"Xruşşovka"lar söküləcək - Baş nazirdən QƏRAR

"Xruşşovka"lar söküləcək - Baş nazirdən QƏRAR
17:59 13 Mart 2017
47 Digər
Ölkə mətbuatı
A- A+

Baş nazir  Artur Rasi-zadə Bakı şəhərinin 1-ci mikrorayonunun yenidən qurulması ilə əlaqədar tədbirlər barədə qərar verib.

 

Lent.az-ın məlumatına görə, qərara əsasən,  Bakı şəhərinin mikrorayonlarında əsasən Fransanın "Kamyu" şirkətinin istehsalı olan və sonralar "Xruşşovka" kimi tanınan müvəqqəti yaşayış üçün nəzərdə tutulan, öz istismar müddətini başa vurmuş iripanelli yaşayış binalarında yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi üçün həmin binaların sökülərək yerində müasir tələblərə uyğun yeni çoxmərtəbəli binalar tikiləcək. 

 

Bakı şəhərinin 1-ci mikrorayonunun ərazisində aparılacaq yenidənqurma işləri üzrə sifarişçi funksiyası Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə həvalə edilib. 

 

Fövqəladə Hallar Nazirliyi "pilot layihə" kimi, Bakı şəhərinin 1-ci mikrorayonunda mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, mövcud şəhərsalma normalarına cavab verməyən, "Xruşşovka" kimi tanınan yaşayış binalarının və həmin mikrorayonun ərazisindəki digər yaşayış və qeyri-yaşayış təyinatlı tikililərin sökülərək yerində yeni binaların tikilməsi, sosial infrastrukturun yaradılması və abadlaşdırılması üzrə ərazinin müfəssəl planının hazırlanması və təsdiqini, həmçinin bu müfəssəl plan əsasında yerinə yetiriləcək işlərin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasını və işlərin icrasını özündə əks etdirən Tədbirlər Planının layihəsini hazırlayaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmaqla, təsdiq edilməsi üçün 15 gün müddətində Nazirlər Kabinetinə təqdim edəcək, aparılacaq tikinti işlərinə özəl şirkətlərin vəsaitlərinin və kredit vəsaitlərinin cəlb edilməsini, tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb edəcəkləri kredit vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə köməklik göstərilməsini təmin edəcək.

 

FHN həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq, binaları sökərək onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə, onlara məxsus olan mənzilin ümumi sahəsindən 10 faiz əlavə sahə olmaqla, sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binalarında sökülmüş binalarda olduğu mərtəbədə, 1-ci mərtəbədə olan mənzillərin əvəzinə isə 1-ci yaşayış mərtəbəsində mənzillərin ayrılmasını təmin edəcək.

 

Binaları sökərək onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək söküləcək binalarda, o cümlədən ərazidə ayrıca yerləşən və binalara bitişik olmayan qeyri-yaşayış sahələrinin sahiblərinə müvəqqəti olaraq istifadəyə (icarəyə) verilmiş qeyri-yaşayış sahələri üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sahibkarlara, onlara məxsus olan qeyri-yaşayış sahələrinin ümumi sahəsindən 10 faiz əlavə sahə olmaqla, sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binalarında qeyri-yaşayış sahələri ayrılacaq. 

 

Təhsil, Səhiyyə nazirlikləri və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə Bakı şəhərinin 1-ci mikrorayonu ərazisində yerləşən məktəb, uşaq bağçası, körpələr evi, xəstəxana və digər qeyri-yaşayış binalarının texniki vəziyyətini araşdırıb büdcə vəsaiti hesabına həmin binaların təmiri, yenidən qurulması və ya sökülüb yenidən tikilməsi barədə aidiyyəti üzrə təkliflər hazırlayıb bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

 

Bu qərarın icrası ilə əlaqədar yerinə yetiriləcək işlərin əlaqələndirilməsini və qarşıya çıxan məsələlərin operativ və hərtərəfli həllini təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin, Fövqəladə Hallar, İqtisadiyyat, Daxili İşlər, Maliyyə nazirliklərinin və Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə daimi fəaliyyət göstərən işçi qrup yaradılıb. 


Qeyd edək ki, bu qərar imzalandığı gündən qüvvəyə minir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269723

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR