Yaponiyalı məşqçi: "Milli Gimnastika Arenasında yaradılan şərait çox yüksək səviyyədədir" - FOTO

Yaponiyalı məşqçi: "Milli Gimnastika Arenasında yaradılan şərait çox yüksək səviyyədədir" - FOTO
12:47 14 Mart 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

Milli Gimnastika Arenasında gimnastlar üçün yaradılan şərait çox yüksək səviyyədədir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə idman gimnastikası üzrə Yaponiya milli komandasının məşqçisi Fukuo Makoto deyib.

Yaponiyalı məşqçi Bakıya ilk dəfə gəlmədiklərini deyib: "Qeyd etmək istəyirəm ki, zal bütün gözləntilərimizi üstələyib. Burada möhtəşəm şərait yaradılıb və idmançılarımız çox məmnundur".

Onun sözlərinə görə, bu il Yaponiyanı Dünya kubokunda cəmi üç idmançı təmsil edəcək: "Buna səbəb isə idman gimnastikasında qaydaların dəyişməsidir. İndiki heyətdə Bakıda ötən il keçirilmiş Dünya kubokundan Kazuyuki Takeda gəlib. Ondan başqa yeni gimnastlar da var".

F.Makoto qeyd edib ki, gimnastlar ən yüksək nəticələrə ümid edirlər: "Biz yaxşı çıxış etmək istəyirik, bütün elementləri təmiz yerinə yetirmək mümkün olduğu qədər çox yüksək əyarlı medal qazanmaq istəyirik".

Qeyd edək ki, 16-19 mart tarixlərində Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi keçiriləcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən ümumilikdə 85 kişi, 35 qadın idmançının çıxışı gözlənilir.

Turnirin ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) peşəkar çıxışları ilə hər kəsi heyran edəcəklər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alacaqlar.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edəcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/525989.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR