Elxan Abdullayev: "Hər dəfə "Qəbələ" qalib gəlməli deyildi ki..."

Elxan Abdullayev: "Hər dəfə "Qəbələ" qalib gəlməli deyildi ki..."
23:02 14 Mart 2017
108 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 mart. REPORT.AZ/ "Oyun çox ağır keçdi. “Qəbələ” güclü komandadır, yaxşı məşqçisi, futbolçuları var. Rəqib Bakıya 3 xal dalınca gəlmişdi. Çünki çempionluq uğrunda mübarizə aparırlar. Amma bizə də mütləq qələbə lazım idi. Keçən tur “Zirə”yə məğlubiyyət komandaya pis təsir etmişdi. Planlaşdırdığımız 3 xalı qazana bilməmişdik. Əsas odur ki, bu gün qələbə əldə etdik".
"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Premyer Liqasının XXII turunda evdə "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
Daha sonra 47 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...
“Neftçi” yaxşı nəticə əldə edəndə komanda sanki arxayınlaşır...
- “Qəbələ” açıq futbol oynayan komandadır. Belə rəqiblərlə oynamaq daha asandır, nəinki AZAL və “Zirə” kimi komandalarla. Çünki “Qəbələ” buraya 3 xal dalınca gəlmişdi. Elə rəqiblər var ki, açıq futbol göstərmir. Amma “Qarabağ” kimi komanda həm özü gözəl oyun sərgiləyir, həm də rəqibin oyun göstərməsinə imkan verir.
Çempionatdan kubok oyununa köklənmək çətin olmayacaq?
- Ondan öncə çempionatda “İnter”lə görüşümüz var. Fərqli oyunlardır. Çempionat və kubok matçları bir-birindən fərqlənir. İstəməzdim ki, indidən kubok barədə danışım. “İnter”lə oyundan sonra bu haqda fikir bildirmək olar. İstəyərik ki, finala çıxaq.
“Qarabağ” və “Qəbələ”ni müqayisə etsək, hansı çempionluğa daha layiqdir?
- Hər ikisi layiqdir. Mən rəqibləri baş məşqçi kimi analiz edirəm. “Qarabağ”la oynamaq daha asandır. Neçə illərdir ki, bir heyətlə çıxış edir. Amma “Qəbələ”nin hansı heyət və taktika ilə oynayacağını adam bilmir. O qədər futbolçuları var ki, heyətdə kimin yer alacağını öncədən təxmin etmək mümkün deyil. Buna görə də “Qəbələ” ilə matça hazırlaşmaq çətindir. Hər iki komandaya uğurlar arzulayıram. Bu gün “Qəbələ”dən xal aldıq. İnanıram ki, sonuncu turda “Qarabağ”a qarşı da eyni səviyyədə mübarizə aparacağıq.
Huqo Barqas niyə əsas heyətə düşə bilmir? Ondan nə gözləyirsiz?
- Fikrimcə, Barqas yaxşı futbolçudur. Amma bizim sistemimiz imkan vermir ki, hər iki hücumçumuz eyni anda meydanda olsun. Məcburiyyətdən kimsə ehtiyatda qalmalıdır, Barqasın da öz vaxtı gələcək. Yavaş-yavaş formasını yığır. Demək olar ki, 80 faiz hazırdı. Özü ilə danışıram, narahat deyil. O, ehtiyatda otura-otura deyir ki, özümü hamıya sübut edəcəyəm. Əsas heyətdə meydana çıxan Daniel Seqoviya ilə dostdur.
Jayro Rodrigesin komandadan göndəriləcəyi ilə bağlı xəbərlər yayılıb...
- Mətbuat çox şey yaza bilər. Sizin qarşınızda “Neftçi”nin baş məşqçisi əyləşib. Kim deyir ki, Jayronu komandadan kənarlaşdıracağıq? Onun da vaxtı gələcək, sadəcə, hazır olmalıdır. Biz elə də çox qol buraxmırıq ki, hər oyundan sonra müdafiəçiləri dəyişim. “İnter”lə matçda Jayroya da şans verə bilərəm.
Siz baş məşqçi olmayanda “Neftçi” “Qəbələ”yə 0:8 hesabı ilə uduzmuşdu. Bu qələbəni qisas kimi qiymətləndirmək olar?
- Bunu qisas kimi dəyərləndirmirəm. Onlar bizi 3 dəfə üstələyəndə 1 dəfə də biz qalib gəlməliyik də. Hər dəfə onlar qalib gələsi deyil ki...

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/elxan-abdullayev-her-defe-qebele-qalib-gelmeli-deyildi-ki

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR