Psixoloq: "Uşaqlar çox böyük manipulyatordurlar"

Psixoloq: "Uşaqlar çox böyük manipulyatordurlar"
22:37 13 Mart 2017
Ölkə mətbuatı
A- A+

Mərkəzimiz autizm, əqli gerilik, selektiv mutizm hiperaktivlikdən əziyyət çəkən uşaqlarla məşğul olur.

Misal üçün 5 yaşında uşaqlar var ki, onlar gətirilən zaman nə say, nə də rəng tanımırlar. Halbuki artıq 2-3 yaşından hər bir uşaq ən azından əsas dörd rəngi tanımalı, ona kimi saymalıdır. Məşğələlərimiz həftədə iki dəfə uşağın yaşından asılı olaraq yarım saat və ya 45 dəqiqə davam edir.

Milli.Az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin nəzdində fəaliyyət göstərən uşaq reabilitasiya şöbəsinin psixoloqu Leyla Abbasova bildirib.

Psixoloq qeyd edib: "Şöbəmizdə hiperaktiv, müxtəlif qorxuları və ya fikir dağınıqlığı olan məktəblilər, yaş krizisləri, bacı-qardaşlarını qısqanan və ya ailədə problemlərlə üzləşən uşaqlarla da müvafiq məşğələlər keçirilir. Bildiyiniz kimi, hər bir uşaqda motor bacarıqlarının inkişafı çox vacibdir. Belə ki, motor bacarıqları yaxşı olan uşaqların düşünmə qabiliyyəti də daha sürətlə inkişaf edir. Şöbəmizdə bu baxımdan zəif uşaqlarla motor bacarıqlarını inkişaf etdirmək istiqamətində də əmək və ya art terapiya dərsləri keçilir.

Qeyd etmək istərdim ki, mərkəzə hiperaktivlik və diqqət dağınıqlığı pozuntusu sindromu səbəbindən daha çox müraciətlər olunur. Əvvəllər uşaqlarda bu pozuntular nadinclik kimi qəbul olunurdu. Aparılan araşdırmaların nəticəsində bunun bir sindrom olduğu sübut edilib. Bu adından da göründüyü kimi bir xəstəlik deyil sindromdur (çatışmazlıq). Uşaq yaşlarında yaranan bu sindrom müəyyən bir dövrdən sonra təxmini yeniyetməlik çağında tam yox olmasa da, tədricən azalır. Bu sindromun iki əsas əlaməti mövcuddur. Bunlar adından da göründüyü kimi hiperaktivlik, yəni həddindən artıq hərəkətlilik və diqqətsizlik, yəni diqqəti bir yerə cəmləməkdə çətinlik çəkməkdir.

Hiperaktiv uşaqlar daim hərəkətdə olurlar. Bu uşaqlar məktəb dövründə belə parta arxasında oturmaqda çətinlik çəkirlər. Onlar oturduqda belə ayaqları daim hərəkətdədir və 15 dəqiqə sakit oturmaq belə uşaqlar üçün dözülməzdir. Diqqət dağınıqlığı isə fikrin daim yayınaraq müxtəlif istiqamətlərə yönəlməsidir. Belə uşaqların fikirlərini cəmləyib uzun müddət bir işlə məşğul olmaları çox çətindir.

Belə uşaqlara həddindən artıq irad bildirmək, onlarla yüksək səslə danışmaq və ya əl qaldırmaq qətiyyən olmaz. Bu, bir çıxış yolu deyil, əksinə vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər. Əks halda onlar daha da aktivləşir və adətən böyüklər tərəfindən gördükləri aqressiyanı digər uşaqlar üzərində tətbiq etməyə çalışırlar. Çıxış yolu olaraq valideynlərə daha çox mükafatlandırma və ya cəzalandırma üsullarından istifadə etmələrini məsləhət görərdim. Üsul dedikdə, misal üçün uşaqlara hansısa bir tapşırıq verərək, onlardan göstərilən vaxt ərzində buna əməl etmələrini istəyə bilərik. Bu müxtəlif stolüstü uşaq oyunları, pazllar və ya rəngləmə kağızları ola bilər. Lakin tapşırıq verərkən uşaqlara buna əməl edib-etməmələrindən asılı olaraq sonda onları mükafat və ya cəzanın gözlədiyini demək və verilən sözə mütləq əməl etmək lazımdır. Mükafat olaraq misal üçün, uşağın hansısa sevdiyi əşya, cəza kimi isə televiziyaya qoyulan məhdudiyyət ola bilər. Lakin bu üsulun vərdiş halı almaması, tapşırığın yerinə yetirilməsi üçün verilən vaxtın uzadılmaması və ya verilən sözün tutulmasına xüsusi diqqət yetirilməlidir. Belə ki, uşaqlar çox böyük manipulyatordurlar. Bir dəfə tutulmayan söz və ya hansısa cəzanın tətbiq olunmaması onlarda üstünlük hissi yaradır. Buna ağlamalar və ya digər ailə üzvləri tərəfindən verilən cəzanın qaldırılması kimi amillər də aiddir. Bu səbəbdən qoyulan qaydanın tətbiq olunması mütləqdir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/524995.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR