Məşhur insanlar niyə intihar edir?

Son vaxtlar ölkəmizdə intihar edənlərin sayı çoxalıb. Təəssüflər olsun ki, intihar edənlər arasında cəmiyyətda tanınmış insanlar da var.

İnsanları intihara gətirib çıxaran amillər hansılardır? Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Metbuat.az-a maraqlı açıqlama verib:

“İntihar edən şəxsin intellektual səviyyəsi, tanınıb-tanınmaması heç bir rol oynamır, bu, insan faktorudur. Psixoloji vəziyyətlə bağlı məsələdir, hər bir şəxs bu vəziyyətə düşə bilər”.

Adil Qeybulla intihar hallarının baş vermə səbəblərindən danışıb. O qeyd edib ki, ciddi sosial-iqtisadi problemlər, ailə qayğıları və insanlar arasında ünsiyyət meylinin azalması, cəmiyyətdə sosiallığın aşağı düşməsi intiharların baş verməsində ciddi rol oynayır. Sosial müdafiənin olmadığı, insanın tənhalaşdığı, kömək imkanlarının məhdudlaşdığı yerdə isə ümidsizlik yaranır. Bəzi adamlar ümidsizliyə dözmür, bundan çıxış yolunu həyatlarına qəsd etməkdə görür. Təbii ki, psixi durumda olan müxtəlif dəyişikliklər də intihara gətirib çıxara bilər.

Məsələ ilə bağlı psixoloq Elnur Rüstəmov bildirib ki, intihar edənlərin bir qismində onların birinci intihar cəhdi olmur. Növbəti cəhddə artıq intihar başa çatır. İntihar etmək istəyənlər “həyatdan bezmişəm”, “yaşamaq istəmirəm”, “hər şey mənasızdır” kimi mesajlar verir:

"Ətrafınızda kimdəsə belə bir hal müşahidə etmisinizsə, problemin həlli istiqamətində dəstək almaqlarına yardım edin".

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR