İndoneziya səfiri BANM-də olub

İndoneziya səfiri BANM-də olub
13:17 14 Mart 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 mart. REPORT.AZ/ İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti, tələbələri və əməkdaşları ilə görüşüb və böyük təqdimatla çıxış edib. 
Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, BANM-in rektoru Elmar Qasımov bildirib ki, qloballaşma və müxtəlif mədəniyyətlər arasında yaxınlaşma əsrində İndoneziya nəinki sürətlə inkişaf edən ölkələrdən biri olmağı, həm də öz adət-ənənələrini və özünəməxsusluğunu qorumağı bacarıb.
Səfir Hüsnan Bəy Fanani BANM-in rektoru Elmar Qasımova öz təşəkkürünü bildirərək Ali Məktəbə artıq ikinci dəfə gəldiyini xatırladıb: “Azərbaycanda işlədiyim üçün çox şadam. Bu gözəl ölkədə səmimi və qonaqpərvər insanlar yaşayırlar. Mən Ali Məktəbin müəllim və tələbələri ilə görüşməyimə görə xoşbəxtəm”. O, həmçinin İndoneziyanın çoxmillətli xalqlarının mədəni irsindən, zəngin tarixindən və coğrafiyasından qısaca danışıb.
Diplomat öz təqdimatında 1945-ci ildə müstəqilliyini əldə etmiş İndoneziyanın formalaşmasından, ölkənin sürətli iqtisadi artırmasından, sənaye, iqtisadi və bank, mədəniyyət, təhsil və beynəlxalq əməkdaşlıq sahələrindəki uğurlarından danışıb. O vurğulayıb ki, bu uğurlar təbii sərvətlərin, o cümlədən neft və qaz resurslarının səmərəli istifadə olunması, beynəlxalq əməkdaşlıq və tərəfdaşların cəlb edilməsi və insan kapitalının inkişafına investisiyalar yatırılmasına əsaslanıb.
Hüsnan Bəy Fanani qeyd edib ki, İndoneziya sənaye cəhətdən dünyanın inkişaf etmiş ölkələri sırasına daxildir. Ölkənin ümumi milli gəlirin artım tempinə görə Çin və Hindistan geri qalır. Səfir İndoneziya Respublikasının beynəlxalq əlaqələri barədə danışaraq vurğulayıb ki, Cənub-Şərqi Asiya dövlətləri Assosiasiyasının (ASEAN) üzvüdür. Həmin assosiasiyasının katibliyi İndoneziyanın paytaxtı Cakartada yerləşir. O deyib ki, 7 mindən artıq ali təhsil müəssisəsi fəaliyyət göstərən İndoneziya Respublikasında təhsil məsələlərinə, gənclərə dəstək və ölkənin sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirilir.
Görüşün sonunda İndoneziyanın səfiri Hüsnan Bəy Fanani BANM-in tələbələrinin, əməkdaşlarının və müəllimlərinin çoxsaylı suallarına cavab verib və doğma musiqilərindən kompozisiyaları ifa edərək tədbir iştirakçılarına xoş sürpriz etmiş olub.
Qeyd edək ki, tədbirdə həmçinin İndoneziyanın Azərbaycandakı səfirliyinin birinci katibi Anggraeni Vidiastutivə səfirliyin nümayəndələri Astrid Septriana, Emil Güləliyev və Alviano Julantara iştirak ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/i-ndoneziya-sefiri-banm-de-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR