Baş konsul: "Batumidə baş vermiş iğtişaşlarda azərbaycanlılar xəsarət almayıb"

Baş konsul: "Batumidə baş vermiş iğtişaşlarda azərbaycanlılar xəsarət almayıb"
23:22 12 Mart 2017
95 Dünya
Ölkə mətbuatı
A- A+

Tbilisi. 12 mart. REPORT.AZ/ "Martın 11-də Acarıstan Muxtar Respublikasının Batumi şəhərində baş vermiş iğtişaşlarda Azərbaycan vətəndaşları və ya bu ölkədə yaşayan soydaşlarımız xəsarət almayıb".
Bunu “Report”un Gürcüstan bürosuna müsahibəsində Azərbaycanın Batumi şəhərindəki Baş konsulu Rəşad İsmayılov deyib.
R.İsmayılov bildirib ki, martın 11-də bəzi səbəblərdən mülki əhali ilə polis arasında qarşıdurma olub. Həmin gün 500-ə yaxın sakin polis idarəsini mühasirəyə alaraq, asayiş keşikçilərinin vətəndaşa qarşı kobud davrandığını əsas gətirərək etiraz aksiyası keçirib.
Aksiya iştirakçıları polis binasını, polis maşınlarını daş-qalaq edib, habelə ağacları yandırıb. Nəticədə infrastruktura ciddi ziyan dəyib.
Batumi şəhərinin meri Gioegi Yermakov, Gürcüstanın daxili işlər naziri Georgi Mqrebişvili, Acarıstan MR Ali Məclisinin sədri David Qabaidze və digər rəsmi şəxslər hadisə yerinə gələrək əhalini sakitliyə dəvət ediblər.
Dövlət və hökumət rəsmiləri hadisənin səbəblərinin araşdırılacağını, səbəbkarların və hüquqazidd əməllər törətmiş şəxslərin cəzalandırılacağını bəyan ediblər.
Diplomat deyib ki, Baş konsulluq hadisələrin gedişini diqqətlə izləyir, soydaşlarımızın bu aksiyalarda iştirakı barədə xəbərlərə xüsusi diqqət yetirir. Baş vermiş iğtişaşlarda azərbaycanlıların iştirakı və ya xəsarət alması barədə konsulluğa heç bir məlumat və ya müraciət daxil olmayıb.
“Hazırda şəhərdə vəziyyət sabitdir və vətəndaşların həyatı üçün heç bir təhlükə yoxdur”- deyə Rəşad İsmayılov vurğulayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/batumide-bas-veren-igtisaslarda-azerbaycanlilar-xesaret-almayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR