Demokratlar üçün viaqra və Azərbaycan düşməninin kanslerlə müharibəsi - FOTOLAR

Demokratlar üçün viaqra və Azərbaycan düşməninin kanslerlə müharibəsi - FOTOLAR
10:03 13 Mart 2017
94 Digər
Ölkə mətbuatı
A- A+

Bir neçə ay öncə Almaniyada bu il keçiriləcək parlament seçkilərində Angele Merkelin və onun rəhbərlik etdiyi blokun - Xristisan Demokratlar İttifaqı və Xristian Sosialistlər İttifaqının (XDS/XSS) qələbə qazanacağına heç kim şübhə etmirdi. Lakin Almaniya Sosial-Demokrat Partiyasına (SDPQ) Avropa Parlamentinin keçmiş sədri Martin Şults rəhbərlik etməyə başlayandan sonra, Merkelin dördüncü dəfə kansler olması ehtimalı tədricən zəifləyir.

Publika.az xəbər verir ki, Şults Almaniya siyasətində sürətlə yüksəlir. Hətta onun attestatının olmaması və gənclikdə içki düşkünü olması yüksəlişinə mane olmur.

Sosial-demokratlar üçün viaqra

“The Washington Post” nəşri alman siyasətində Martin Şultsun yerini belə təsvir edir: “Onun gəlişi onilliklərdir seçkini qazana bilməyən SDPQ üçün bir növ viaqra rolunu oynadı. İndiyə qədər XDS-nin digər partiyalarla qurduğu ittifaq iqtidarda olub, sosial-demokratlar isə seçkidə daim ikinci pillədə yer alırdı”.
Şults yanvarın sonunda seçkiqabağı marafona qoşuldu və bir ay ərzində 10 məntəqədə hər şeyi öz partiyasının xeyrinə dəyişməyi bacardı. Bəzi ictimai rəy sorğularına görə, Şults təkcə Merkeli izləmir, bir çox hallarda onu geridə də qoyur. Alman KİV yazır ki, “əgər seçkilər bu gün keçirilsəydi, sosial-demokratlar 32 faiz, Mereklin rəhbərlik etdiyi xristian demokratlar isə 31 faiz səs alardı”.

Rəy sorğularına görə, alman seçicilərinin 50 faizi Şultsu Merkelin kreslosunda görmək istəyir, 39 faiz isə Merkeli dəstəkləyir.

Rahibəni belə monastrdan qaçıra bilər

Şreder Herhardın istefasından sonra SDPQ liderləri o qədər də nüfuzlu olmayıb. Onlar arasında Almaniyanın hazırki prezidenti Frank-Valter Ştaynmayer (Bundestaq onu prezident seçənə qədər Ştaynmayer xarici işlər naziri idi) ən məşhur siyasətçi hesab olunurdu. Lakin 2009-cu ildə o,seçkidə Merkelə məğlub olandan sonra kansler postu uğrunda mübarizə aparmağa tövbə etdi. Sosial-demokratların digər sədri Ziqmar Qabriel seçicilər arasında son dərəcədə qeyri-populyar idi. Şreder Herharddan sonra Villi Brandt, Helmut Şmid və digərləri kansler kreslosu uğrunda mübarizəni dörd dəfə uduzub. Martin Şultsun gəlişi ilə vəziyyət SDPQ-nin xeyrinə dəyişir.

“Şults gözəl natiqdir. O hər şeyi ağılla izah edir, emosionaldır, yumora malikdir, bununla yanaşı, həmişə öz fikirlərini tarixi faktlarla gücləndirir. Bəzən o, yüksəkdən və kəskin danışır”, - deyə “Der Welt” nəşri onu tərifləyir.

Şultsun yaxın dostu Axim Qrossmann iddia edir ki, Martin hətta rahibəni monastrı tərk etməyə belə inandıra bilər.

“Süddeutsche Zeitung” qəzeti yazır ki, Şults “Avropanı yenidən böyük edək” (Make Europe Great Again MEGA) şüarı ilə çıxış edir.

Məktəbi atdı, içkiyə qurşandı – Azərbaycanın düşməninin Allahı kim idi?

Martin Şultsun tərcümeyi-halı onu tipik siyasətçilərdən fərqləndirir. SDPQ-nin gələcək lideri Şimali Reynin Vestfaliya kəndində polis ailəsində dünyaya göz açıb. İki dəfə ard-arda sinifdə qaldığı üçün nəticədə məktəbi buraxmalı olub. Buna görə də orta təhsil attestatı yoxdur. “Mən çox da yaxşı şagird deyildim”, - Şults etiraf edir.

Onun təhsilə az maraq göstərməsinin səbəbi futbol həvəskarı olması idi.

“Mən sadəcə futbol dəlisi idim. “Kicker” jurnalı mənim Bibliyam, Allahım isə Volfqanq Overat idi (1974-cü il dünya çempionatında Almaniya milli komandasının yarımmüdafiəçisi)”, - deyə o danışır.

Lakin dizindən aldığı zədə onu peşəkar idmandan uzaqlaşdırır. Vəziyyət belə olanda Şults içkiyə qurşanır. Özü danışır ki, 18 yaşından 24 yaşına qədər faktiki olaraq içki butulkasından ayrılmırdı. Ona alkoqolu birdəfəlik atmağa ixtisasca həkim olan doğma qardaşı yardım edib.

Bundan sonra o, 1982-ci ildə “Martin Şultsun kitab mağazası” dükanını açır. Daha sonra siyasətə atılır, Avropa Parlamentinin deputatı və sədri olur.

Almanlar Şultsu sevirlər. İki uşaq atası olan siyasətçi beş xarici dili – ingilis, fransız, ispan, holland və italyan – mükəmməl bilir.

Lakin Azərbaycan üçün Martin Şults daim ikili standartlardan çıxış edən siyasətçi olaraq xatırlanır. Bu, səbəbsiz deyil: Şults Avropa Parlamentində deputat olduğu, daha sonra sədrlik etdiyi dövrdə daim Azərbaycanın əleyhinə çıxışlar edir, anti-Azərbaycan layihələrdə yer alırdı. Bir sözlə o, Azərbaycanın düşməni idi və bunu heç vaxt gizlətməyib.

Elxan Süleymanov: “O, Azərbaycanın qatı düşmənidir”



Vədlər və eyforiya

Şultsun seçicilərə nə vəd etdiyi və Merkeldən hansı cəhətlərinə görə fərqləndiyini hələlik dəqiq demək çətindir. Yaxın günlərdə SDPQ-nin öz proqramını müəyyən edəcəyi gözlənilir. Yalnız o məlumdur ki, Avropa Parlamentinin keçmiş sədri Avropa İttifaqında islahatlar keçirməyə və sosial-demokratiyanın həqiqi dəyərlərinə qayıtmağa çağırır, alman cəmiyyətində bərabərsizliyi aradan qaldıracağına söz verir, ahıl insanlar üçün işsizlik müavinətini 48 aya qədər uzatmağı, pensiyaları yüksəltməyi vəd edir.

SDPQ-ni bir çox hallarda Merkelin siyasətini təkrar etməkdə ittiham edirlər. Xüsusilə miqrasiya siyasətində, milli təhlükəsizlik məsələlərində, terrorizmlə mübarizə və Rusiya ilə münasibətlərdə Merkelin əksinə hərəkət edilmir. Şults isə Avropa Parlamentinin rəhbəri olanda dəfələrlə Rusiyanı ittiham edib.

Almaniya KİV istisna etmir ki, seçkiqabağı dövrdə Şults eyforiyası tez başa çatacaq.

“İnanın, 20 il Almaniyadan xaricdə yaşamış şəxsə alman siyasətinə öyrəşmək çox çətin olacaq”, - deyə yerli media yazır.

Hazırda Merkelə “Almaniya üçün alternativ” (AdQ) partiyası rəqib hesab olunur. Çünki bu partiya koalisiya hökumətində yer almır və Merkeli açıq şəkildə tənqid edir.

Hesablamalara görə, sentyabrın 24-də keçiriləcək seçkilərə qədər Şultsun reytinqi “uçmayacaqsa”, SDPQ və XDS/XSS bloku səsləri bərabər miqdarda alacaq və koalisiya formalaşdırmağa məcbur olacaqlar. Sosial-demokratlar solçular və yaşıllarla birləşərək, Bundestaqda əsas üstünlüyə malik olmağa çalışacaqlar. Hələlik, indidən nəsə proqnozlaşdırmaq çətindir. Amma Almaniyada bu dəfəki seçki kampaniyası olduqca maraqlı olacaq.

Asif

Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/191119.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR