I Bakı Beynəlxalq Su Həftəsi işə başlayıb

I Bakı Beynəlxalq Su Həftəsi işə başlayıb
10:57 15 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 mart. REPORT.AZ/ Bu gün Bakıda “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başlayıb. 
"Report"un xəbərinə görə, elmi-praktiki konfrans Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illiyi ilə əlaqədar “Azərsu” ASC və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir. 
Konfransda “Şollar su kəməri - dayanıqlı və etibarlı su təchizatı sistemi”, “Qədim tarixi su qurğuları”, “Müasir su təchizatı sistemləri: inkişaf, innovasiya və nailiyyətlər”, “İqlim dəyişikliyi, ətraf mühit və su təhlükəsizliyi” mövzularında sessiyalar təşkil olunacaq.
BMT-nin “Davamlı İnkişaf Məqsədləri-2030” hədəflərindən biri olan “Təmiz su və sanitariya” hədəfini dəstəkləyən Beynəlxalq Su Həftəsi çərçivəsində keçiriləcək tədbirlər qlobal miqyasda əsas çağırışlardan sayılan insanların keyfiyyətli və davamlı olaraq sudan istifadəsinin təmin edilməsi, su çatışmazlığı ilə bağlı təhdidlərin aradan qaldırılması, ətraf mühit və iqlim dəyişiklikləri kimi məsələlərin ətraflı və çoxşaxəli müzakirəsi, çıxış yollarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində Dünya Su Şurası İdarə Heyətinin 61-ci toplantısı, VIII Dünya Su Forumunun Beynəlxalq Aparıcı Komitəsinin IV iclası baş tutacaq, eyni zamanda Şollar-Bakı Su təchizatı Qurğuları Kompleksinin istismara verilməsinin 100 illik yubileyi qeyd olunacaq. Eyni zamanda, 40-a yaxın ölkədən, beynəlxalq təşkilatlardan, işgüzar dairələrdən nümayəndələrin toplantılara qatılması bu tədbirə marağın yüksək olduğunu göstərir.
Yubiley tədbirləri çərçivəsində Şollar-Bakı Su Qurğuları Kompleksi barədə foto və rəsm sərgiləri keçiriləcək, “Azərsu” ASC və Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi "Şollar-Bakı su qurğuları kompleksi - 100 il: əbədi həyat mənbəyi" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanacaq.
Qeyd edək ki, tədbir müddətində xarici qonaqların Şollar su mənbəyinə, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə, Heydər Əliyev Mərkəzinə səfərləri təşkil olunacaq. Həftənin sonuncu günü, martın 18-də Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi ərazisində xarici qonaqların iştirakı ilə ağacəkmə aksiyası keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/i-baki-beynelxalq-su-heftesi-ise-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR