Qalib jurnalistlər mükafatlandırıldı

Qalib jurnalistlər mükafatlandırıldı
19:03 16 Mart 2017
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, deputatlar, dövlət rəsmiləri, baş redaktorlar, qalib jurnalistlər və digərlər şəxslər iştirak ediblər.

Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli Fondun ənənəvi olaraq bu cür tədbirlər həyata keçirərək, media nümayəndələrinə öz dəstəyini verdiyini bildirib:

“Bu müsabiqə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 15 istiqamət üzrə keçirilib. Müsabiqəyə 71 kütləvi informasiya vasitəsindən 158 yazı təqdim olunub. Hər istiqamət üzrə 6 yazı müəllifi qalib elan edilib. Ümumilikdə 90 nəfər jurnalist mükafatlandırılıb. Bunun özü də bir növ mətbuata dəstəkdir. Bundan sonra da müxtəlif qurumlarla, rayon icra hakimiyyətləri ilə müsabiqələrimiz davam etdiriləcək”.

Daha sonra çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev xalqımızı Novruz bayramı münasibətilə təbrik edib.

PA rəsmisi jurnalistlərə dəstək məqsədilə həyata keçirilən bu cür yazı müsabiqələrinin əhəmiyyətindən və ölkə jurnalistikasının inkişafından danışıb.

“Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinə dövlət dəstəyinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu dəstək Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan mediası dövlətimizin qayğısını qiymətləndirir”.

V.Əliyev müsabiqənin qaliblərini təbrik edib.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov isə Azərbaycanda azad söz və fikir azadlığının mövcudluğunu, medianın inkişafının hər zaman dövlətin diqqət mərkəzində olduğunu söyləyib:

“Azərbaycanda söz və mətbuat azadlığı yüksək səviyyədədir. Bu ənənə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün isə möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Fəttah Heydərov qalibləri təbrik edərək, bütün media nümayəndələrinə uğurlar arzu edib.

Sonra yazı müsabiqəsində qalib gəlmiş jurnalistlər mükafatlandırılıblar.

Tədbir bədii hissə ilə davam etdirilib.

Xatırladaq ki, müsabiqənin şərtlərinə uyğun olaraq 15 istiqamətin hər biri üzrə 6 yazı müəllifi qalib elan edilib, ümumilikdə, 90 nəfər jurnalist mükafatlandırılıb.

Müsabiqənin şərtlərinə əsasən, hər istiqamət üzrə I yerin qaliblərinə 500 manat pul mükafatı və Fondun diplomu, II yerin qaliblərinə 400 manat, III yerin qaliblərinə isə 300 manat pul mükafatı verilib.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/191644.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR