İntihar

Son qərarını vermişdi: bu gün onunçun axırıncı gün olmalı idi. On yeddi yaşında ata - anasını altı ayın içindəcə itirmiş, həyatla mübarizəyə tək - tənha atılmalı olmuşdu. İşsizlik və borclar həyatı daha da dözülməz vəziyyətə gətirdiyi anda kirayə yaşadığı evdən də çıxarılmışdı. Kimsəsiz qaldığı bu dünyada indi sığınmağa bir evi, ocağı da yox idi. Boş yerə yaşamağın nə mənası vardı ki?! İnsan sayını artırmaqdan başqa nə işə yarayırdı bu dünyada?!

Bu düşüncələrlə addımlayırdı özünü atmaq üçün seçdiyi çoxmərtəbəli binaya sarı. Qərarında nə qədər qəti olsa da, ayaqları hər an sözündən çıxmağa hazırmış kimi ağır - ağır sürünürdü ardınca. Binaya çatmağa az qalmış ayaq saxladı. Başını qaldırıb binaya baxdı. Hündür, yaraşıqlı bina uzaqdan göz oxşayırdı. Bir anlıq o binada yaşayan insanları düşündü. Şəhərdə evlərin nə qədər baha olduğunu yaxşı bilirdi, xüsusən bu cür yeni binalarda mənzillərin qiyməti od tutub yanırdı. O binadan nəinki ev almaq, heç kirayə qalmaq da mümkün deyildi. Onun kimilərə bu cür binalar yalnız ölmək üçün vasitə ola bilərdi...

Üstündə dayandığı asfalta göz yetirdi. Birdən birə tozlu-torpaqlı asfalt gözündə dəyişdi, gözəlləşdi, par-par yanmağa başladı. Elə bil bu asfalt yer bir az sonra onun cansız bədənini bir əjdaha kimi udmağa hazırlaşırdı...

...Binanın damından baxır uşaqlığını keçirtdiyi şəhərə. Asta addımlarla yaxınlaşır onu ölümdən ayıran son nöqtəyə. Axırıncı dəfə yerə gözucu nəzər salır. Uşaq vaxtı rəhmətlik nənəsindən eşitmişdi ki, Allah göydədir. Onu göydə görən olmasa da, həmişə dua edəndə əllərini göyə açardı. Bunu da nənəsindən öyrənmişdi. Allahın varlığına və onun elə göydə də olduğuna o qədər inanmışdı ki, heç vaxt bu fikrə şübhə ilə yanaşmağı ağlına belə gətirməmişdi. Ancaq məhz indi, bu dəqiqə ürəyində üsyan baş qaldırır. Heç olmasa ömrünün son dəqiqəsində dünyaya göz açandan bu günə qədər ömrünə əzab-əziyyətdən başqa heç nə yazmayan Allahı tapmaq ümidi ilə göyə boylanır. Ancaq günəşin iti şüası gözlərini qamaşdırır. Tez gözünü çəkməyə məcbur olur. Beləcə son ümidi də günəşin şüası altında yanıb külə dönür. Nəhayət, bütün dünyanı içinə çəkmək istəyirmiş kimi nəfəs alıb boşluğa doğru son addımını atır...

- Əmi...

Zəif bir səs onu binanın başından asfaltın üzərinə qaytardı. Təəccüblə qarşısındakı binaya, ayağının altındakı yerə və özünə baxdı. Sağ olduğuna inanmırmış kimi hələ əliylə üst-başını da yoxladı... Yox, hələ ölməyibmiş, sağdır... Onu xəyaldan ayıran səsi yenidən eşitdi:

-Əmiiii...

Ətrafına baxdı, heç kimi görmədi. Bir də aşağı baxıb boyu dizinə güclə çatan yeddi-səkkiz yaşlarında arıq, cılız oğlan uşağını gördü. Uşaq əlindəki salfeti ürkək - ürkək uzatmışdı:

-Əmi, nolar bir salfet al daa, iyirmi qəpikdi.

Uşağa diqqətlə nəzər saldı. Görkəmindən çox utancaq uşağa oxşayırdı. Gündə dəfələrlə metroda, yolda qarşısına çıxan qaraçı uşaqlarının heç birindən olmadığı bəlli idi.

- Neçəyə satırsan?

Ümidsizcə salfet təklif etdiyi adamın onunla maraqlanması uşağın solğun çöhrəsini işıqlandırdı sanki. Gözlərində qığılcımlar oynaşmağa başladı. Tələsik cavab verdi:

- İyirmi qəpiyədir.

- Sənin atan, anan yoxdu? Niyə bu işlə məşğulsan?

Bu adamın söhbəti uzatdığını görüb salfet almaq fikrindən döndüyünü düşünən uşağın gözlərindəki qığılcımlar bir anın içindəcə söndü. Yerində qara, dibsiz bir quyu əmələ gəldi sanki. Ancaq yenə də cavab verdi:

- Atam yoxdu, ölüb. Anam da ki xəstədi, yeriyə bilmir. Mənə bir dostum kömək eliyir, salfet alıb satıram.

Uşağın danışdıqca nə qədər utandığını, əziyyət çəkdiyini görüb söhbəti uzatmaq istəmədi. Əlini cibinə atıb iyirmi qəpik çıxartdı:

- Yaxşı, birini ver görüm.

Uşaq sevincək əlindəki torbanın ağzını açıb bir salfet çıxartdı. Həvəslə müştərisinə uzadıb dilləndi:

- Çox sağol, əmi, Allah əvəzini versin.

Uşaqdan salfeti alıb yenidən binaya doğru addımladı. Əlindəki salfetə baxıb ölümə gedərkən bunu neyləyəcəyini düşündü. Ağlına gələn fikirdən özünü də gülmək tutdu...

Ağır addımlarla binanın damına çıxdı. Bayaq xəyalında canlandırdığı səhnəni indi ikinci dəfə yaşayırmış kimi gəldi ona. Yenə də yaxınlaşdı son nöqtəyə. Yenə də nəzər saldı uşaqlığının şəhərinə. Və ağlına nə gəldisə əlini cibinə atdı. Cibində bayaq uşaqdan aldığı salfet və iki manat pul var idi...

Tələsik addımlarla binadan həyətə çıxdı. Həmin uşağı elə bayaqkı yerində görüb sevindi. Uşağa yaxınlaşıb əlində bərk-bərk tutduğu manatı uzatdı:

- Beş dənə də salfet ver mənə...

ŞAHANƏ MÜŞFİQ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR