Zibilliklərdə eşələnən xalq: ölkənin 70 faizi acdır - FOTOLAR

Zibilliklərdə eşələnən xalq: ölkənin 70 faizi acdır - FOTOLAR
13:33 15 Mart 2017
108 Dünya
Ölkə mətbuatı
A- A+

Venesuela parlamenti ölkədə humanitar böhranın mövcudluğunun tanınması haqqında sənədi bəyənib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sənəd yaranmış vəziyyətdən çıxış üçün təklifləri hazırlayacaq xüsusi komissiyanın yaradılmasını nəzərdə tutur.

Parlamentin spikeri Xulio Borxes böhrana görə ölkə hökumətini ittiham edib. Deputatlar isə məsuliyyəti prezident Nikolas Maduro, ölkənin qida naziri Rodolf Marko Torres və başqa məmurların üzərinə qoyublar. Borxes xatırladıb ki, parlament bundan bir il əvvəl hökumətin diqqətini humanitar sferaya cəlb etməyə çalışırdı.

“Ancaq Nazirlər Kabineti siqnallara qəsdən məhəl qoymadı və xalqı özünə tabe etmək üçün aclığın yaranmasına imkan yaratdı”, - spiker bildirib.

Xulio Borxes qeyd edib ki, hökumət real vəziyyəti gizlətməyə çalışır. Deputatların fikrincə, hakimiyyət xarici ölkələrin təklif etdiyi xüsusi humanitar kanalı açmaqdan imtina edir.

Parlamentinin rəsmi saytında dərc olunan sənəddə bildirilir ki, venesuelalıların 70 faizi aclıqdan əziyyət çəkir.

Bu gün paytaxt Karakasda Qida Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirilib. Aksiyanın bir neçə iştirakçısı binaya yaxınlaşaraq onun əsas girişində zibillə dolu iki kisə qoyublar. Onlar bununla da venesuelalıların bəzən yemək üçün zibilliklərdə eşələnməyə məcbur olduğunu göstərməyə çalışıblar.

Ötən il Venesuela parlamenti ölkədə ərzaq və səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib. 2016-cı ilin may və iyun aylarında Venesuelada ərzaq və dərmanların çatışmazlığı o qədər kəskinləşib ki, ölkənin regionlarında genişmiqyaslı etiraz aksiyalar keçirilib. Ölkə vətəndaşları sərhəddəki maneələri dağıdaraq qonşu Kolumbiyaya yemək və dərmanlar üçün gedirdilər. 2016-cı ilin iyulunda 500 venesuelalı hücumla Kolumbiya sərhədini nəzarətə götürdü.

BMT-nin baş katibi Pan Gi Mun 2016-cı ildə Venesueladaki vəziyyəti humanitar böhran kimi xarakterizə etdi. O, Argentinaya səfər zamanı dedi ki, əsas mallar və xidmətlər, o cümlədən ərzaq, su, dərmanlar və geyim kimi mallar əlçatan deyil. Venesuelanın BMT-dəki səfiri Rafael Ramires bunu təkzib etsə də, Böyük Britaniyanın “Independent” nəşri iddia edirdi ki, ac qalmış insanlar zooparklara girir və nadir heyvanları yemək üçün öldürürdülər.

2016-cı ilin iyulunda Venesuela prezidenti Nikolas Maduro “Suveren və təhlükəsiz təchizat” proqramın reallaşdırılması üzrə iqtisadiyyat nazirinə tapşırıq verib. Prezident təchizat üzrə Dövlət Şurasını yaradıb və ona başçılıq edir.

İyulun sonunda məlum oldu ki, Latın Amerikası Ehtiyat Fondu Karakasa ərzaq və digər gündəlik tələbat mallarının alınması üçün 482 milyon dollar kredit ayırıb.

Venesuelada ağır iqtisadi və maliyyə böhranı ölkənin əsas ixrac məhsulu olan neftin qiymətinin düşməsi ilə əlaqədar son 2 ildə dərinləşib.

Ömər Dağlı




Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191448.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR