Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Fransaya səfəri davam edir. Ermənistanın “aprel müharibəsi”ndə
məğlubiyyətinin yeni sirləri ortaya çıxıb. Türkiyə və Niderland
arasında diplomatik böhran davam edir. Türkiyə və Avropa İttifaqı
bir-birini əllərindəki kartlarla hədələyib.Suriya
müxalifəti Astanada keçiriləcək Suriya danışıqlarda iştirakdan
imtina edib.
Martın 13-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Fransada bir sıra görüşlər keçirib.
Prezident Fransada görüşlər keçirir - FOTOLAR (YENİLƏNİR)
Ermənistan iqtisadiyyatının diaspordan gələn
yardımlardan asılı olduğu məlum məsələdir. Diaspor bu ölkənin son
ümid yeri, son qalası hesab olunur. Diaspor yardımı kəsərsə,
Ermənistandan ciddi iqtisadi böhranın başalayacağı dəfələrlə
müxtəlif ekspertlər tərəfindən səslənib.
Erməni siyasi şərhçi Musa Mikaelyan isə artıq diasporun Ermənistana
maliyyə yardımı ayırmaqdan imtina etdiyini açıqlayıb. M.Mikaelyan
yayımladığı məqaləsində bildirib ki, diaspordan olan biznesmenlər
Ermənistana investisiya yatırmaqdan imtina edir, həmçinin, pul
ayırmırlar.
Ermənistanı ayaqda saxlayan şəxslər İrəvandan İMTİNA ETDİ - Düşmən BÖYÜK FƏLAKƏTLƏ ÜZ-ÜZƏ
Ermənistandan imtina etdiyini açıqlayıb.
Ermənistanın “aprel müharibəsi”ndə məğlubiyyətinin
yeni sirləri ortaya çıxıb. Ermənistan ordusunda
acınacaqlı vəziyyəti davam edir.
Erməni hüquq-müdafiəçisi Ruben Martiorosyan deyib ki, onda olan
məlumatlara görə, “aprel müharibəsi”ndə bir çox tank döyüş yerinə
qədər gedib çata bilməyib: “Buna səbəb yanacağın olmaması idi.
Döyüş hazırlığına gətirilən tankların yalnız 10 faizində yanacaq
var idi. 90 faiz tankın çəni isə boş idi. Çünki bütün yanacaq
oğurlanaraq satılıb”.
Onun sözlərinə görə, Ermənistan ordusunda oğurluq hazırda da davam
edir və nəhəng ölçülərə çatıb.
“Aprel müharibəsi”ndə nələr yaşanıb? - İrəvanın SİRRİ ORTAYA ÇIXDI
Yeni sirləri ortaya çıxıb.
Ermənistan prezidenti Serj Sarkisyan son günlər
müharibə qorxularından danışır. Martın 7-də Fransaya səfərindən bir
gün öncə Sarkisyan “Frans press” agentliyinə müsahibəsində bildirdi
ki, “müharibə sabah da başlaya bilər”. Ermənistanın
“Aravot” qəzeti Sarkisyanın müharibə mesajının arxasında Moskvanın
təzyiqinin dayandığını yazıb.
Qəzet qeyd edir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı “Lavrov planı”nın tətbiqi üçün İrəvana təzyiq edir. Nəşr
Beynəlxalq Avrasiya Hərəkatının lideri, Kremlin ideoloqu Aleksandr
Duqinin “Lavrov planı” ən real variantdır və bu həyata keçiriləcək”
sözlərini xatırladaraq, Moskvanın hərəkətə keçdiyini yazıb.
Kremlin ideoloqu rusların Qarabağ planını açıqladı: “Rayonlar qaytarılacaq”
Bu plana qarşı yalnız Amerika çıxır.
“Rusiya bu planın reallaşması üçün açıq şəkildə Ermənistana
təzyiq edir. Serj Sarkisyanın müharibə mesajları səsləndirməsinin
arxasında dayanan səbəb də budur. Güman ki, rəsmi İrəvan “Lavrov
planı”na müqavimət göstərmək üçün müharibəyə başlayacaq. Müharibə
yeganə çıxış yolu olaraq görünür”, - deyə qəzet bildirib.
Azərbaycan düşmənin pilotsuz uçan aparatlarının məhv
edən silah alıb. “Harp Arge” müdafiə sənayesi
şirkətinin “dron zenit” (daşına bilən zenit komleksi) silahının ilk
müştərisi Azərbaycan olub.
“Dron zenit” kameralıdır, uzaqdan idarə olunan aparatların
sistemini poza və məhv etmək gücünə malikdir. Bu silahlardan
Türkiyə ordusu aktiv şəkildə istifadə edir. Silahdan Türkiyənin baş
naziri Binəli Yıldırımın mühafizəçiləri tərəfindən də istifadə
olunur.
“Dron zenit”in özünəməxsus özəllikləri var. Belə ki, bu silahın
super nəzarət antenaları var və istənilən pilotsuz uçan aparatı
məhv etmək gücünə sahibdir. Azərbaycan ordusu yeni silahı artıq
uğurla sınaqdan keçirib.
Türkiyə və Niderland arasında diplomatik böhran
böyüməkdə davam edir. Niderlandın Türkiyədəki
səfirliyinin müvəqqəti işlər müvəkkili Daan Feddo Türkiyə Xarici
İşlər Nazirliyinə üçüncü dəfə çağırılaraq iki nota verilib.
Bundan başqa, Niderlandan yazılı üzr tələb edilib.
Qeyd edək ki, Hiderland hökumətinin Türkiyənin xarici işlər
nazir Mövlud Çavuşoğlunun təyyarəsinə icazə verməməsi, eyni zamanda
ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanı Türkiyənin
Rotterdamdakı baş konsulluğuna buraxılmaması Ankara və Amsterdam
arasında qalmaqal yaradıb.
Türkiyə və Niderland arasındakı yaranan böhrandan
sonra Ankaranın Amsterdama qarşı atacağı addımlar gündəmə
gəlib. Türkiyə KİV-inin yazdığına görə, Ankara
Niderlandın Türkiyənin iki nazirini ölkəyə buraxmamasından sonra
diplomatik və siyasi sanksiyalar tətbiq etməyə hazırlaşır.
Gündəmdə kəşfiyyat əməkdaşlığın məhdudlaşdırılması, hərbi
təyyarələr üçün hava məkanının bağlanılması kimi sanksiyalar var.
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci jurnalistlərə
açıqlamasında bildirib ki, hazırda iqtisadi sanksiyalar gündəmdə
deyil.
Türkiyə və Niderland arasındakı gərginliyi şərh edən
“The Times” qəzeti Niderlandın mühafizəkar baş naziri Mark Ruttenin
əsl məqsədini yazıb. Nəşrin yazdığına görə, baş
nazirin əsl məqsədi sağçı Azadlıq Partiyasının lideri Gert Vildersə
olan dəstəyi dağıtmaqdır.
“Mühafizəkar baş nazir Mark Rutte parlament seçkilərinə bir neçə
gün qalmış sağçı Gert Vildersə olan dəstəyi dağıtmaq istəyir. İki
siyasətçinin partiyaları seçki kampaniyasında baş-baş mübarizə
aparırlar. Amma Niderlanddakı seçkilərdə sağçıların yüksəlişinə bu
cür manevrlərlə maneə olmaq mümkün deyil. Türklərə qarşı sərt
davrana biləcəyini göstərmək istəyən Rutte diqqətsiz şəkildə edilən
hücumu ilə Vildersin seçki kampaniyasına dəstək vermiş oldu”, -
nəşr yazıb.
Şimali Atlantika İttifaqı (NATO) və Avropa İttifaqı
Türkiyə ilə Hollandiya arasındakı gərginliklə əlaqədar bəyanat
verib. NATO-nun baş katibi Yens Stoltenberq ittifaq
üzvləri olan Türkiyə və Hollandiyaya gərginliyin azaldılması üçün
çağırış edib.
Avropa İttifaqı isə quruma üzv olmaq istəyən Türkiyəni
hədələyib.
“Gərginliyi azaldın!” - NATO və Avropa İttifaqından ÇAĞIRIŞ
Avropa İttifaqı Türkiyəni vəziyyəti gərginləşdirəcək bəyanatlar və hərəkətlərdən qaçmağa çağırıb.
Ankara isə Avropa İttifaqını miqrant razılaşması
üzərində hədələyib. Avropa İttifaqı naziri və baş
müzakirəçi Ömər Çelik bildirib ki, Türkiyə miqrant razılaşmasında
yer alan qurudan keçidlər mövzusunu yenidən
qiymətləndirməlidir.
Türk hökumətindən gələn təhdidlər altında heç bir
müzakirəyə başlamayacağıq. Bu sözləri Hollandiya Baş
naziri Martin Rutte deyib. “Çərşənbə günü Hollandiyada parlament
seçkisi keçiriləcək. Türkiyənin Hollandiyada keçiriləcək seçkilərə
müdaxilə etmək istədiyini düşünmürəm. Hollandiyadakı türklər
Türkiyənin deyil, bizim ölkənin vətəndaşlarıdır”, - Rutte
bildirib.
Almaniya hökumətinin koalisiya ortaqlarından olan
Xristian Sosial İttifaqının (CSU) parlament (Bundestaq)
fraksiyasının xarici siyasət üzrə işçi qrupunun sədri Florian Han
alman əsgərlərinin Türkiyənin İncirlik bazasından geri çəkilməsini
istəyib. Florian Han bu haqda “Bild am Sonntag”
qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, Almaniya və Türkiyə arasında mövcud
münasibətlər fonunda Türkiyə hökumətinin İncirlikdəki alman
əsgərlərinin təhlükəsizliyini təmin edə biləcəyi və təmin etmək
istədiyi getdikcə qeyri-müəyyən hal alır.
Siyasətçi həmçinin İncirlik bazasının infrastrukturuna
Almaniyanın qoyduğu sərmayələrin dayandırılmasını və “Tornado”
kəşfiyyat təyyarələrinin başqa bir yerə köçürülməsini təklif
edib.
Almaniya kanslerinin mətbuat katibi Peter Altmayerin
sözlərinə görə, türk siyasətçilərə qarşı Hollandiyadakı kimi bir
qadağanın tətbiq olunması ehtimal olunan addımdır.
“Almaniya hər zaman belə bir addımdan uzaq olmağa çalışıb. Ancaq
bu, o demək deyil ki, vəziyyət həmişə belə davam edəcək. Alman
qanunlarının pozulması və ya qəbulolunmaz sözlər deyilməsi qırmızı
xətti keçmək deməkdir. Türk siyasətçilərin alman hökumətini nasist
adlandırması da buna daxildir”, - Alymayer bildirib.
Suriya prezidenti Bəşər Əsəd Avropa Parlamentinin
nümayəndə heyəti ilə görüşdə Avropanın ünvanına ağır ittihamlar
səsləndirib. Əsədin sözlərinə görə, bir sıra Avropa
ölkələrinin Suriya və Yaxın Şərq dövlətləri ilə bağlı səhv siyasəti
regionda terrorizmin yayılmasına gətirib çıxarıb.
“Dəməşqə qarşı iqtisadi sanksiyaların tətbiqi ilə bağlı Avropa
ölkələrinin siyasəti terrorizmin yayılmasına və Avropa ölkələrinə
qaçqınların böyük axınına gətirib çıxardı”, - Əsəd bildirib.
Suriya müxalifəti Astanada keçiriləcək Suriya
böhranının həlli üzrə görüşdə iştirak etməyəcək. Bunu
Suriya müxalifətinin nümayəndə heyətinin üzvü Üsamə Əbu Zeyd
deyib.
“Bizim bəyanatımız çox aydındır: müxalifət Astana görüşünün
üçüncü raundunda iştirak etməyəcək, belə ki, atəşkəs haqqında
vədlərə hələ də əməl olunmur", - o bildirib.
Xatırladaq ki, Suriya böhranının həlli üzrə Astana görüşünün
üçüncü raundu martın 14-15-də keçiriləcək. Bundan əvvəlki
görüşlərdə Suriya müxalifəti, Əsəd hakimiyyəti, Türkiyə, Rusiya və
İran nümayəndələri iştirak ediblər.
ABŞ İraqın qərbindəki Ənbar vilayətinə iki min
hərbçi yerləşdirib. Türkiyə mətbuatı bu informasiyanı
özünün etibarlı mənbəsinə istinadən yayıb.
ABŞ hərbçiləri Ənbar vilayətindəki “Eynəl Əsəd” bazasına
yerləşdiriliblər. Bu hərbçilərin İraqın qərb vilayətlərinin
İŞİD-dən təmizləməsində istifadə olunacağı gözlənilir.
Qeyd edək ki, ABŞ bundan öncə Suriyaya xeyli sayda dəniz
piyadası göndərib. Onların Rakka əməliyyatında istifadə ediləcəyi
iddia edilir.
Rusiya hökuməti Gürcüstandan bitərəfli ayrılan
Cənubi Osetiya separatçı refimin müxtəlif hərbi hissələrinin Rusiya
ordusunun tərkibinə daxil olması haqqında “razılaşma”nı
təsdiqləyib. “Razılaşma”ya əsasən, bundan sonra
qondarma respublikanın hərbi biletləri Rusiya ərazisində
tanınacaq.
Xatırladaq ki, Cənubi Osetiya Gürcüstan ərazisidir. 2008-ci ilin
avqustunda Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra bu
torpaqlar Tiflisin nəzarətindən çıxıb. Daha sonra Rusiya qondarma
rejimin müstəqilliyini tanıyıb.
Avropa İttifaqı Rusiya və Ukrayna vətəndaşlarına
qarşı sanksiyaların müddətinin daha 6 ay – 2017-ci il sentyabrın
15-nə kimi uzadıb. Sanksiyalara məruz qalan şəxslərin
maliyyə aktivləri dondurulur və Avropa İtttifaqına üzv ölkələrə
girişi qadağan edilir. Qeyd edilir ki, sözügedən şəxslər Ukraynanın
ərazi bütövlüyü və müstəqilliyini pozmaqda ittiham olunur.
“Qara siyahı” təkrar gözdən keçirilib. Ölümü ilə əlaqədar iki
nəfər siyahıdan çıxarılıb.
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/191215.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)