Çürümüş dişlər danışığınıza da təsir edir

Karies dişlərin mina qatının zədələnməsi ilə başlayan xəstəlikdir. Başlanğıc mərhələdə simptomsuz keçən bu xəstəlik inkişaf etdikcə pulpit, periodontit kimi ağırlaşmalara gətirib çıxara bilər.

“Karies ilk növbədə, infeksiya mənbəyidir”.

Bunu Metbuat.az-a açıqlamasında stomatoloq Rəna Məmmədova deyib: “Ağız boşluğunda uzun müddət kariesli dişlərin mövcudluğu St.mutans, St.viridans kimi bakteriyaların artımına gətirib çıxarır. Nəticədə, həm ağız boşluğunda infeksiya ocağı mövcud olur, həm də ümumi orqanizmdə ürək-damar, oynaq xəstəliklərinin əmələ gəlməsinə səbəb ola bilir.

Həkim əlavə edib ki, uzun müddət belə infeksiya ocağının mövcudluğu müxtəlif mənşəli allergik xəstəliklərə də gətirib çıxara bilir. Karies dişin özünün zədələnməsi ilə müşahidə olunur ki, bu həm estetik, həm də fizioloji çeynəmə funksiyalarının itirilməsi ilə nəticələnir.

Bunun qarşını almaq üçün dişləri gündə 2 dəfə fırçalamaq, diş saplarından, ağız yaxalayıcılarından istifadə etmək lazımdır. Həmçinin ildə 2 dəfə stamatoloji müayinədən keçmək vacibdir.

Dişlər insanda danışıq alətlərindən biridir və gülüş atributu kimi istifadə edilir.

“Dişlərin səslənmədəki rolu çox böyükdür”.

Bunu Metbuat.az-a açıqlamasında aparıcı, diksiya təlimçisi Cəlalə Nəzəroğlu deyib:“Dişləri tökülmüş, və ya protez dişlər düzəltdirmək üçün dişlərini çəkdirən adamların, ön dişləri tökülmüş uşaqların danışığındakı qüsuru yadınıza salın. Görürsünüz, səs qəribə çıxır, sözləri aydın başa düşmək olmur".

Sait səslər ağızdan maneəsiz şəkildə çıxır. Amma samit səslərin çıxarılışında vəziyyət dəyişir. Burada dişlər xüsusi vəzifə icra edir. Ağızdan gələn hava axınını dişlərin arasından süzülüb keçməsi ilə səslər bir-birindən fərqlənir. Dilin dişlərə hansı formada toxunması səslər arasında ciddi fərq yaradır. Bəziləri “Ç” və “C” səslərini normal deyə bilmir, eşidənləri qıcıqlandırır. “Ç” və “C” səsləri yan diş samitləridir. Bu samitlər çıxarılarkən dilin yanları üst dişlərin daxili qismlərinə və damağa dəyməlidir. Dil çənəyə paralel və dilin ucu alt diş ətinə doğru mövqe almalıdır. Qüsurlu tələffüzdə “Ç” və “C” deyərkən dişlər azacıq aralı qalır, dilin ucu dişlərə toxunub geri çəkilir. Bu zaman itələnən hava axını aralı dişlərdən sızılıb xaric olunur, nəticədə, həmin qıcıqlandırıcı səs yaranır. “V” və “F” diş-dodaq samitləridir. Üst dişlər alt dodağa dəyərkən meydana gəlir, sürtünmədən yaranır. Tək fərq “V” deyərkən dişlərin alt dodağın üstünə, “F” deyərkən nisbətən daxilinə toxunmasıdır. Qabaq dişləri qısa və ya nisbətən uzun olan (bəziləri estetik olduğunu düşünərək qabaq dişləri uzatdırır) insanların tələffüzündə ciddi qüsurlar yaranır.

Cəlalə Nəzəroğlu əlavə edib ki, dişlərin daim sağlam, təmiz və ağ olması, ağızda pis qoxunun olmaması sosial həyat üçün çox vacibdir. Dişlərində və ağız qoxusunda problem olan insanlar adətən danışmaqdan çəkinirlər və ya əllərini ağızlarına tuturlar. Bu da sosial həyatı, münasibətləri çox ciddi şəkildə zədələyən faktorlardan biridir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR