Əhəd Abıyev narazılıq etdi: "Novruz heç yadıma düşmür, maliyyə sıxıntılarımız var"

Əhəd Abıyev narazılıq etdi: "Novruz heç yadıma düşmür, maliyyə sıxıntılarımız var"
11:47 15 Mart 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyev rəhbərlik etdiyi rayonda Novruz bayramı ilə bağlı hər il hazırlanan ənənəvi tədbirlərin bu il zəif təşkil olunmasına münasibət bildirib.

Milli.Az xəbər verir ki, Ə.Abıyev ölkə.az-a açıqlamasında bu sahədə hazırlanan tədbirlər planının zəif təşkil olunduğunu etiraf edib:

"Adətən bu cür tədbirləri icra hakimiyyətinin müvafiq idarə və müəssisələri, müəllimlər və həkimlər təşkil edir. Bütün bu sahələri də bizdən alıb Şəmkirə və digər regionlara veriblər. Mədəniyyət və turizm sahələrini də bizdən alıblar. İmkan vermədilər ki, turizmi inkişaf etdirək. Turizmin inkişafı üçün "Böyük Daşkəsən" adlanan tədbirlər planımız var idi. Hamısını dayandırdılar. Hər il Novruz bayramı ərəfəsində rayonda xalq oyunları, bayrama hazırlıq tədbirləri təşkil olunurdu. Novruz bizim xalqımızın əziz bayramıdır. İnsanlar bu bayramı çox təm-təraqla qeyd edirlər. Hər il Bakıda bayram ərəfəsində atlarla gəzinti təşkil olunur. Ancaq burada yaxşı at da, eşşək də, onları çapan insanlar da var. Daşkəsəndə elə at çapan insanlar var ki, heç Bakıda bu cürünü tapa bilmərsən. Amma bu il bayrama hazırlıq tədbirlərini əvvəlki kimi təşkil edə bilmirik. Çünki maliyyə baxımından həddindən çox sıxıntımız var.

Bizdə 1500 nəfər ixtisara düşən adamlar var. Doğrudur, onlardan bir çoxu gedib Bakıda özünə iş tapıb işləyir. Amma iş tapa bilməyənlər də var. Bəs onlar nə etsin? Düzdür, bütün bunlar müvəqqəti çətinliklərdir. İnşallah, hamısı düzələcək. Bu gün mənə zəng edib, bayramımı təbrik edirlər. Amma inanın ki, bayram heç yadıma düşmür. Getmişdim ön cəbhədə yerləşən hərbi hissəyə, orada xidmət edən qəhrəman əsgərlərə baş çəkdim. Əsgərlər üçün bayram sovqatı aparmışdıq. İnanın ki, əsgərlərimizi görəndə ürəyim dağa döndü, bayram olduğunu hiss etdim. Mənim üçün ən gözəl bayram Vətənimizi qoruyan əsgərlərin yanında olmaqdır". 

Bütün dünyada böyük maliyyə böhranının hökm sürdüyünü vurğulayan Ə.Abıyev qeyd edib ki, Prezident İlham Əliyevin yürütdüyü ağıllı və uzaqgörən siyasət nəticəsində Azərbaycan böhrandan yan keçə bilib:

"Allah cənab prezidentimizi qorusun! Onun sayəsində Azərbaycanda sabitlik və inkişaf mövcuddur. Dünyanın hər yerində münaqişələr, terror aktları baş alıb gedir. Amma Azərbaycanda sabitlik var. Bütün bunları təmin etmək hər bir ölkə başçısının bacaracağı iş deyil. Sağ olsun ki, cənab prezident ağıllı siyasəti ilə bunu təmin edir. Ötən gün də hər kəs gördü. Cənab prezident erməni lobbisinin güclü olduğu Fransada Serj Sərkisyanı görün necə ifşa etdi. Bu, tarixi bir addım idi".

Ə.Abıyev son günlər Hollandiya ilə Türkiyə arasında yaşanan siyasi gərginliyə də toxunub. 

"Türkiyə Avropa Birliyinə üzv olmaq istəyir. Avropa Birliyi ölkələri, o cümlədən Hollandiya qorxur ki, Türkiyə bu təşkilata qəbul olar və bizi sıradan çıxarar. Avropada Türkiyədən çox qorxurlar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/526335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR