​Xanəmir Telmanoğlu: "Mövlud öz həqiqətini ölümlə həll etdi"

Ey dili qafiul fil faili məchul fani f...

Gün gələr, şah da özünü sarayından üzüaşağı atar....

Dünən eşitdiyim qəfil o məhşum xəbər şillə olub içimdən üzümə açıldı. Diksindim, dik atıladım. “Mövlud Mövlud özünü 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən ataraq intihar edib”.

Hələ sonralar yazacaqlar: Mövlud suya atılan kimi, bu şəhərin ən hündür qayalıqlarının, bağışlayın, binalarının birindən ölümə atıldı. Yazacaqlar belə cümlələr, inan, yazacaqlar. Inanın, bu yazını yazmağa məni vadar edən... nə .. isə.. demiyəcəm..

Nəyisə xatrılamaq, yada salmaq vaxtı deyil. Ölkənin ən gənc yazıçısı intihar edib. O nə maşın qəzasında, nə gəmidə dalğaların ağzında, nə bıçaqlanaraq, həb içərək, damarını kəsərək, yerində yataraq, ipdə asılaraq, suya tullanaraq dünyasını dəyişib, nə də qocalaraq ölüb. Nədənsə, yazarların intihar etməsində onlara sıxılan gerçək düşmənin gülləsini görürəm. Gerçək düşmən nə erməni, nə rus, nə burjuaziya zehniyyəti, də də ingilis xəyanəti, faşist qəsbkarlığıdır. O gerçək düşmən və düşmən gülləsi zaman-zaman söz əhlinə qarşı (cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq) çoxluğun, toplumun zinakar əndazəsiz zehniyyətidir. Çoxluğun bu zinakar əndazəsiz zehniyyəti gizli-açıq şəkildə söz adamalrını həmişə kabusa, ölümə, yoxluğa təhrik edir, onu qarabaqara izləməyə başlayır. Çoxluğun yazarlara qarşı tərkibində heç bir cinayət izi tapılmayan qəddar və qatillik həvəskarı olma özəlliyi 1 ilin, 5 ilin sözü-söhbəti, faktı deyil. Yaşanmış və atıla bilinməmiş bütün olumsuz olaylar, hadisələr, macəralar, serüvənlər, qarşıdurmalar həmişə gəlib- gəlib yazarların qələminin ucunda burulğana düşəndə, özünə yer tapmıyanda, onun canını daha münasib bilir, daha isti yuva zənn edir.

O, martın 16 da 17-ci mərtəbədən atılaraq dünyasını dəyişib. Mövlud bu atılmağıyla hamımıza tərs bir şillə çəkib getdi. Umaram ki, bu şillə dərin yuxuya dalmış ədəbiyyatımızın ayıları üçün daha etgili olacaq.

Hiss edirəm ki, onun bu şəkildə dünyasını dəyişməsinin bir dəyəri var. Nədir axı onunla bağlı razılaşmadığım, qəbul etmədiyim məqam? Bəlkə bu qədər gənc, hələ yolun başında olması məni ona qarşı, onun ölümünü qəbul etməmə yanğısına sürükləyir.

Biz çağdaş ədədbiyyatın nümayəndələri əzbər üzərində, əzbərə döşəmələr üzərində mürgü döyən həşəratlarıq. Olsun ki, bu gəncəcik fidanın gözümüzün önündə 17 –ci mərtəbədən özünü atıb öldürməsini də əzbərçi şüur və varlığımıza gömüb bir azdan onu, onunla birgə bu faciəni də unudacağıq. Ancaq unutmamamq lazımdır ki, onun atıldığı və düşüdüyü yer bizidən ibarət, bizdən oluşmuş bir məkandır. Bu ölkədə içi Mövlud qarışıq özünə qəsd edən nə qədər Allah bəndəsi varsa, onların hamısı ölümlərini tezləşdirmə yönümündə kimlikləri ilə bizim üzərimzidə qalırlar. Çünki onların düşüdüyü yerdə biz varıq, bizim canlı cəsədlərimizdir. Bu yurdun hər qarışı bizimlə, qələm adamalrıyla minalanmış kimidir. Yaxut da tabiri -caizsə, bu ölkənin hər qarışı həm də bizimlə, qələm adamlarıyla döşənmişdir. Elə deyilsə, min il bundan öncədən heç bir eyş-işrətlər, kimsələr, kimsələrinsə zənginliyi, şərəfsizliyi qalmadığı halda, Nizami, Füzuli, Dədə Qorqud, Alper Tonqa, Oğuz Kağan, Nəsimi qalır və qaldı. Bax, onlar bu ölkənin döşəmələri olduğundan bu gün də o qəribanları sevgiylə, eşqlə, həyəcanla anmaq, həm də başqa çıxış yolumuzun qalmamasından irəli gəlir.

Onun haqqında hələ çox yazılacaq. Çünki bu yazıları haqq etmiş birisi olaraq, hər türlü gözəl sözlərdən çıxaracağımız mənaya haqqının çatdığını düşünürəm.

Əcdadlarımız bu dünyada hər hansı bir yaşında ölən birisinin yenə də yarımçıq yaşamasına iman gətirib, onun o dünyada da ömrünün davam etməsi, orda da ömür-gün, lap belə məqam baxımından böyüməsi naminə dəridən - qabıqdan çıxıb dünyanın ən gözəl sözlərinin ən ağılalmaz mənalarını ona bağışlayılb Fanilik yolçusunu tək qoymamaq uğrunda hər türlü çaba göstərirdilər. Mövlüd isə ölmədi, daha doğrusu özü özünü öldürdü. O ölmədi, özünü öldürdü. Mövlüd özü öz mələyi oldu həmdə. Ölüm üçün seçiləcək adamı başqası deyil, özünü seçməyi bir ayrı özəlliksə, o ölümə layiq bildiyi qurbanının mələyi, ölüm mələyi də özü oldu. Ölüm mələyi olan hz. Əzrayıl Mövludun canına Mövluddan sonra gəlib çatdı. Öz ölümünün iştrakçısına çevrilmək, inanmıram ki, ölüm mələyini çaşdırmasın.

Məmləkətin fəsilləri yazarları, şairləri üstə dəyişər, illəri şair-yazarları üzərindən təhfil-təslim olunar. Təəssüf ki, bunu aradan əsrlər keçəndən sonra anlamaq və net olaraq görmək mümükün. Nədən bu ölkənin az sayda yazı-pozu əhlinə sahib çıxa bilmirik?

Budurmu yüksək mədəniyyət, şəxsiyyət, siyasət və ədalət. Niyə 1000 il əvvəldən, 100 il öncədən söhbət açdığınızda yalnız gedib Nəsimidən, Axundovdan, Caviddən yapışırsınız. Onları da sürüm - sürüm süründürən elə sizlərin dədə- babalarınız olmayıbmı? İnanın, sizin dar məqamda istinad etdityiniz, üzünüzü orda - burda ağardan bu kişilərin hər biri bu gün yaşamış olsaydı, onların başına min bir oyun açacaq yenə sizlər olacaqdınız. Yaxşı ki, bizim zəmanənin gülləsinə, soyuq bıçaqlarına və xəyanətlərinə tuş gəlmədilər onlar. Ancaq yaxanızı kənara çəkə bilməzsiniz. Bu yurdda bu gün özünü atan, özünü öldürən, zəlzələdən ya vəlvələdən, dəhşətli facilər içində canını tapşıran hər qələm sahib(lər)i adını çəkib istinad etdiyiniz o nəhəng kişilərin nəhəng varisləridir.

Əsrlərdir bu xalq, yazarlarının, şairlərinin belinə minib ondan eşşək kimi istifadə edir. Bütün yükünü bu “eşşəyin” belində daşıyır. Gedəcəyi yerə onun belində gedir. Fərqində deyilsiniz, eləmi? Amma yeri gələndə onu lağa qoymağa, onu aclığa, işsizliyə, səfalətə itib sürükləməkdən də geri qalmır, əksinə bu əskiklikdən də həzz alırsınız. Bu xalq bircə an yazar-şair belindən yerə düşsə, dalı çöldə qalar. Bütün dünya ona dönüb elə gülər ki, dəymişi durmuşkən kalı tökülər.

Bütün qazandıqlarınızı, əldə etdiklərinizi, səadətinizi, xöşbəxtliynizi də yazar-şair belində əldə edirsiniz. Heç olmasa, bu mindiyinizin qədr-qiymətini bilin də.

Mən gənc yazar Mövlud Mövludun ölümüdə xəyanət izləri görürürəm. O bu xəyanətə dözməyib üzümüzə sərt sillə çəkərək çıxıb getdi. Onun bu ölümü, bizim üzərimizə ağzını lomba tüpürcəklə doldurub tüpürməyə də daha çox oxşayırdı. O bizi tərk etmədi, atmadı, o bizi haqq olan, haqqın təcəlla elədiyi meydana dəvət etdi. Onun üçün də qabağa özü düşüb getdi ki, gəlin, orda hamınızla bir-bir hesablaşacağam. Sadəcə bizlər, Mövludun şəxsəində gerçəklərdən qorxan yarasalr, böcəklərik. Bizlər evimizə dimdiyimizdə, burnumiuzin ucunda gecə- gündüz yem daşıyan qara böcəklər olaraq gecələr parlayan fosforlu gözlərimizn işartısına aldınıb özümüzü başqa bir şey zənn edirik. Oysa, bizlər, biz yazarlar bu cəmiyyətin fonunda Mövluddan qorxan, onu həqiqəti, anladıqları, dərk elədikləri önündə o qədər cılız cəhahələt əhliyik ki? O, öz həqiqətini ölümlə həll etdi. Düşünən olar ki, əvvəl-axır zamanı gələndə biz də ölkəcəyik də. Xeyir, zamanı gələndə gələn ölüm ölüm deyil, ölüm olmur. Gəbərmək olur. Ölümün nümunəsini Mövlud Mövlud göstərə bildi. O da ədəbiyyatda olan yeni üslub, yeni nəfəs nə isə, sənətdə orjinalılıq, avanqardçılıq nə deməksə, yaşayan üçün də ölümün bu şəkildə tərcihi gerçək üslublu, gerçək intonasiyalı ölümdür.

Kim olursanız olun, sizlərin hər biriniz bu ölkədə yazarların, şairlərin, düşüncə adamlarının çörəyini yeirirsiniz. Onların belə işsiz, ac-susuz, səfil-sərgərdan olmalarına, dolaşmalarına baxmayın, onlar dünya-aləmləri Allahın bütün nemətləriylə, azuqəsiylə donatıb, doyuzdurmaq iqtidarında olan bir sinifdirlər. Sizin hər gün göndənlərinizi doldurduğunuz o çörəklər, onların üzüsuyu hörmətinə sizlərin ünvanına yetişir. Onlar xalqa çörək verəndir. Bu ölkənin yazarı, fikir-düşüncə adamları olmasa, ac-susuz qalar, dilənçilik edərsiniz. Sizlərin özünüzü ifadə elədiyiniz diliniz də, kimlərəsə nümayiş etdirdiyiniz mədəniyyət də bu xalqın yazar-şair sinifinin birmənalı halal- hümmət məhsuludur.

Onlar eynən iynədir. Tikər, ancaq lüt-üryan gəzərlər.

Xanəmir Telmanoğlu

17.03.2017.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR