Azərbaycan Tarixi Muzeyinə yeni arxeoloji tapıntılar daxil olub

12:18 7 Yanvar 2015
209 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fonduna bu yaxınlarda 73 ədəd yeni arxeoloji tapıntı daxil olub.

Akademiyadan Trend-ə verilən məlumata görə, tapıntılar 2013-2014-cü illərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit arxeoloji ekspedisiyası tərəfindən Ağdam rayonunun Xındırıstan və Ayaq Qərvənd kəndləri yaxınlığındakı İsmayılbəytəpə və Fərmantəpə abidələrində aparılmış arxeoloji qazıntılar zamanı aşkar olunub.

Daxil olmuş arxeoloji materiallar e.ə. V-IV minilliklərə aid edilir. Tapıntılar əsasən saxsı təsərrüfat küpləri, badya, gil sapand daşları və kərpiclərdən ibarətdir.

Arxeoloji tapıntılar muzeyə Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit arxeoloji ekspedisiyasının üzvü və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadə tərəfindən təqdim olunub.

Qeyd edək ki, Arxeologiya fonduna daxil olmuş materiallardan ekspozisiyanın zənginləşdirilməsi ilə yanaşı, elmi-tədqiqatlarda mənbə kimi də istifadə olunacaq. Xüsusilə, bu materiallar təmsil etdikləri bölgənin maddi mədəniyyət tarixinin öyrənilməsində, ərazidə yaşamış əhalinin məşğuliyyəti, həyat tərzi və mədəni əlaqələri ilə bağlı məsələlərin araşdırılmasında mühüm rol oynayır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2350556.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR