Stolüstü Tennis Federasiyasının İdman Kompleksi fəaliyyətə başladı - FOTO

Stolüstü Tennis Federasiyasının İdman Kompleksi fəaliyyətə başladı - FOTO
21:52 18 Mart 2017
137 İdman
Ölkə mətbuatı
A- A+

Sumqayıt şəhərində dənizkənarı bulvar ərazisində Azərbaycan Stolüstü Tennis Federasiyasının İdman Kompleksi fəaliyyətə başlayıb. Martın 18-də idman kompleksinə baxış keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  tədbirdə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti, iqtisadiyyat naziri Şahin Mustafayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov iştirak ediblər.

Müasir idman kompleksi yüksək səviyyəli idmançıların, milli yığma komanda üzvlərinin hazırlanması, müxtəlif yaş qrupları arasında respublika və beynəlxalq səviyyəli təlim-məşq toplantılarının və yarışlarının yüksək səviyyədə keçirilməsi üçün nəzərdə tutulub. Ümumi sahəsi 6 min kvadratmetr olan kompleksə ixtisaslaşdırılmış stolüstü tennis zalı, 2 müasir süni örtülü mini futbol meydançası və inzibati bina daxildir. Binada 6 soyunub-geyinmə otağı, 4 yuyunma otağı, istirahət otaqları və kafe var.

Stolüstü tennis zalında hər biri 2 saat olmaqla, 4 məşq keçirilə bilər. Məşq prosesi üçün zalda 25-ə qədər tennis stolu yerləşdirmək mümkündür ki, bu da bir məşqçiyə 50 yeniyetmə idmançı ilə məşq etmək imkanı yaradır. Ümumilikdə gün ərzində 200-dən çox tennisçi kompleksdən istifadə edə bilər. Bununla yanaşı, müasir standartlara cavab verən 2 mini futbol meydançası idmançıların istifadəsinə verilib.

Qeyd edək ki, Azərbaycanın stolüstü tennis üzrə yığma komandası hər il Avropa və dünya çempionatlarında, beynəlxalq turnirlərdə müvəffəqiyyətlə çıxış edir, ölkəmizə qızıl, gümüş və bürünc medallar gətirirlər. İdmançılarımız 2015-ci ildə beynəlxalq turnirlərdə 3 qızıl, 2 gümüş və 3 bürünc medal, 2016-cı ildə beynəlxalq yarış və çempionatlarda 2 gümüş və 3 bürünc medal, 2017-ci ilin fevral ayında beynəlxalq yarış və çempionatlarda isə 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıblar. Azərbaycanda stolüstü tennisin inkişafı istiqamətində görülən işlər nəticəsində dünya üzrə komanda reytinqində qadınlardan ibarət komandamız 2017-ci ildə 39 pillə irəliləyərək 43-cü, yeniyetmə qızlardan ibarət komandamız 56 pillə irəliləyərək 14-cü yerə yüksəlib. Oğlanlardan ibarət komandamız 64-cü (26 pillə irəliləyib), yeniyetmə oğlanlardan ibarət komandamız isə 13-cü (75 pillə irəliləyib) yerdə qərarlaşıb.

İstifadəyə verilən Stolüstü Tennis Federasiyasının İdman Kompleksi stolüstü tennisin kütləviliyinin, uşaq və gənclərin idmana marağının artırılmasında, asudə vaxtın səmərəli təşkilində və sağlamlığın daha da möhkəmlənməsində və ümumilikdə, idmanın inkişafında əhəmiyyətli rol oynayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində









Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/527598.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR