avropa Şərq ölkələrində itirdiyi etibarını və
nüfuzunu yenidən qazana bilmək üçün R. T. Ərdoğanın Türkiyə
iqtidarından uzaqlaşdırılmasının əsas şərt olduğunu düşünür: "Ona
görə də Türkiyəni Əfqanıstan və Pakistan kimi terrorun səngimədiyi
ölkəyə çevirməyə çalışırlar. Ərdoğan sayəsində Türkiyə son illərdə
çox inkişaf edib, Avropa da narahat edən budur. Buna görə hər
addımda Türkiyəyə badalaq qurmağa çalışırlar"
Makedoniyadakı Beynəlxalq Vizyon Universitetinin prorektoru,
Ankaradakı Kafkas Stratejik Araşdırmalar Mərkəzinin sədri Həsən
Oktay APA-ya açıqlamasında bildirib ki, Hollandiya Almaniya və
Avstriya ilə birlikdə hərəkət edir: "Əsas məqsəd Ukrayna böhranında
Rusiyaya qarşı açıq şəkildə öz mövqeyini nümayiş etdirməyən
Türkiyəni Avropanın gözündən salmaqdır. Bunun da adını "Türkiyə öz
daxili məsələlərini Avropaya gətirməsin"- qoyurlar. Yaxın
gələcəkdəki seçkilərdə hər üç ölkə Türkiyəyə qarşı həyata keçirilən
bu təzyiqlərdən öz daxili siyasətində də istifadə edəcək. Türkiyə
təmkinli davranmalı və qurulan tələni görərək diplomatiya
yollarından istifadə etməlidir. Avropanın məqsədlərindən biri də
Türkiyəni emosional davranmağa məcbur etmək və başqa ittifaqlar
barədə düşünməyə məcbur etməkdir. Bu da bizə qarşı qurulmuş
tələdir. Biz öz hədəfimizdən vaz keçməməli və təmkinli davranaraq,
burulğandan çıxmalıyıq. Əks-təqdirdə Avropada yüksəlməkdə olan
siyasi trendlərin dəyirmanına su tökərik. Diplomatiya yollarından
axıra qədər istifadə edilməli və Avropa İttifaqı ümidlərinin
tükədilməsinə qətiyyən yol verilməməlidir".