2017-ci ildə beynəlxalq siyasi mühit: risklər, təhlükələr və dialoq imkanları

2017-ci ildə beynəlxalq siyasi mühit: risklər, təhlükələr və dialoq imkanları
23:42 14 Mart 2017
89 Dünya
Ölkə mətbuatı
A- A+

Milli.Az newtimes.az-a istinadən Elsevər Abdullayevin yazısını təqdim edir

2017-ci ildə dünyanı hansı siyasi proseslərin gözlədiyi barədə çoxlu sayda proqnozlar verilir. Onların əksəriyyətində qeyri-müəyyənliklər və risklər əsas yeri tutur. Lakin bir sıra mütəxəssislər məsələyə müsbət müstəvidə yanaşmağı təklif edirlər. Onlar böyük dövlətlər arasında problemlərin olduğunu unutmamaqla bu problemlərin həlli yollarını tapmaq zərurətini vurğulayırlar. Ancaq hətta bu cür pozitiv əhval-ruhiyyə belə qarşıda duran çətinlikləri arxa plana atmır. ABŞ-Rusiya-Aİ-Çin xəttində mövcud olan risklər və Rusiya-Türkiyə münasibətlərində müşahidə edilən müsbət dəyişmələr 2017-ci ildə də aktuallığını saxlayacaq. Rusiyalı analitik İvan Timofeyevin bu qənaəti üzərində bir qədər ətraflı dayanmağa ehtiyac vardır.

Geosiyasi qeyri-müəyyənlik, yaxud "müəyyənlik dəhlizi": baxış bucağı

Bir qayda olaraq mütəxəssislər 2017-ci ildə beynəlxalq mühitdə geosiyasi proseslərin qeyri-müəyyənliklərlə dolu olacağını vurğulayırlar. Bunun fonunda böyük dövlətlər arasında münasibətlərin risklərlə xarakterizə olunacağı və faktiki olaraq xaotik situasiyanın yaranacağı haqqında proqnozlar verirlər. Lakin məsələyə konkret yanaşdıqda, 2017-ci ildə beynəlxalq səviyyədə siyasi mühitin hansı məzmun kəsb edə biləcəyi ilə bağlı fikir bildirməyə ciddi ehtiyacın olduğu tam aydın görünür.

Bu barədə bir sıra analitiklər artıq öz mövqelərini ifadə ediblər. Rusiyalı mütəxəssis İvan Timofeyevin həmin məsələ ilə əlaqədar apardığı analiz diqqətimizi çəkdi. O, 2017-ci ilin geosiyasi anlamda "müəyyənlik dəhlizləri"ndən bəhs edir (bax: Иван Тимофеев. Черные лебеди 2017 года / "Expert Online", 13 yanvar 2017).

Konkret desək, analitik hesab edir ki, bu il bütün qeyri-müəyyənliklərə və xaotik trendlərə baxmayaraq, müəyyən aspektlərdə aydın hiss edilən istiqamətlərlə xarakterizə olunacaq. Lakin onlar "heç də sevindirici deyil və yığılan problemlərin yeni həllinə yaranmış ehtiyaclardan xəbər verirlər" (bax: əvvəlki mənbəyə). Dəqiq ifadə edilsə, bu o deməkdir ki, müəllif cari ildə qlobal geosiyasətdə pozitiv tendensiyalardan çox, vəziyyəti mürəkkəbləşdirən proseslərin üstünlük təşkil edəcəyi fikrindədir.

Bu bağlılıqda ilk növbədə ABŞ-Rusiya münasibətlərini xatırlamaq lazım gəlir. İ.Timofeyev hesab edir ki, Barak Obama administrasiyası iki ölkə arasındakı münasibətləri "geridönməzlik nöqtəsinə itələyir". Bütövlükdə isə B.Obama dönəmində Amerika "tamamilə Rusiyanı itirdi" (bax: əvvəlki mənbəyə). Əlbəttə, Donald Trampın prezident seçilməsi mühüm hadisədir. Lakin məsələ bununla məhdudlaşmır. Çünki Vaşinqton Avropanın təhlükəsizlik problemlərini həll edən yeganə açar dövlətdir. Amerikanın iştirakı olmadan onun avropalı müttəfiqləri heç bir strateji xarakterli qərar qəbul etməzlər. Deməli, "Avropada siyasi turbulentlik" yalnız ABŞ-ın rolunu daha da möhkəmləndirir" (bax: əvvəlki mənbəyə).

Bu vəziyyəti düzəltmək üçün isə fraqmentar addımlar (məsələn, Rusiya ilə gərginliyin azaldılması) yetərli deyil Sistemli fəaliyyət göstərmək gərəkdir. Yəni Vaşinqton mövcud Rusiya-ABŞ münasibətlərinin müəyyən olunmuş çərçivəsindən kənara çıxmağa məcburdur. Özü də artıq ona düşmən olan Rusiyanın Pekinlə sıx əməkdaşlığa getməsi fonunda bunu etməlidir. D.Tramp, əslində, "şablonlardan kənara çıxmağı bacarır" (İ.Timofeyev). Bu səbəbdən 2017-ci ilin "müəyyənlik dəhlizləri"ndən biri ABŞ-Rusiya münasibətlərinə konstruktiv yön vermək üçün D.Trampın qeyri-standart addımları olacaq.

Müəllif vurğulayır ki, doğrudan da bunlar Moskvanın sərt xarici siyasət yeritməsi fonunda baş verir. Rusiyanın hansı strateji məqsədlər güddüyü elə də aydın deyil. Lakin faktdır ki, Kreml apardığı sərt siyasi xətlə öz marağını təmin edir və başqalarını da bununla hesablaşmağa məcbur edir (bax: əvvəlki mənbəyə). "Soyuq müharibə"dən sonra Rusiya Amerika ilə dialoqa tam açıq idi. Ona görə də Rusiyanın itirilməsi ilk növbədə Vaşinqtonun səmərəsiz siyasi xətti ilə izah olunmalıdır. "Rusiyanın itirilməsi ABŞ-ın "soyuq müharibə"dən sonrakı böyük diplomatik və dünyagörüşü məğlubiyyəti idi" (bax: əvvəlki mənbəyə).

Çıxış yolu və çətinliklər: riskli situasiyalardan dialoqa doğru

ABŞ-Rusiya münasibətlərinin bu cür məzmun kəsb etməsi beynəlxalq təhlükəsizlik üçün çox böyük fəsadlara yol aça bilər. O cümlədən Rusiya və NATO qüvvələrinin təmas sahələrində gərginliyin artması riski çoxalır. Başqa təhlükəli faktor lokal münaqişə zonalarında meydana çıxa biləcək gərginliklə bağlıdır.

Həmin məkanlarda Vaşinqtonla Moskvanın hərbi qarşıdurması ehtimalı da az deyil. Bu isə nəticədə ümumi səviyyədə təhlükəli proseslərin başlamasına rəvac verə bilər. Ən əsası isə, "tarazlıq sistemi və nüvə silahlarının nəzarəti mexanizmi - strateji sabitliyin əsas elementləri, dağılır" (bax: əvvəlki mənbəyə).

Bütün bunlara yeni bir təhlükə əlavə olunub - yeni çağırışlara qarşı birgə dayanmaq üçün qarşılıqlı əlaqələr mexanizmi itirilir (bax: əvvəlki mənbəyə). Beləliklə, "Rusiya ilə ABŞ arasında bilərəkdən, yaxud bilmədən hərbi toqquşma riski artır" (bax: əvvəlki mənbəyə). Etiraf edək ki, bu "müəyyənlik dəhlizi" kifayət qədər təhlükəli və faciəvidir. Çünki lokal toqquşmalar kütləvi gərginliklərə çevrilə bilərlər. Belə çıxır ki, müasir mərhələdə ABŞ-Rusiya dialoqu bütün dünya üçün əhəmiyyət daşıyır - sürətlə tənəzzül edən trendin istiqamətini dəyişmək lazımdır.

Məsələnin başqa tərəfi ABŞ-Rusiya münasibətləri fonunda Brüssel-Moskva əlaqələrinin cari ildəki taleyi ilə bağlıdır. Aİ-nin ABŞ-a təhlükəsizlik məsələsində ehtiyacı çox olduğundan, Rusiya-Aİ münasibətlərini Vaşinqtonun qoyduğu çərçivədən kənarda təsəvvür etmək çətindir. Hazırda bu istiqamətdə fikir ayrılıqları daha çoxdur, xüsusilə Ukraynaya görə Avropa İttifaqı ilə Rusiya arasında ziddiyyətlər vardır. Brüsselin Moskva ilə "seçici əməkdaşlıq" prinsipinə keçməsini ayrıca Kreml qəbul etmir. Buna görə də 2017-ci ildə Aİ-Rusiya əlaqələri arada olan fikir ayrılıqlarının nə dərəcədə aradan qaldırıla biləcəyi ilə sıx bağlıdır.

Bu kontekstdə mütəxəssislər Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında əməkdaşlığın yaranmamasına xüsusi diqqət yetirirlər. Bunun obyektiv səbəbləri də vardır. Məsələn, Aİ-nin inkişaf səviyyəsi ilə Aİİ-nin inkişafı müqayisə edilməyəcək dərəcədə fərqlidir. Avropa İttifaqı Aİİ-ni Rusiyanın SSRİ-ni bərpa etməsi cəhdi kimi qəbul edir. Yəni Brüssel Avrasiya İqtisadi İttifaqını faktiki olaraq siyasi kontekstdə qiymətləndirir. Mütəxəssislər məsələnin bu tərəfinə diqqət yetirərək 2017-ci ildə Aİ-Rusiya münasibətlərindəki "mövcud boşluqların" doldurula biləcəyinə inamsız yanaşırlar. Əvəzində, Moskva ikitərəfli qaydada Berlin, Paris və Roma ilə əlaqələri gücləndirə bilər.

Maraqlıdır ki, İ.Timofeyev Rusiya-Çin münasibətlərinin 2017-ci ildə Avrasiya İqtisadi İttifaqı ilə "Yeni İpək Yolu" layihəsi arasındakı hansı əlaqələrin qurulacağından xeyli dərəcədə asılı olacağını yazır (bax: əvvəlki mənbəyə). Məsələnin bu cür qoyuluşu həqiqətən düşündürücüdür. Çünki Moskva ilə Pekin arasındakı əməkdaşlığa artıq hər iki dövlətin liderlik etdiyi təşkilatlar aspektində yanaşmaq tamamilə yeni geosiyasi mühitdən xəbər verir. İlk növbədə Çin Rusiyanı həmin keyfiyyətdə qəbul edəcəkmi? Aydın deyil, çünki Aİİ maliyyə-iqtisadi və mədəni potensialı ilə "Yeni İpək Yolu" ilə müqayisədə çox zəifdir. Eyni zamanda, Çinin başladığı proyekt dünya miqyaslıdır, Aİİ isə hələ də tam regional legitimliyi olmayan bir təşkilatdır. Orada təcavüzkar və iqtisadi cəhətdən çox zəif Ermənistan kimi dövlət də var. Qırğızıstan da Mərkəzi Asiyanın (yeri gəlmişkən, Çinin birbaşa qonşusudur) ən zəif ölkələrindən biridir. Yəni belə bir vəziyyət Çini Aİİ qarşısında (xüsusilə Şanxay Əməkdaşlıq Təşkilatı kontekstində) daha şanslı göstərir.

Nəhayət, müəllif 2017-ci ilin vacib proqnozlarından biri kimi Rusiya-Türkiyə münasibətlərində gözlənilən dəyişikləri göstərir. Bu məsələyə o, Yaxın Şərqdə geosiyasi mənzərənin yeniləşməsi prizmasından nəzər salır. İ.Timofeyev hesab edir ki, 2017-ci ildə Ankara-Moskva əlaqələri ciddi sınaqdan keçəcək. Çox şey Türkiyənin müstəqil regional lider olmaq xəttini nə dərəcədə ardıcıl həyata keçirəcəyindən asılı olacaq. Bütövlükdə Rusiya-Türkiyə əməkdaşlığının qlobal miqyasda "geosiyasi dəyəri" 2017-ci ildə yüksələcək (bax: əvvəlki mənbəyə).

Beləliklə, cari ildə xarici siyasət sahəsində daha çox problemlərin meydana çıxacağı ehtimalı yüksəkdir. Burada əsas geosiyasi faktorlar iyerarxik təsir gücünə malikdir. Onlar yekun halda qlobal geosiyasi prosesləri bu il də riskli və təhlükələrə həssas vəziyyətə sala bilərlər.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/526229.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR