Gənc Tamaşaçılar Teatrının fəaliyyəti beynəlxalq mətbuatda yer alıb

Gənc Tamaşaçılar Teatrının fəaliyyəti beynəlxalq mətbuatda yer alıb
20:27 14 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 2011-ci ildən üzv olduğu Beynəlxalq ASSİTEJ dünyanın 105-dən çox ölkəsinin teatrlarının fəaliyyətini aylıq bülletenində yayımlayır. 
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, teatrın və onun digər ölkə teatrları ilə qarşılıqlı yaradıcılıq münasibətləri də adıçəkilən bülletendə hər ay əksini tapır.
Bu günlərdə mart ayı üçün dərc olunmuş aylıq elektron bülletendə Dövlət Gənc Tamaşaçılar Teatrının fəaliyyəti işıqlandırılıb. Məlumatda Dövlət Gənc Tamaşaçılar Teatrının iki əlamətdar bayram ərəfəsində xüsusi repertuarla çıxış edəcəyi qeyd olunub. “Uşağı teatra apar” devizi ilə baş tutacaq tamaşalar paradı martın 20-də Azərbaycanın milli bayramı olan Novruz və Dünya Uşaq və Gənclər Teatrı Günü münasibətilə nümayiş etdiriləcək.
Bayramlar münasibətilə martın 18-dən – 25-dək Dövlət Gənc Tamaşaçılar Teatrı cari repertuarında olan “Tıq-tıq xanım”, “Qoğalın nağılı”, “Uzuncorab Pippi”, “Çirkin ördək balası”, “Aycan”, “Buratinonun macəraları” tamaşaları göstəriləcək.
Məlumat üçün bildirək ki, Dünya Uşaq və Gənclər Teatr günü 15 il öncə Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası (ASSİTEJ) tərəfindən təsis edilib. “Uşağı teatra apar” devizi ilə həyata keçirilən bu teatr bayramı dünyanın hər bir yerində yaşayan bütün azyaşlı uşaqlar və gənclərin teatra cəlb olunmasına xidmət edir.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/genc-tamasacilar-teatrinin-fealiyyeti-beynelxalq-metbuatda-yer-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR