"Valyuta ehtiyatımız xarici borcumuzdan 5 dəfə artıqdır" - Prezident

"Valyuta ehtiyatımız xarici borcumuzdan 5 dəfə artıqdır" - Prezident
14:59 18 Mart 2017
148 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda bu il böyük olmasa da, iqtisadi artım müşahidə edilir.

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, prezident İlham Əliyev deyib ki, ölkənin İqtisadi vəziyyəti yaxşılaşır və həyata keçirilən dərin iqtisadi islahatlar öz bəhrəsini verir: “  Keçən il iqtisadi sabitləşmə, dərin iqtisadi islahatlar ili idi. Bu islahatlar öz bəhrəsini verməyə başlayıb. Bu il isə artıq inkişaf ilidir. İlin iki ayının göstəriciləri bunu təsdiqləyir. Böyük olmasa da, iqtisadi artım var. Ümumi daxili məhsul 0,4 faiz artıb. Qeyri-neft sənayemiz isə 5 faiz, kənd təsərrüfatı 3 faizdən çox artıb. Yəni, bu, iqtisadi inkişafımızın əsas göstəriciləridir. Neft-qaz ixrac edən bir çox başqa ölkələrdən fərqli olaraq, keçən il biz öz valyuta ehtiyatlarımızı qoruya bilmişik, xərcləməmişik. Halbuki, xərcləyə bilərdik. Ancaq biz ölkəmizin uzunmüddətli maraqları haqqında düşünürük. Biz hər il valyuta ehtiyatlarımızı artırmalıyıq. Buna nail oluruq. Bu gün bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfədən çox artıqdır. Bəlkə də dünya miqyasında çox az ölkə tapılar ki, bu göstərici bu səviyyədə olsun”.

 

Dövlət başçısı çıxışında bu il iqtisadi inkişafın davam etdiriləcəyinə ümidvar olduğunu deyib: “ Çox böyük planlarımız var. İnvestisiya proqramı real sektorun inkişafına xidmət göstərəcək. Bu il kənd təsərrüfatında il ərzində 150 min hektardan çox torpağa su veriləcək. Bu, 100 minlərlə iş yerinin yaradılması deməkdir. Bu, kənd təsərrüfatının və ixracın artırılması deməkdir. Biz ilin iki ayında ancaq dövlət sektorunda 40 mindən çox yeni iş yeri yaratmışıq. Nəyə görə? Ona görə ki, işsizlik artmasın. Çünki keçən il dövlət investisiyaları azalmışdı, xüsusilə tikinti sektorunda. Bəzi vətəndaşlar işlərini itiriblər. . Bank sektorunda da problemlər yaşandı. Bəzi banklar bağlandı, vətəndaşlar işlərini itirdilər. Ona görə, mən biznes qurumlarına da çağırış etdim ki, hər bir şirkət heç olmasa bir-iki nəfəri işə götürsün. Bəlkə bu, onlara o qədər də lazım deyil, ancaq biznes də sosial məsuliyyətini dərk etməlidir. Bizim dövlət şirkətlərimiz və yerli icra orqanları üçün xüsusi büdcə ayrılıb. İndi 40 mindən çox insan ictimai işlərə və digər təmir-tikinti işlərinə cəlb edilib. Ona görə, əminəm ki, bu il Azərbaycan öz iqtisadi inkişafını davam etdirəcək”.

 

İlham Əliyev qeyd edib ki, sosial sahədə də böyük planlar gerçəkləşdiriləcək: “ Bu il ənənəvi olaraq beş milyon insan pulsuz diaqnostikadan, müayinədən keçir. Hesab edirəm ki, bu da dünya miqyasında nadir təşəbbüsdür. Artıq bunu etmək üçün hər cür imkan var. Hər bir rayonda müasir tibb müəssisələri yaradılıb. Son illər ərzində 600-dən çox tibb ocağı təmir olunub və tikilib”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270191

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR