Bakı Şopinq Festivalına xarici ölkələrdən böyük maraq

Bakı Şopinq Festivalına xarici ölkələrdən böyük maraq
12:38 16 Mart 2017
122 Ölkə
Ölkə mətbuatı
A- A+

Ölkəmizdə sahibkarlığın inkişafına, eləcə də Azərbaycanın turizm gəlirlərinin artmasına xidmət edəcək Bakı Şopinq Festivalına indidən bir çox qonşu ölkələrdə maraq yaranıb.

Publika.az xəbər verir ki, xüsusilə Rusiya, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Oman, Bəhreyn, İran, Türkiyə, Gürcüstan və digər ölkələrdən ölkəmizə turist və müştəri axını olacağı gözlənilir.

Festivalın təşkili Azərbyacan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilib. Büro festivalın yüksək səviyyədə və səmərəli təşkili üçün öz peşəkar mütəxəssisləri və işçi heyəti ilə hətta bayram və istirahət günlərində də gərgin iş rejimində çalışır.

Festivala hazırlıq çərçivəsində artıq bir sıra mühüm işlər görülüb. Festivalın rəsmi internet saytı olan www.bakushopfest.com Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində fəaliyyətə başlayıb. Saytda festival iştirakçılarının qeydiyyatı, onları maraqlandıran informasiyalar, turist və alıcılarda yarana biləcək bütün sualların cavabları, ümumiyyətlə, Bakı Şopinq Festivalı ilə bağlı bütün məlumatlar əks olunub.

ƏDV-nin qaytarılması qaydaları Bakı Şopinq Festivalı zamanı festivalın iştirakçısı olan ticarət nöqtələrində (iştirakçı-sahibkar) tətbiq ediləcək. Xarici turistlər, eyni zamanda Azərbaycan vətəndaşları ƏDV qaytarılması kampaniyasından yalnız Azərbaycan Respublikası Vergilər Nazirliyində və ya Bakı Şopinq Festivalının vebsaytında qeydiyyatdan keçmiş iştirakçı-sahibkarların xidmətindən istifadə etdikləri və onlardan mal aldıqları zaman yararlana biləcəklər. Festivalın daha maraqlı və cəlbedici olması üçün festival dövründə müxtəlif lotereya oyunları, bonus kartlarının tətbiqi, suvenir və hədiyyə mağazalarının fəaliyyətinin təşkili planlaşdırılır. Ticarət mərkəzlərində, Fəvvarələr meydanında və Dənizkənarı Milli Parkda gündəlik əyləncə tədbirləri keçiriləcək. Bu tədbirlər zamanı DJ-lərin və animatorların çıxışları, konsert proqramları, fləşmoblar, maskotların paradı, rəqslər, akrobatların nümayişi, kinofestivallar təşkil ediləcək.

Festival dövründə paytaxtın mərkəzi küçələrində, mehmanxanalarda və şəhərin ticarət mərkəzlərində informasiya köşkləri qurulacaq. Turistlərin və Azərbaycan əhalisinin, tərəfdaşların, sponsorların, ticarət nöqtələrinin, alıcıların və festivalın digər iştirakçılarının xidmətinə Çağrı Mərkəzi(Call Center) də istifadəyə veriləcək. Azərbaycan, rus, ingilis və fars dillərində informasiya verəcək Çağrı Mərkəzi hər gün saat 08:00-dan 00:30-dək fəaliyyət göstərəcək.

Sahibkarlar festivalın rəsmi internet saytında qeydiyyatdan keçərək, iştirakçı statusu almaqla öz məhsullarını festival zamanı paytaxtımıza gələcək minlərlə turistə və yerli əhaliyə təqdim etmək imkanı qazana bilərlər.

Azərbaycan Konqreslər Bürosu hər bir Azərbaycan vətəndaşını və xarici turistləri festivalın təqdim edəcəyi imkanlardan yararlanmaq üçün Bakı Şopinq Festivalına dəvət edir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/191575.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR