Gəlməyəcək nəsil

Gəlməyəcək nəsil
13:42 14 Mart 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Gələcəyimiz, övladlarımızın gələcək taleyi necə olacaq? 

Dərindən fikirləşəndə, məsuliyyətlə düşünəndə gələcək bizdən asılıdır. Şübhəsiz ki, bu gün övladlarımızın bizdən görüb-götürdükləri də cəmiyyətin gələcək taleyini müəyyənləşdirəcək. Bu gün böyütdüyümüz uşaqlar bu ölkənin gələcəyidir. Onlar ölkənin siyasətində, icitimai həyatında, iqtisadiyyatında, sosial həyatında, mədəniyyətində önəmli rol oynayacaqlar. 

Təlim-tərbiyə, təhsil, şəxsi nümunə çox önəmli məsələdir. Biz atalarımızla müqayisədə daha azad, daha müstəqil böyüdük - saç uzatdıq, sırğa taxdıq, rok dinlədik, saqqal saxladıq, azadlığı təbliğ etdik, azad olmağa çalışdıq. Biz atalarımızdan fərqli olaraq təhsildə daha şanslı idik, sovet dağıldıqdan sonra xaricdə təhsil almaq şansımız yarandı. Getdik, oxuduq, geri qayıtdıq.

Proseslərə qoşulduq. Məqamı çatanda ailə qurduq, övladlarımız dünyaya gəldi, ailəyə-uşağa qarışdıq. Amma sonuna qədər öz azadlığımızı qoruduq, doğru bildiklərimizdən geri çəkilmədik. Bu gün də özümüzü yetişdirməyə davam edirik. Buna nə qədər nail olduq, nəyi bacardıq, nəyi bacarmadıq bu başqa mövzudur. Amma biz bu azadlığımızla özümüzdən sonra yüzlərlə gəncə azadlığı, rahatlığı sevdirdik. Üstəlik, biz təhsilimizdən geri qalmadıq, özümüzü inkişaf etdirdik, kitablar oxuduq, filmlər izlədik, teatra getdik, dünyanı tanımağa çalışdıq, yazılar yazdıq, çıxışlar elədik, ölkələr gəzdik, həyatımızı boşuna keçirməməyə çalışdıq.

Bizim yaşıdlarımızın arasında çayxanalardan çıxmayan, dominonu, nərdi həyat  tərzinə çevirən, küçə söhbətlərində bıçaq çıxaran, əlində təsbeh tində tum çırtlayıb gəlib-keçənə söz atanlar vardı.  Onların da öz davamçıları yetişdi. Onların da "gələcək nəsil" əndişəsi vardı. Amma bizimlə bu günlərə gəlmədi, gələ bilmədi. Çayxanalarda, internet klublarda, pivəxanalarda, dominoxanalarda ilişib qaldılar. Evləndilər, ailə-uşaq sahibi oldular, amma nə ölkəyə, nə də özlərinə faydaları toxundu. Gündəlik qazanclarını çayxanalarda xərcləyib səfil həyata davam edirlər hələ də. On il əvvəl də onları tənqid edirdik, bu gün də...

...İndi saçları gözünün üstünə qədər düşən, "çeçenka" saçlı, dar köynəkli, kip şalvarlı, əli təsbehli, dili söyüşlü, jarqonlu "qaqaşlar" sabahın valideynidir və özlərindən əvvəlki gələ bilməyən nəslin sələfləridir. Bir neçə ilin içində bu "qaqaş"ların əksəriyyəti ailəsinin toy disklərindən baxıb bəyəndiyi, diplomlu, cehizli qızlarla evlənəcək, onlardan doğulan, onların tərbiyə etdiyi uşaqlara da biz istər-istəməz "gələcək nəsil" deyəcəyik. Bəs bu nəsil hansı arzularla, hansı məqsədlərlə, hansı amallarla və necə gələcək? Ümumiyyətlə, bu nəsil gələ biləcəkmi?

Düşünürəm ki, bu gənclərin gələcəklə bağlı qəti əndişəsi, nigaranlığı yoxdu. Onlar üçün bilyard salonları, dominoxanalar, çay evləri, qəlyanxanalar gələcəkdən daha önəmlidir. "Oskar"lı filmlər, "Nobel"li kitablar, dünyanın inkişafına yön verən elmi kəşflər, işğaldakı torpaqlarımız, qlobal istiləşmə, qanlı müharibələr, əzilən insanlar onların tükünü tərpətmir. 

Onlar rahatdır. Baxdıqları şou-proqramlar, dinlədikləri "voravskoy" mahnılar, meyxanalar, saatlarla uzanan mənasız söhbətləri onları cəmiyyətdə xüsusi təbəqəyə çevirir. Onlar "abisnavat" edə bilməyəcəyi kəliməni deyib, "nakazat" olunmağı, kiminsə onları "pakrivat" etməsini sevmir. Onlar "düzgün" həyat yaşayır. "Dünya bir gündür, o da bu gündür" devizi ilə şad-xürrəm ömür sürürlər.

Onlar gələcəkmi? Bilmirəm. Amma bu nəsil də gəlsə, bu nəsil də yetişsə, gələcəyimizdən, övladlarımızın cəmiyyətdə görəcəyi nümunələrdən əndişələnirəm. 
Yazım polemikaya açıqdır. Sizcə, bu nəsil gəlməsə, olmazmı? Elə çayxanalarda, pivəxanalarda, tinlərdə ilişib qalsalar yaxşı olmazmı?

Cəlil Cavanşir
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/525914.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR