Hər rəngdə və qoxuda

Hər rəngdə və qoxuda
23:42 13 Mart 2017
Ölkə mətbuatı
A- A+

Səhləb haqqında ilk məlumatlara Çin mənbələrində rast gəlmək mümkündür. Məşhur filosof Konfutsi onun 2500 il əvvəl Çində yetişdirildiyini yazırdı. Səhləb Avropa ölkələrinə 200 il bundan əvvəl gəlib çıxıb. XVIII əsrdə sanki bütün Avropa "səhləb qızdırmasına" tutulmuşdu.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, səhləbin 35 minə qədər növü var və bu, dünyada olan bütün bitkilərin 10 faizini təşkil edir. İstənilən rəngdə səhləbə rast gəlmək mümkündür. Bitki zərif bal ətrindən tutmuş iylənmiş ət iyinə qədər çox müxtəlif və rəngarəng qoxuya malikdir. Bitkinin bəzi növləri həşaratla qidalanır. Digər gül və çiçəklərdən fərqlı olaraq səhləb allergiya yaratmır.

Səhləb epifit bitkidir, yəni çox vaxt torpaqda deyil, hansısa substratın üzərində bitir. Substratı həm almaq, həm də hazırlamaq olar. Onun hazırlanması üçün şam ağacının quru qabığı qaynadılır, 1-2 gün sonra yenidən qaynadılaraq təzədən qurudulur. Prosedur ziyanverici həşaratları məhv etmək üçün aparılır. Quru qabıq 1,5-2 santimetrlik hissələrə bölünərək qurudulmuş və xırdalanmış sfaqnum mamırı ilə qarışdırılandan sonra substrat hazır olur.

Mütəxəssislər tünd rəngli dibçəklərin səhləbin köklərinin qızmasına və tezliklə məhv olmasına səbəb olduğunu söyləyirlər, ona görə də dibçəklərin ağ və ya şəffaf rəngdə plastik materialdan olması daha yaxşıdır və dibçəyə hava daxil olması üçün aşağıdan yer açmaq lazımdır. İşığı çox sevən bitki olsa da, düz düşən günəş şüalarından qorumaq məsləhətdir. Səhləb isti su ilə yuyulandan sonra mütləq çiçək açır. Umumiyyətlə, yaxşı qulluq edəndə 1,5-2 yaşında çiçəkləyir. Onun kök yumrularından Şərqdə məşhur olan səhləb içkisi alınır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/525674.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR