XİN-dən Polad Bülbüloğlu ilə bağlı AÇIQLAMA

XİN-dən Polad Bülbüloğlu ilə bağlı AÇIQLAMA
17:27 13 Mart 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

"Polad Bülbüloğlunun YUNESKO-nun baş direktoru vəzifəsinə seçiləcəyi təqdirdə, bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə inanırıq".

Milli.Az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, 2017-ci ildə Azərbaycanın YUNESKO-ya üzvlüyünün 25 illiyi qeyd olunur: "Bu illər ərzində Azərbaycan və YUNESKO arasında sıx əməkdaşlıq qurulub, YUNESKO ölkəmizdə mədəni irsin təşviqi və qorunması, təhsil və elm sahəsində islahatların aparılması işinə öz əsaslı dəstəyini verib".

XİN rəsmisi əlavə edib ki, multikulturalizm dövlət siyasətinin prioriteti olan Azərbaycan zəngin tolerantlıq və mədəniyyətlərarası dialoq ənənələri ilə YUNESKO-nun dəyərlərinə və ideallarına sadiq olaraq onların təşviq edilməsinə ardıcıl surətdə öz töhfəsini verməkdədir. Qeyd olunanları və hazırda YUNESKO-nun baş direktoru olan İrina Bokovanın fəaliyyət müddətinin başa çatmasını nəzərə alaraq, Azərbaycan hökuməti YUNESKO-nun prosedur qaydalarına uyğun olaraq Polad Bülbüloğlunun təşkilatın baş direktoru vəzifəsinə namizədliyini irəli sürüb:

"Təbiətən mədəniyyətə, incəsənətə və elmə bağlı olan, bəstəkar, müğənni, aktyor və elmi fəaliyyəti ilə seçilən, uzun müddət nazir vəzifəsində çalışmış, TÜRKSOY-un qurucularından biri olan və 14 il bu beynəlxalq təşkilata rəhbərlik edən, Azərbaycanın YUNESKO ilə əməkdaşlığının qurulmasında və inkişafında bilavasitə iştirak edən, zəngin diplomatik təcrübəyə malik olan bir şəxs kimi Polad Bülbüloğlunun YUNESKO-nun baş direktoru vəzifəsinə seçiləcəyi təqdirdə, bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə və YUNESKO-nun məqsəd və məramlarının təşviqinə öz töhfəsini verəcəyinə inanırıq".

H.Hacıyev deyib ki, YUNESKO-nun Baş Assambleyası YUNESKO baş direktorunun üzv dövlətlər tərəfindən irəli sürülmüş namizədlər sırasından İcraiyyə Şurasının tövsiyəsi əsasında 2017-ci ilin oktyabr-noyabr aylarında seçilməsini həyata keçirəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/525746.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR