Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın başçılıq etdiyi nümayəndə heyəti Horadiz şəhərinə və Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, öncə Cocuq
Mərcanlı kəndinə gələn nümayəndə heyətinə ermənilərin işğal olunmuş
ərazilərdə törətdikləri vəhşiliklər, Azərbaycan prezidentinin
kəndin bərpası haqqında Sərəncamına əsasən ərazidə aparılan
minalardan təmizləmə və tikinti işləri barədə məlumat verilib.
Bildirilib ki, işğalçı Ermənistan ordusu tərəfindən tamamilə
dağıdılan Cocuq Mərcanlıda birinci mərhələdə 50 fərdi yaşayış
evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi
həyata keçiriləcək. Növbəti mərhələdə isə 150 evin və digər
infrastrukturun tikintisi və bərpası nəzərdə tutulur. Kənddə
aparılan tikinti-quruculuq işlərini müşahidə edən Fransa nümayəndə
heyəti münaqişənin sülh yolu ilə həllinə ümid bəslədiklərini
bildiriblər.
Sonra Horadiz şəhərinə gələn nümayəndə heyətinə Ermənistan silahlı
bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində snayper
tüfənglərindən və minaatanlardan da istifadə etməklə atəşkəs
rejimini pozmaları barədə məlumat verilib. Füzuli Rayon İcra
Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, düşmən atəşlərinə
baxmayaraq, rayonda həyat öz axarı ilə davam edir. Sakinlər
gündəlik məişət qayğıları və təsərrüfat işləri ilə məşğul olurlar.
Diqqətə çatdırılıb ki, Cocuq Mərcanlı kəndi kimi, Horadiz şəhəri də
Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunaraq
dağıdılıb. 1994-cü ildə şəhər işğaldan azad edildikdən sonra burada
geniş bərpa-yenidənqurma, abadlıq-quruculuq işləri aparılıb.
Görülən işlər sayəsində Horadiz bu gün gözəlliyi ilə seçilən abad
bir şəhərə çevrilib. İndi Horadiz Fransanın Altkirch şəhəri ilə
qardaşlaşmış şəhərdir.