Namiq Ələsgərov: "Qəbələ"yə böyükhesablı məğlubiyyəti unutdurmaq üçün oynayırdıq"

Namiq Ələsgərov: "Qəbələ"yə böyükhesablı məğlubiyyəti unutdurmaq üçün oynayırdıq"
23:57 14 Mart 2017
75 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 mart. REPORT.AZ/ "Bu gün "Neftçi”nin adı üçün, "Qəbələ"yə böyükhesablı məğlubiyyəti unutdurmaqdan ötrü oynayırdıq".
"Report" xəbər verir ki, bunu "Neftçi” komandasının futbolçusu Namiq Ələsgərov Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində "Qəbələ” üzərində 1:0 hesablı qələbədən sonra deyib.
O, jurnalistlərin suallarını cavablandırıb.
- Görüşə çox yaxşı hazırlaşmışdıq, çətin olacağını bilirdik. Şükürlər olsun ki, qələbə qazandıq. Yaxşı mübarizə aparıb, bəhrəsini gördük.
"Neftçi” "Qəbələ”dən istəkli görünürdü. Burada ilk dövrədəki 0:8 hesablı məğlubiyyətin təsiri var idi? Yəni, bunun əvəzini çıxmaqla bağlı nəsə deyilmişdi?
- Bəli, belə bir şey vardı. Bu gün "Neftçi”nin adı üçün oynayırdıq ki, həmin məğlubiyyəti unutduraq.
Qələbə qolunu vurdunuz, düşünülmüş hücum idi...
- Elədir, qoldan öncə də bir neçə dəfə top həmin istiqamətə gəldi. Oyundan əvvəl tapşırılmışdı ki, oranı bağlayım. Epizodun birində vurdum, qol oldu.
Cari mövsümdə ölkə çempionatında motivasiyanız nə olacaq? Hər halda, 4-cü pillədən çox uzaqsınız...
- Çox uzaq deməzdim, 6 xallıq fərq var. Şansımız var. Həmçinin ölkə kubokunda da mübarizəni davam etdiririk.
Əsas diqqət kubokadır?
- Xeyr, çempionatdan əlimizi üzməmişik. Bu gün uduzsaydıq, demək olar şansımız qalmayacaqdı. Ona görə də bu matç bizim üçün həlledici görüşlərdən biri idi.
Bu nəticə sizin sabiq komandanız "Qarabağ”ın çempionluq şansını artırır?
- Mənə aid sual deyil. Əlbəttə, "Qarabağ” 1-ci pilləyə keçdi. Yəqin ki, "Qarabağ” bu şansı əldən qaçırmaz.
Qış fasiləsindən sonra "Neftçi”nin ən yaxşı oyunu olduğunu söyləmək olar?
- "İnter” və "Sumqayıt”a qarşı da yaxşı çıxış etmişdik. Bu da yaxşı oyunlarımızdan biridir.
Yaxşı çıxış etsəniz də stabillik çatışmır...
- Bu, heyətdəki əksər futbolçuların yeni olması ilə əlaqədardır. Qış fasiləsində demək olar komanda təzədən yığılıb. Ona görə stabillik yoxdur.
"Neftçi” növbəti tur "İnter”lə oynayır. Bu qələbənin ardı gələ bilər?
- Əlbəttə, 4-cü yer şansımızı qorumaq üçün qalib gəlməyə çalışacağıq.
Baş məşqçi Elxan Abdullayev "Neftçi”də yerli futbolçularla bağlı problemin olduğunu söyləyib. Bu fikirlə razısınız?
- Məncə, bu sözü başqa mənada deyib. O, zədəli futbolçuların çoxluğunu nəzərdə tutub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/namiq-elesgerov-qebele-ye-boyukhesabli-meglubiyyeti-unutdurmaq-ucun-oynayirdiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR