Azərbaycanın dadlı xatirəsi qayıtdı: amma necə? - FOTO

Azərbaycanın dadlı xatirəsi qayıtdı: amma necə? - FOTO
14:52 14 Mart 2017
Ölkə mətbuatı
A- A+

İstehsalçısı bəlli olamayan Qazağın məşhur "Nanəli" karamellərini necə brendləşdirək?

Üzərində "Qazax Nanəli" yazılan, təbaşirə bənzəyən karamelləri, yəqin ki, çoxlarınız xatırlayırsınız. Hətta el arasında ona "Qazax karameli" də deyirdilər. Bir zamanlar az qala Azərbaycanın milli brendinə çevrilən, SSRİ  dağıldıqdan sonra bazarda qəhətə çıxan bu karamellər yenidən peyda olub. Lakin bu dəfə "Nanə Billur" ticarət markası adı altında və aşağı keyfiyyətdə. Yəni dad və təravət həminki deyil. Diqqəti çəkən isə konfetin büküldüyü kağızın üzərində istehsalçı müəssisə ilə bağlı heç bir məlumatın göstərilməməsidir. Konkret olaraq  bu məhsulların bazara kimin tərəfindən çıxarıldığı bəlli deyil.

Nəzərə alsaq ki, karamel istehsalı ilə bağlı standartlar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilir, məsələ ilə bağlı ilk olaraq bu qurumla əlaqə saxladıq. Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirdi ki, qablaşdırmada istehsalçı müəssisənin adının göstərilməsi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti məşğul olur.

Xidmətdən isə qeyd edildi ki, qənnadı məhsullarının qablaşdırılması məhsulun konkret çeşidi və normativ texniki sənədlərin tələblərinə uyğun olmalıdır. Belə ki, qənnadı məhsulları qablaşdırıldıqdan sonra mütləq markalanmalıdırlar. Markalanmada istehsalçının adı və ünvanı, məmulatın adı, xalis və tara ilə kütləsi, istehsal tarixi, saxlanılma müddəti, standartın nömrəsi və s. qeyd olunmalıdır. O halda sual doğur: "Nanə Billur" ticarət markası bazara necə daxil ola bilib?

Konfetin yararlılıq müddəti nə qədərdir?

Onu da bildirək ki, qənnadı məmulatlarının saxlama müddəti texnoloji prosedurlara və resepturaya uyğun olaraq istehsalçı tərəfindən müəyyən edilir. İqtisadiyyat nazirliyindən deyilir ki, şəkərli qənnadı məmulatları növ və çeşidindən asılı olaraq 10-20ºC-də müəyyən edilmiş müddətdə saxlanıla bilərlər. Məsələn, konfetlər 1-4 aya qədər, karamel məmulatı 15 gündən 6 aya qədər, hermetik qablarda 12-18 ay, irislər 2-6 ay,marmelad 1,5-3 ay saxlanmalıdır. Hər bir istehlakçı bu məhsulları alarkən onun dadına, formasına, saxlanma şəraitinə və son istifadə tarixinə diqqət yetirməlidir. Nəzərə alsaq ki, Azərbaycan alıcısının belə bir seçim imkanı yoxdur, deməli, hər an keyfiyyətsiz qənnadı məmulatı qəbul edə bilər.

Markalanmayan məhsulu almamaq tövsiyə edilir

Nazirlikdən deyilir ki, standartların tələblərinə cavab verməyən, zəruri sənədləri olmayan, istehlakçıda məhsulun təhlükəsizliyi ilə bağlı istehsalçının təqdim etdiyi informasiya şübhə yaradan, saxlama müddəti göstərilməyən və ya başa çatan, markalanmayan qənnadı məhsulları almaqdan çəkinmək lazımdır: "İstehlakçılar bilməlidir ki, şəkərli qənnadı məmulatının üzəri hamar və parıltılı olmalıdır. Üzərində ağ təbəqənin yaranması bu məhsulların saxlanma şəraitinə əməl olunmadığını göstərir. Bu məhsulları alarkən onların büküldüyü materiala diqqət edin. Sellofan və ya folqa ilə birlikdə ikili sarğı materialından istifadə edilərək bükülmüş məmulatlar almağınız məsləhətdir. Əllə sıxıldıqda sarğı materialında olan rənglər əlinizə və məmulata çıxmamalıdır".

İstehsal tarixi qeyd olunmayan və saxlama müddəti ötmüş qənnadı məmulatlarını almamaq da tövsiyə edilir. Çünki keyfiyyətsiz məhsullar son nəticədə insanların genetik inkişafına mənfi təsir etməklə yanaşı, gələcək sağlam nəsillərin yetişməsində uzun illər aradan qaldırılması mümkün olmayan bir sıra mənfi fəsadlar yarada bilir.

"Nanəli" karamellər Azərbaycan bendi kimi

"Nanəli" karamellər bu gün "Made in Azerbaijan" adı altında ölkəmizi təmsil edə bilərlər. SSRİ dövründən regionda çox məşhur olan bu karamellərə, sadəcə, əvvəlki dadı və təravəti qaytarmaq lazımdır.

"Nanəli" karamellərin təkcə ixrac deyil, daxili bazardakı payı da arta bilər. Məsələn, bugünkü kimi mağazaların piştaxtalarında arxa cərgələrində yerləşdirilməzlər. Daha ön cərgədə, gözlə görünən yerlərə düzülə bilərlər.

Başqa tərəfdən bu gün sahibkarlıq fəaliyyəti ilə məşğul olan istənilən şəxs qəbul edir ki, brendinq etməsə, pul qazana bilməyəcək. Muasir dövrdə biznesin rentabelliyini artırmağın yeganə yolu brendinq işinin təşkilidir.

"Nanəli" karamellər berndləşməyi bacarıb, sadəcə, ona əvvəlki keyfiyyəti qaytarmaq lazımdır.

Leyla
Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/526056.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR