Uşaqlar mütləq peyvənd olunmalıdır

"Peyvəndlər uşaqların sağlam həyat sürməsi üçün vacib olan tədbirlərdən biridir. Hər bir sağlam uşaq peyvənd olunmalıdır”.

Bunu Metbuat.az-a açıqlamasında pediatr Gülnaz Sarıyeva deyib. O qeyd edib ki, peyvəndlər ölü və ya zəiflədilmiş virus və ya mikrob hissəciklərinin bədənimizə yeridilməsi nəticəsində, immun sistemimizin bədənimizdə xəstəlik törətmədən ona qarşı olan cavab reaksiyasıdır:

"Ona görə də, peyvənd olunduqdan sonra bəzi xəstəliklərə qarşı ömrümüz boyu immunitet əmələ gəlir, bəzilərini isə keçiririksə, yüngül keçirmiş oluruq. Peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş uşaqların aylarına uyğun olaraq edilən tədbir formasıdır. Lakin bəzi valideynlər peyvəndlərin əks təsirlərindən qorxur”.

Həkim pediatr qeyd edib ki, peyvəndin əks təsirləri yerli və ümumi olaraq iki yerə bölünür:

“Yerli təsir bildiyimiz kimi, iynə şəklində olan peyvənd yerində yerli olaraq qızartı, şişlik, qanama, bərkimə və yaxud göyərmə reaksiyaları olur. Ümumi təsir zamanı isə uşaqda halsızlıq, narahatlıq, iştahsızlıq və ən əsası bədən hərarətinin yüksəlməsi prosesləri baş verir. Bəzi valideynlər peyvənd sonrası ilk üç gündə maksimum 38.5 selsi dərəcəni keçməyən hərarət zamanı hərarət salıcı dərmanlardan istifadə edir. Hətta bəzi valideynlər peyvənddən əvvəl parasetamol tərkibli, allergiya əleyhinə dərmanlar işlədir. Bunlar isə tövsiyə edilmir. Bu zaman uşağa vurulan peyvəndin təsirinin azaldığı deyilir”.

Həkim əlavə edib ki, uşaqlarda peyvənddən sonra milyonda bir də olsa ani allergik şok reaksiyası görülə bilər. Valideynlər uşaqları peyvənd etdirdikdən sonra, ilk 15-20 dəqiqəni peyvənd məntəqəsində gözləməlidir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR