"Hər dəfə onlar qalib gələsi deyil ki..." - Elxan Abdullayev

"Hər dəfə onlar qalib gələsi deyil ki..." -   Elxan Abdullayev
23:17 14 Mart 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

“Oyun çox ağır keçdi. “Qəbələ” güclü komandadı, yaxşı məşqçisi, futbolçuları var”. Bu sözləri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev deyib.

 

Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində “Qəbələ”ni qəbul edən “ağ-qaralar” 1:0 hesablı qələbə ilə ayrılıblar.

 

Matçdan sonra keçirilən mətbuat konfransında Abdullayev bunları deyib: “Rəqib Bakıya 3 xal dalınca gəlmişdi. Çünki çempionluq uğrunda mübarizə aparırlar. Amma bizə də mütləq qələbə lazım idi. Keçən tur “Zirə”yə məğlubiyyət komandaya pis təsir etmişdi. Planlaşdırdığımız 3 xalı qazana bilməmişdik. Əsas odu ki, bu gün qələbə əldə etdik”.

 

- “Neftçi” yaxşı nəticə əldə edəndə komanda sanki arxayınlaşır...

- “Qəbələ” açıq futbol oynayan komandadı. Belə rəqiblərlə oynamaq daha asandı, nəinki AZAL və “Zirə” kimi komandalarla. Çünki “Qəbələ” buraya 3 xal dalınca gəlmişdi. Elə rəqiblər var ki, açıq futbol göstərmir. Amma “Qarabağ” kimi komanda həm özü gözəl oyun sərgiləyir, həm də rəqibin oyun göstərməsinə imkan verir.

 

- Çempionatdan kubok oyununa köklənmək çətin olmayacaq?

- Ondan öncə çempionatda “İnter”lə görüşümüz var. Fərqli oyunlardı. Çempionat və kubok matçları bir-birindən fərqlənir. İstəməzdim ki, indidən kubok barədə danışım. “İnter”lə oyundan sonra bu barədə fikir bildirmək olar. İstəyərik ki, finala çıxaq.

 

- “Qarabağ” və “Qəbələ”ni müqayisə etsək, hansı çempionluğa daha layiqdi?

- Hər ikisi layiqdi. Mən məşqçi kimi rəqibləri analiz edirəm. “Qarabağ”la oynamaq daha asandı. Neçə illərdi ki, bir heyətlə çıxış edir. Amma “Qəbələ”nin hansı heyət və taktika ilə oynayacağını adam bilmir. O qədər futbolçuları var ki, heyətdə kimin yer alacağını öncədən təxmin etmək mümkün deyil. Buna görə də, “Qəbələ” ilə matça hazırlaşmaq çətindi. Hər iki komandaya uğurlar arzulayıram. Bu gün “Qəbələ”dən xal aldıq. İnşallah, sonuncu turda “Qarabağ”a qarşı da eyni səviyyədə mübarizə aparacağıq.

 

- Uqo Barqas niyə əsas heyətə düşə bilmir? Ondan nə gözləyirsiz?

- Fikrimcə, Barqas yaxşı futbolçudu. Amma bizim sistemimiz imkan vermir ki, hər iki hücumçumuz eyni anda meydanda olsun. Məcburiyyətdən kimsə ehtiyatda qalmalıdı, onun da öz vaxtı gələcək. Yavaş-yavaş formasını yığır. Demək olar ki, 80 faiz hazırdı. Özü ilə danışıram, narahat deyil. O, ehtiyatda otura-otura deyir ki, özümü hamıya sübut edəcəyəm. Seqoviya ilə dostdu.

 

- Jayronun komandadan göndəriləcəyi ilə bağlı xəbərlər yayılıb...

- Mətbuat çox şey yaza bilər. Sizin qarşınızda “Neftçi”nin baş məşqçisi əyləşib. Kim deyir ki, Jayronu komandadan kənarlaşdıracağıq? Onun da vaxtı gələcək, sadəcə, hazır olmalıdı. Biz elə də çox qol buraxmırıq ki, hər oyundan sonra müdafiəçiləri dəyişim. “İnter”lə matçda Jayroya da şans verə bilərəm.

 

- Siz baş məşqçi olmayanda “Neftçi” “Qəbələ”yə 0:8 hesabı ilə uduzmuşdu. Bu qələbəni qisas kimi qiymətləndirmək olar?

- Bunu qisas kimi dəyərləndirmirəm. Onlar bizi 3 dəfə üstələyəndə 1 dəfə də biz qalib gəlməliyik də. Hər dəfə onlar qalib gələsi deyil ki. (Apasport.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quothr-df-onlar-qalib-glsi-deyil-kiquot-t56929.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR